Məhkəmə qərarları › İş №2(079)-517/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-517/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-517/2023 19.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “01” sentyabr 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15 iyun 2006-cı il təvəllüdlü X7, 30 dekabr 2008-ci il təvəllüdlü X13 və 22 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 (ki yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşağa görə 660 (altı yüz altmış) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 19 avqust 2005-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan 15 iyun 2006-cı il təvəllüdlü X7, 30 dekabr 2008-ci il təvəllüdlü X13 və 22 dekabr 2018-ci il təvəllüdlü X8 olmuşdur. Cavabdehla 26 iyul 2022-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə nikahımız pozulmuş və 15 iyun 2006-cı il təvəllüdlü X2, 30 dekabr 2008-ci il təvəllüdlü X9 və 22 dekabr 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 manat olmaqla, ümumilikdə 330 manat aliment tutulması müəyyən edilmişdi. Ceyhun alimenti vaxtlı-vaxtında verəcəyinə söz verdiyindən Babək Rayon İcra və Probasiya şöbəsinə alimentdən imtina barədə ərizə verdim. 26 iyul 2022-ci il tarixdə alimentin alınıb verilməsinə xitam verildi. Bundan sonra cavabdeh bu günədək aliment ödəmədi. Bu səbəbdən uşaqların saxlanılması üçün yenidən aliment iddiası qaldırmağa məcbur qaldım. Hazırda uşaqların saxlanılmasında çətinlik çəkirəm. Cavabdeh Bakı şəhərində ev təmiri işi ilə məşğuldur, yüksək məbləğdə gəlir əldə edir. Ancaq övladlarının nə ilə dolanmasından xəbəri yoxdur. Bu səbəbdən Ceyhundan hər bir uşağa 220 manat olmaqla ümumilikdə 660 manat alınıb verilməsini istəyirəm. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Ceyhunla 2005-ci ildə ailə qurduğunu, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, 2022-ci ilin iyul ayının 26-da boşandıqlarını, məhkəmə qətnaməsi əsasında birgə nikahlarından olan uşaqların onun yanında qaldığını, məhkəmə qətnaməsi çıxdıqdan sonra cavabdehin cəmi dörd ay ona aliment verdiyini, daha sonra Ceyhunun borcu yarandığından onun tutulduğunu, bundan sonra cavabdehin ona Bakı şəhərində olduğunu, hər dəqiqə Naxçıvana gəlib gedə bilmədiyini bildirərək, ondan aliment tələbindən imtina etməsini istədiyini və hər ay ona aliment göndərəcəyini dediyini, bundan sonra özünün cavabdehə qarşı olan aliment tələbindən imtina etdiyini, lakin həmin vaxtdan sonra Ceyhunun ona cəmi bir dəfə 330 manat aliment göndərdiyini, oğlanlarının ikisinin də idmanla məşğul olduğunu, onların yarışla bağlı Bakı şəhərinə getdiyini və orada ataları ilə görüşdüyünü, Ceyhunun onlara arada cib xərcliyi verdiyini, məhkəməyə müraciət etdikdən sonra cavabdehlə telefonda danışdığını, Ceyhunun ona imkanın olmadığını, buna görə də aliment verə bilmədiyini dediyini, onun ev təmiri ilə məşğul olduğunu, aylıq qazancının təqribən 1000 manat olduğunu, Ceyhunun qazancı barədə sübutunun olmadığını, onun əvvəl müəyyən edilmiş alimenti də vaxtlı-vaxtında vermədiyini, sonuncu dəfə 2022-ci ilin oktyabr-noyabr ayında 330 manat aliment verdiyi qeyd edərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 19 avqust 2005-ci ildə nikaha daxil olması, onların birgə nikahından 15 iyun 2006-cı ildə X7, 30 dekabr 2008-ci ildə X13 və 22 dekabr 2018-ci il tarixdə X5 dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(079)-156/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Cavabdeh ilə X3 arasında 19 avqust 2005-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilməsi və nikahın bağlanılması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Səfərova“ soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş və Kəngərli rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 24 iyul 2006-cı il tarixli, AZ-İ seriyalı, 792914 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 15 iyun 2006-cı il tarixdə X7 adlı övladlarının dünyaya gəlməsi; -iş materiallarına əlavə olunmuş və Kəngərli rayonu, Şahtaxtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli, AZ-İİ seriyalı, 165482 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 30 dekabr 2008-ci il tarixdə X13 adlı övladlarının dünyaya gəlməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli, AZ-İV seriyalı, 166227 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 22 dekabr 2018-ci il tarixdə X12 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(079)-156/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(079)-156/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İddiaçı tələbi isə övladları X7, X13 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 220 (ki yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşağa görə 660 (altı yüz altmış) manat miqdarında aliment tutulmasından ibarətdir. İşin bu mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X2, X9 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (ki yüz iyirmi) manat olmaqla, üç uşaq üçün 660 (altı yüz altmış) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan isə Cavabdeh gəlir və əmlakının olması müəyyən edilmir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “01” sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(220x3)=7920) təmin edilmiş hissəsinə (12x(120x3)=4320) mütənasib olan 54 (əlli dörd) manat 56 (əlli altı) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “01” sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 15 iyun 2006-cı il tarixdə anadan olan X7, 30 dekabr 2008-ci il tarixdə anadan olan X13 və 22 dekabr 2018-ci il tarixdə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşağa görə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 54 (əlli dörd) manat 56 (əlli altı) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “01” sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 15 iyun 2006-cı il tarixdə anadan olan X7, 30 dekabr 2008-ci il tarixdə anadan olan X13 və 22 dekabr 2018-ci il tarixdə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşağa görə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 54 (əlli dörd) manat 56 (əlli altı) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar