Məhkəmə qərarları › İş №2(079)-483/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-483/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-483/2025 19.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı X1 iştirakı ilə, Nağıyeva (Məmmədova) Məhsəti Xəlil qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Nağıyeva (Məmmədova) Məhsəti Xəlil qızı 09 iyul 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 avqust 2011-ci ildə doğulmuş X10, 15 mart 2013-cü ildə doğulmuş X7 və 08 oktyabr 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının ikidə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən 2010-cu ildə el adəti ilə Cavabdeh ilə evlənmişik. Nikahımızı 16 sentyabr 2021-ci ildə Babək rayon Qeydiyyat şöbəsində rəsmləşdirmişik. Birgə nikahdan 03 avqust 2011-ci ildə X10, 15 mart 2013-cü ildə X7 və 08 oktyabr 2019-cu ildə X8 adlı üç övladımız olmuşdur. Rəşad 2025-ci ilin iyun ayında məni evdən zorla çıxarıb. Hazırda mən uşaqlarımla birlikdə valideynlərimin yanında yaşayıram. Rəşad uşağı ilə maraqlanmır. Özüm heç yerdə işləmirəm. Uşaqları maddi cəhətdən təkbaşına böyütməkdə çətinlik çəkirəm. Rəşad həm Yarımca kənd məktəbində mühafizədə işləyir, həm də pensiya alır. Ona görə də cavabdehdən üç uşağın saxlanması üçün alimentin aylıq gəlirlərinin ikidə biri miqdarında ödənilməsini istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Nağıyeva (Məmmədova) Məhsəti Xəlil qızı məhkəmə iclasında verdiyi izahatında birgə nikahlarından 3 uşağın dünyaya gəldiyini, cavabdehin 28 iyun 2025-ci il tarixdə onları evdən çıxartdığını və həmin tarixdən atası evində anası ilə birgə yaşadığını, uşaqların da onunla qaldığını, ayrı qaldıqları vaxt ərzində uşaqların saxlanılması üçün cavabdehin ona kömək etmədiyini, özünün isə heç bir gəlirinin olmadığını, cavabdehin Babək rayonu, Yarımca kənd orta məktəbində mühafizəçi işlədiyini və 480 manat əmək haqqı və həmçinin böyrək (dialez) xəstəsi olduğu üçün 650 manat pensiya aldığını bildirib iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikahın bağlanması və birgə nikahlarından doğulmuş uşaqların hazırda iş üzrə iddiaçının yanında qalması və atanın uşaqların saxlanılmasında iştirak etməməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ- İİ seriyalı, 214671 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikahın bağlanması; - Babək Rayon Yarımca kənd İƏDN tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 510940 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X6 doğulması; - Babək Rayon Yarımca kənd İƏDN tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİ seriyalı, 853391 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X5 doğulması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 626249 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə X4 doğulması; - iddia tələbindən və iddiaçının izahatından cavabdehin iddiaçının yanında qalan uşaqların saxıanılmasında iştirak etməməsi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, işəgötürəni Babək Rayon Təhsil Şöbəsi olmaqla gözətçi vəzifəsində işləməklə 472.7 (dörd yüz yetmiş iki manat, yetmiş qəpik) manat əmək haqqı və 2-ci qrup əlilliyə görə 356.62 manat pensiya alır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış üç uşaqlarının olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, AM-in 76.1.3-cü maddəsinə əsasən 3 uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, sözügedən payların miqdarının hazırki vəziyyətdə dəyişdirilməsi (azaldılması və ya artırılması) üçün hər hansı diqqətəlayiq hallar müəyyən olunmamışdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 09 iyul 2025-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 30 manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, alimentin tutulması 09 iyul 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi məbləğində aliment tutulub uşaqların anası Nağıyeva (Məmmədova) Məhsəti Xəlil qızına ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 67.05 manat (altmış yeddi manat, beş qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Alimentin tutulması 09 iyul 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi məbləğində aliment tutulub uşaqların anası Nağıyeva (Məmmədova) Məhsəti Xəlil qızına ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Cavabdeh 67.05 manat (altmış yeddi manat, beş qəpik) məbləğində rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar