Məhkəmə qərarları › İş №2(079)-477/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-477/2022

28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-477/2022 28.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 fevral 2022-ci ildə doğulmuş X1, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 14 mart 2021-ci ildə faktiki evlənib, 22 dekabr 2021-ci ildə Babək Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirmişik. Birgə nikahdan 26 fevral 2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Bildirirəm ki, cavabdehlə yola getmədiyimizdən övladımla birlikdə 25 avqust 2022-ci ildə evdən gedərək anam evində yaşayıram. Bu müddətdə cavabdeh bir dəfə olsun övladı ilə maraqlanmamışdır. Mən özüm işləmirəm. Uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkirəm. Fərman qazi olmaqla 2-ci qrup əlildir. Ayda 1700 manat təqaüd alsa da övladına bir manat olsun pul göndərmir. Buna görə də cavabdehdən aliment alınıb verilməsini istəyirəm. Həmçinin bildirirəm ki, ’’Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdeh 20 sentyabr 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdehdən övladına yetəcək dərəcədə aliment verməsini istəsəm də o buna razı olmadı. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ilin 14 mart tarixində cavabdehlə ailə qurmuşam, 2021-ci ilin 28 dekabr tarixində isə rəsmi nikaha daxil olmuşuq. Cavabdeh Vətən müharibəsi qazisi olduğu üçün ailə qurduqdan sonra cavabdehə dövlət tərəfindən verilmiş mənzildə Babək şəhərində yaşamışıq. Nikahımızdan 28 fevral 2022-ci il tarixdə X2 dünyaya gəlmişdir. Cavabdehə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Dövlətin qazilərə göstərdiyi diqqətə görə maddi yaşamımız yaxşı olmuşdur. Qarşı tərəflə uşaq doğulduqdan sonra münasibətlərimizin daha da korlanması, xasiyyətlərimizin bir-birini tutmaması, cavabdehin uşağı da götürüb evdən çıxmağım üçün təkid etməsi, həmçinin uşağa yemək almaq istəməməsi kimi səbəblərə görə 25 avqust 2022-ci il tarixdən faktiki olaraq ayrılmışıq. Uşaq hazırda 8 aylıqdır. Hal-hazırda onunla birlikdə Babək şəhərində ata evimdə valideynlərimin köməkliyi ilə yaşayıram. Uşağın saxlanmasında valideynlərim mənə maddi cəhətdən kömək etsələr də, özüm heç bir yerdə işləmədiyimdən uşağın saxlanmasında çətinlik çəkirəm. Cavabdeh bu müddətdə uşağın saxlanılmasında iştirak etməyib. Ona görə də uşağın saxlanması üçün cavabdehdən aliment alınıb mənə ödənilməsini istəyirəm. Cavabdehin sabit qazancı olduğu, hər ay hesabına 1700 manata yaxın məbləğ köçürüldüyü üçün qazancının hissəsi miqdarında alimentin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə 2021-ci ilin 14 mart tarixində ailə qurmuşuq, 2021-ci ilin 28 dekabr tarixində isə rəsmi nikaha daxil olmuşuq. Vətən müharibəsi qazisi olduğuma görə 2021-ci ilin 26 dekabr tarixində dövlət tərəfindən evlə təmin olunmuşam, həmçinin 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bununla bağlı olaraq 2 oktyabr 2026-cı il tarixədək 876 manat pensiya və 350 manat prezident təqaüdü təyin olunmuşdur. Ailəli olduğumuz müddətdə aramızda olan anlaşılmazlıqlarla görə iddiaçı dəfələrlə atası evinə gedib, hər dəfə onu geri qaytarmışam. 28 fevral 2022-ci il tarixdə qızım X2 dünyaya gəlib. İddiaçı ilə aramızda olan mübahisələrə görə 25 avqust 2022-ci il tarixdən ayrı yaşayırıq. Uşağın saxlanması üçün bu müddət ərzində iddiaçıya yardım etməmişəm. Mən aliment ödəməyə etiraz etmirəm. Mediasiya sessiyası zamanı təklif etdiyim 200 manat alimenti iddiaçı qəbul etmədiyi üçün mübahisə məhkəməyə çıxarılmışdır. İddianın təmin olunmasına etirazım yoxdur. Amma nəzərə alınmalıdır ki, dövlət tərəfindən verilən təminat müvəqqəti xarakter daşıyır və həmin məbləğə aliment öhdəliyinin yönəldilməsi düzgün olmazdı. Belə ki, mən əlimdə olan problemə görə dövlət dəstəyi ilə belə olsa müəyyən xərcləri özüm ödəməklə xaricə əməliyyata getməli oluram. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin 22 dekabr 2021-ci il tarixdə nikaha daxil olması və onların bu nikahından hazırda yetkinlik yaşına çatmayan bir övladlarının doğulması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 511332 nömrəli nikah akt qeydləri kitabından çıxarışdan X5 ilə Cavabdeh arasında 22 dekabr 2021-ci il tarixdə nikah bağlanması aydın olur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 630604 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan iş üzrə tərəflərin 26 fevral 2022-ci il tarixdə “Yağmur” adlı uşaqlarının doğulması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X8 Şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışda Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X8 Şəxsinin “Hərbi qulluqçuar və xüsusi rütbəli şəxslərlə iş şöbəsi”ndə İİ dərəcə əlilliyə görə əmək pensiyaçısı kii uçotda durması, pensiyanın aylıq məbləğinin 876,80 manat olması, müddətinin xx.xx.2026-cı ilədək olduğu, həmçinin cavabdehə xx.xx.2022-ci ilədək aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcəyi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X8 Şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışda isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ dərəcə əliliiyi olan şəxs kimi qeydiyyatda dayanan Cavabdeh xx.xx.2026-cı ilədək 350 manat Prezident təqaüdünün ödənildiyi müəyyən olunur. İddia ərizəsi və tərəflərin üst-üstə düşən izahatlarından isə ər-arvadın hazırda ayrı yaşaması, uşağın ananın yanında qalması və cavabdehin uşağını saxlamaq vəzifəsini yerinə yetirmədiyi mübahisəsiz qaydada müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin qazancı (başqa gəlirləri) barədə sübutun məhkəməyə təqdim olunmasını, cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini nəzərə alaraq iddiaçının tələbini əsaslı sayır. Məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsinin tərəflərdən birinin, dolayısı ilə uşağın diqqətəlayiq mənafeyinə uyğun olmadığı qənaətinə gələrək hesab edir ki, iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməlidir. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşağın analarının yanında qalmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği cavabdehin sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 26 fevral 2022-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulub uşağın anası İddiaçı ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 21 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar, eyni zamanda həmin qanunun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Alimentin tutulmasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 26 fevral 2022-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulub uşağın anası İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar