Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-531/2021 09.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “28” oktyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 16 fevral 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə 175 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, el adəti ilə Cavabdeh ilə 27 aprel 2010cu il tarixdə evlənmişik. 04 avqust 2010-cu il tarixdə Babək rayonu, Güznüt kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahımızdan birlikdə yaşadığımız müddətdə 16 fevral 2011ci il tarixdə X5 adlı övladımız doğulmuşdur. Əvvəllər mehriban yaşasaq da sonralar cavabdehlə yola gedə bilməmişik. 24 iyun 2021-ci il tarixdə Cavabdeh işləmək məqsədi ilə Türkiyə Respublikasına gedib. İki aya yaxın müddətdir ki, Qurban məndən əvvəl evli olduğu qadınla orada görüşüb və bir yerdə yaşayırlar. Bu müddət ərizində nə mənimlə, nə də övladı ilə maraqlanmayıb və heç bir maddi köməklik göstərməyib. Təxminən 4 aya yaxındır ki, Qurbanla ayrı yaşayırıq. Ayrı yaşadığımız müddətdə Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmamış, övladını maddi cəhətdən təmin etməmişdi. Bu səbəbdən də biz maddi cəhətdən sıxıntı içində yaşayırıq. Ona görə də mən məcburiyyət qarşısında qalaraq Cavabdeh övladına aliment ödəməsini istəyirəm. Mən Qurbanla birgə nikahımızdan dünyaya gəlmiş övladımızın saxlanılması üçün ilkin olaraq mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də övladımın saxlanılması üçün atası Cavabdeh aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişəm. Mən də övladımızın saxlanılması üçün Cavabdeh sabit məbləğdə aliment ödəməsini istəyirəm. Çünki onun aylıq qazancını müəyyən etmək mümkün deyildir. İddiaçı tələbini müdafiə edərək 2010-cu ildə Qurbanla vasitəçiliklə tanış olub ailə qurduğunu, bu özünün birinci, cavabdehin isə ikinci evliliyi olduğunu, birgə nikahlarından 16 fevral 2011-ci il təvəllüdlü bir övladının dünyaya gəldiyini, cavabdehlə 2021-ci ilin iyun ayının 24-dək normal yola getdiyini, həmin gün isə Qurbanın işləmək adı ilə Türkiyə Respublikasına getdiyini və orada əvvəlki arvadı ilə birlikdə yaşadığını, ayrı yaşadığı müddət ərzində isə cavabdehin uşağın saxlanılması üçün cəmi bir dəfə 150 manat pul göndərdiyini, bundan başqa onun uşağın saxlanılmasında iştirak etmədiyini, oğlunun hazırda 5-ci sinifdə oxuduğunu, özünün isə işsiz olduğunu, bu səbəbdən də uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini, övladının saxlanılması üçün Cavabdeh hər ay 175 manat məbləğində aliment tutulmasını istədiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını və iddiaçının məhkəmədə verdiyi izahatı bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 04 avqust 2010-cu ildə nikaha daxil olması, onların birgə nikahından 16 fevral 2011-ci il təvəllüdlü X2 anadan olması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək Rayon İcra Hakimiyyətinin Güznüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2010-cu il tarixli, AZ- İ seriyalı, 513293 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X1 arasında 04 avqust 2010-cu il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Mehdiyeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 mart 2011-ci il tarixli, AZ-İİ seriyalı, 510805 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 16 fevral 2011-ci ildə X5 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, birgə nikahından olan uşağın hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara və onun izahatına əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Güznüt kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədlər, 28 oktyabr 2021-ci il tarixli, 2(079)-531/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilərək ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz, qoyulmuş suallara cavablar və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi izah olunsa da, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz daxil olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbarnamədən məhkəmə sənədlərinin Cavabdeh 29 oktyabr 2021-ci il tarixdə şəxsən təqdim olunması məlum olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin sabit pul məbləğində tutulmasıin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin sabit pul məbləğində tutulmasıin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, alimentin sabit pul məbləğində tutulması ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşağın sayını, onun yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğində tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “28” oktyabr 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, alimentin sabit pul məbləğində tutulması alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti alimentin sabit pul məbləğində tutulması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(175x1)=2100) təmin edilmiş hissəsinə (12x(120x1)=1440) münasib olan 28 (iyirmi səkkiz) manat, 30 (otuz) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “28” oktyabr 2021-ci il tarixdən hesablanmaqla, 16 fevral 2011-ci il tarixdə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 28 (iyirmi səkkiz) manat, 30 (otuz) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “28” oktyabr 2021-ci il tarixdən hesablanmaqla, 16 fevral 2011-ci il tarixdə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 28 (iyirmi səkkiz) manat, 30 (otuz) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-531/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-531/2021
09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver