Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-47/2025 15.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “20” noyabr 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 01 sentyabr 2015-ci il təvəllüdlü X2 və 18 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin Cavabdeh alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mən Cavabdeh ilə 20 sentyabr 2021-ci il tarixdə Naxçıvan şəhər Babək rayon qeydiyyat şöbəsində 238 nömrə ilə rəsmi olaraq nikaha daxil olmuşam. Birgə nikahımızdan iki övladımız - 01 sentyabr 2015-ci il təvəllüdlü X4 və 18 fevral 2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdirlər. Ailə qurduğumuz ilk vaxtlarda münasibətimiz yaxşı olsa da, lakin sonradan ailə münasibətimiz pozulmağa başlamışdır. Artıq bir müddətdir ki, cavabdehlə ayrı yaşayırıq. Hazırda mən övladlarımla birlikdə ailəmin himayəsində yaşayıram. Özüm heç yerdə işləmirəm, əlavə gəlir yerim yoxdur. Ayxan orta məktəbdə oxuyur, hazırlıqlara gedir, məktəb ləvazimatlarına tələb olunan maddi tələbatını ödəməkdə çətinlik çəkirəm. Övladlarım böyüdükcə onların təlabatları da artır. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir, heç bir maddi köməklik göstərmir, övladları ilə maraqlanmır. Qeyd edim ki, cavabdeh təsərrüfat ilə məşğuldur. Aylıq qazancı 1000 manatdan çoxdur. Ona görə də 01 sentyabr 2015-ci il təvəllüdlü X2 və 18 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin Cavabdeh tutularaq mənə ödənilməsini istəyirəm. Qeyd edim ki, cavabdehin qeydiyyat yeri barədə arayış əldə edə bilməmişəm. Məhkəmədən xahiş edirəm bu barədə mənə köməklik göstərəsiniz. Alimentin tələbi ilə bağlı məhkəmədən kənar həlli məqsədilə Mediasiya xidmətinə müraciət olunmuş, lakin məsələ həll olunmamış, müvafiq arayış alınaraq iddia ərizəsinə əlavə edilmişdir. Məsələnin həll yolu tapılmadığından məhkəməyə müraciət etməli oluram. İddiaçı xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında verdiyi izahatında cavabdehlə 20 sentyabr 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçdiklərini, 2 övladlarının - 01 sentyabr 2015-ci il təvəllüdlü X4 və 18 fevral 2022-ci il təvəllüdlü X3 dünyaya gəldiyini, hazırda cavabdehdən ayrı valideynlərinin himayəsində yaşadığını, heç bir yerdə işləmədiyini, əlavə gəlirinin olmadığını, cavabdehin isə təsərrüfatında 200-ə yaxın xırdabuynuzlu heyvanın olduğunu, lakin həmin heyvanların hamısının onun anasının mülkiyyətində olduğunu, cavabdehin uşaqların saxlanmasında iştirak etmədiyini, cavabdehin hazırda qardaşının və özünün heyvanlarını birlikdə otardığını, ona görə də uşaqların saxlanması üçün bir uşağa 235 manat olmaqla iki uşağa birlikdə 470 manat aliment ödənilməsini xahiş etdiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, heyvanların cavabdehin özünə aid olduğunu, cavabdehin anasının və qardaşının uşaqları saxlamağına imkan vermədiklərini, 2014-cü ildə və 2021-ci ildə nikaha daxil olduqlarını, nikahları pozulduqdan sonra yeddi il ayrı yaşayıb 2021-ci ildə yenidən barışdıqlarını, oğlunun 10, qızının 3 yaşı olduğunu, oğlunun Qahab kənd orta məktəbində 4-cü sinifdə oxuduğunu, heç bir gəlirinin olmadığını, birgə nikah dövründə heyvanların hesabına dolandıqlarını, cavabdehin bu il 15 quzunu sataraq əldə etdiyi 3000 manat məbləği qardaşına verdiyini, cavabdehin öz heyvanlarının olduğunu, lakin bunu aliment ödəməmək üçün gizlətdiyini bildirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında verdiyi izahatında ailə münasibətlərinin korlanmasının səbəbinin iddiaçının valideynləri olduğunu, hazırda da onun mülkiyyətində heç bir heyvanın olmadığını, uşaqların birinə 100 manat olmaqla 2 uşağa birlikdə 200 manat aliment ödəyə biləcəyini, çünki maddi gəlirinin olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, heyvanlarının olmadığını, 2014-cü ildə ailə qurduqlarını, 50 baş heyvanının olduğunu, onları da birinci dəfə boşananda kəsib satıb aliment ödədiyini, ayağının sındığına görə işləyə bilmədiyini, atdan yıxıldığını və hazrda yataq rejimində olmalı olduğunu, qardaşının heyvanlarını otardığını, çoban işlədiyini, 11 ildir ki uşaqlara sahib çıxmağa çalışsa da iddiaçının buna imkan vermədiyini, övladlarını sevdiyini, bir aydır ki, onların qayıtmasını gözlədiyini, 2015-2021-ci illər arası aliment ödədiyini, uşaqlarını doğru-düzgün görə bilmədiyini, orta aylıq gəlirinin 300 manat olduğunu, mülkiyyətində heyvan olmadığını, valideynlərinin də mülkiyyətində heyvan olmadığını, noyabr ayında gecə vaxtı su suvararkən atdan yıxılaraq ayağını qırdığını, həkimin ona yerimək olmaz dediyini, yataq rejimini məsləhət gördüyünü, bundan təyin edilən iki uşağa 215 manatdan artıq aliment ödəyə bilməyəcəyini, imkanı olmadığına görə daha çox verə bilməyəcəyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsləriin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 20 sentyabr 2021-ci il tarixdə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X4 və X6 anadan olması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 214673 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 04 mart 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 535188 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 01 sentyabr 2015-ci il tarixdə X4 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 26 aprel 2022-ci il tarixli, AZ-İV seriyalı, 630584 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 18 fevral 2022-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və cavabdehin məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının övladları X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini lazımınca yerinə yetirmədiyi müəyyən olunmuşdur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının gəlirinin olmadığı, işsiz olduğu müəyyən edilir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, onların yaşını, sayını və uşaqlardan birinin məktəbə getməklə ehtimal edilən təhsil xərclərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 20 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğindı fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə sonda o nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan 01 sentyabr 2015-ci il təvəllüdlü X2 və 18 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində olmaqla sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 48.76 (qırx səkkiz manat, yetmiş altı qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(235x2)=5640) təmin edilmiş hissəsinə (12x(150x2)=3600) mütənasib olan 48.76 (qırx səkkiz manat, yetmiş altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulub dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 01 sentyabr 2015-ci il təvəllüdlü X2 və 18 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.40 misli həddində olmaqla sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 48.76 (qırx səkkiz manat, yetmiş altı qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-47/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-47/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver