Məhkəmə qərarları › İş №2(079)-520/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-520/2021

01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-520/2021 01.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “20” oktyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 20 mart 2006-cı il tarixdə doğulmuş X8, 15 iyul 2008-ci il tarixdə doğulmuş X6 və 28 dekabr 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 525 (beş yüz iyirmi beş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, el adəti ilə Cavabdeh ilə 2003-cü il tarixdə evlənmişik. 02 mart 2006-cı il tarixdə Babək rayonu, Güznüt kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahdan birgə yaşadığımız müddətdə 20 mart 2006-cı il tarixdə X8, 15 iyul 2008-ci il tarixdə X6 və 28 dekabr 2018-ci ildə isə X5 adlı övladlarımız doğulmuşdu. Əvvəllər mehriban yaşasaq da sonralar cavabdehlə yola gedə bilmədik. Təxminən 4 aya yaxındır ki, onunla ayrı yaşayırıq. Ayrı yaşadığımız bu müddətdə Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmır, övladlarını maddi cəhətdən təmin etmir, bu səbəbdən də biz maddi cəhətdən sıxıntı içində yaşayırıq. Cavabdeh təsərrüfatla məşğuldur, aliment ödəmək üçün imkanı vardır. Ona görə də mən məcburiyyət qarşısında qalaraq Cavabdeh uşaqlarına aliment ödəməsini istəyirəm. Mən Məhəmmədlə birgə nikahımızdan dünyaya gəlmiş övladlarımızın saxlanılması üçün ilkin olaraq mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də övladlarımın saxlanılması üçün ataları Cavabdeh aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişəm. Mən də üç uşağın saxlanılması üçün Cavabdeh sabit məbləğdə aliment ödəməsini istəyirəm. Çünki onun aylıq qazancını müəyyən etmək mümkün deyildir. İddiaçı tələbini müdafiə edərək məhkəmədə verdiyi izahatında 2003-cü ildə Məhəmmədlə ailə qurduğunu, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, aralarında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada pozulsa da, 2021-ci ilin fevral ayında cavabdehlə barışaraq ailəni bərpa etdiklərini və 2021-ci ilin iyun ayının 23-dək birlikdə yaşadıqlarını, daha sonra aralarında olan mübahisələrə görə Məhəmmədlə yenidən ayrıldığını, birgə nikahlarından olan uşaqların öz yanında qaldığını, 2021-ci ilin sentyabr ayının 20-dək cavabdeh ailəsi maraqlanmadığından məhkəmədə iddia qaldırmağa məcbur olduğunu, özünün işləmədiyini, cavabdehin isə çoban işlədiyini və ayda 500 manat əmək haqqı aldığını, ayrı yaşadıqları müddət ərzində, yəni 2021-ci ilik oktyabr ayında Məhəmmədin 30 və 100 manat olmaqla ümumilikdə uşaqların saxlanılması üçün ona 130 manat pul verdiyini, uşaqların ikisinin məktəbli olduğunu, oğlu Səfərin məktəb ehtiyaclarını cavabdehin, qızı Fizzənin məktəb ehtiyaclarının isə özünün qarşıladığını qeyd edərək, yekunda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmədə verdiyi izahatında iddianı qəbul etmədiyini, 2003-cü ildə Səkinə ailə evləndiyini, birgə nikahlarından ikisi qız, biri oğlan olmaqla üç uşağın olduğunu, iddiaçı ilə aralarında bağlanmış nikah 2021-ci ilin əvvəllərində rəsmi qaydada pozulsa da, sonradan, yəni həmin ilin fevral ayında barışaraq ailəni bərpa etdiklərini, barışdıqdan sonra nikahlarını rəsmiləşdirmədiklərini, 2021-ci ilin iyun ayında isə yenidən ayrıldıqlarını, birgə nikahlarından olan uşaqların anası ilə birlikdə yaşadığını, özünün çoban işlədiyini ayda 300 manat maaş aldığını, ildə isə iki dəfə heyvan sayının çoxluğuna görə 500 manat əmək haqqı aldığını, hər ay 130 manat kredit ödədiyini, bu səbəbdən də iddiaçının qeyd etdiyi miqdarda aliment ödəyə bilməyəcəyini qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 02 mart 2006-cı il tarixdə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X8, X6 və X1 anadan olması və uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş: -- 27 sentyabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 176422 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X7 arasında nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Əliyeva” soyadını qəbul etməsi; -- 27 sentyabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 620953 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 20 mart 2006-cı il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; --27 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 168999 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 15 iyul 2008-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; --27 sentyabr 2021-ci il tarixli, AZ-İİİ seriyalı, 961487 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 28 dekabr 2018-ci il tarixdə X5 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və tərəflərin məhkəmədə verdikləri izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X3, X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, üç uşaq üçün cəmi 525 (beş yüz iyirmi beş) manat miqdarında aliment tutulmasını tələb etsə də, cavabdeh bu məbləği qəbul etməyək onun yüksək olduğunu və ona ödəmək üçün maddi imkanın olmadığını bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasının əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X3, X2 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 90 (doxsan) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 20 oktyabr 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(175x3)=6300) təmin edilmiş hissəsinə (12x(100x3)=3240) münasib olan 42 (qırx iki) manat 33 (otuz üç) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 20 mart 2006-cı il tarixdə anadan olan X8, 15 iyul 2008-ci il tarixdə anadan olan X6 və 28 dekabr 2018-ci il tarixdə anadan olan X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə üç uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 42 (qırx iki) manat 33 (otuz üç) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 20 mart 2006-cı il tarixdə anadan olan X8, 15 iyul 2008-ci il tarixdə anadan olan X6 və 28 dekabr 2018-ci il tarixdə anadan olan X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə üç uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 42 (qırx iki) manat 33 (otuz üç) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar