Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-537/2022 27.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı nümayəndəsi Nümayəndə vasitəsi ilə “03” noyabr 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 20 may 1999-cu ildə anadan olan Zeynalov Əli Cəfər oğlunun saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 01 avqust 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşduq. Birgə yaşadığımız müddətdə bizim 20 may 1999-cu il təvəllüdlü Zeynalov Əli Cəfər oğlu və 01 yanvar 2004cü il təvəllüdlü X5 adlı iki övladımız dünyaya gəlib. Cəfərlə aramızda bağlanmış nikah Babək Rayon Məhkəməsinin 2(079)-37/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bizim birgə nikahımızdan doğulmuş övladlarımız hazırda yetkinlik yaşına çatıblar və mənimlə birlikdə yaşayırlar. Böyük övladımız Əli Zeynalovun sağlamlıq imkanı məhduddur. 02 iyul 2015-ci il tarixdə Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Zeynalov Əli Cəfər oğlu “uşaq beyin iflicinin qalığı” diaqnozu ilə qeydiyyata alınmaqla ona İ dərəcə əlillik təyin edilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Əli Zeynalova 220 manat sosial müavinət, 130 manat Prezident təqaüdü, habelə İ dərcəli əlilliyi olan şəxsə qulluğa görə də 80 manat baxım pulu müəyyən edilmişdir. Oğlumun səhhətində olan problemlərə görə demək olar ki, daim həkim müayinə və müalicəsinə oluruq, onun müalicəsi üçün həkimlərin resept blankı əsasında yazdıqları dərmanları almaq isə vəsait tələb edir. Bundan əlavə Əlinin əyin-başı, yeyib-içməsi, normal qidalanması üçün də əlavə vəsaitə ehtiyac yaranır. Mən özüm heç bir yerdə işləmirəm, dövlət tərəfindən oğlumun xəstəliyinə görə təyin olunmuş təminatla Əlinin həm müalicə, müayinəsini aparmaqla dərmanlarını alıram, həm də onun digər xərclərini bir təhər qarşılayıram. Çox zaman dövlət təminatı oğlumun tələbatlarını qarşılamaqda kifayət etmir, onu istədiyim kimi müalicə etdirə bilmirəm. Atası Cavabdeh isə övladının saxlanılmasında, müalicə və müayinə edilməsində mənə heç bir köməklik göstərmir. Mən hesab edirəm ki, xüsusi qayğıya ehtiyacı olan övladını saxlamaq, onun zəruri ehtiyaclarını ödəməklə qayğısına qalmaq mənim olduğu qədər bir ata kimi Cəfərin də borcudur. Tərəfimdən mediasiyaya xidmətinə müraciət edilmiş, lakin heç bir müsbət nəticə almadığımdan məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Cavabdeh isə 25 noyabr 2022-ci ildə iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək etirazında iddiaçı ilə rəsmi nikahının Babək Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(079)-37/2022 nömrəli qətnaməsi ilə pozulduğunu, özünün ağır şəkər xəstəsi kimi koma vəziyyətinə düşərkən iddiaçının dərhal məhkəməyə müraciət edərək ondan boşandığını, nikahlarının pozulmasına heç vaxt razı olmadığı, lakin iddiaçı ona baxmamaq, qulluq etməmək və öz sərbəstliyi üçün komada olmasından istifadə edərək nikahlarını pozdurduğunu, özünün ailənin dağılmasına razı olmadığını, ikinci qrup şəkər xəstəsi olduğunu, sol gözü ümumiyyətlə görmədiyini, əsəbdən də əziyyət çəkdiyini, gecələr yata bilmədiyini, iş qabiliyyəti olmadığını, hazırda Babək şəhərində anası Suranın nəzarətində onun yanında qalığını, gələn aydan əlilliyə görə pensiya alacağını, hazırda müalicə ilə əlaqədar xərclərini anasının pensiyası ilə qarşıladığını, hər gün dörd dəfə insulin vurdurduğunu, bundan əlavə zob və mədə ilə bağlı dərmanlar qəbul etdiyini, Bakı şəhərində evi olduğunu, hazırda həmin evdə iddiaçının yaşadığını, bu günə kimi buna etiraz etmədiyini, həmin evdən başqa evinin olmadığını, bu səbəbdən də gəlib valideyninin yanında qardaşının evində yaşadığını, lakin əlil uşağına görə Bakıdakı evindən heç vaxt payını tələb etmədiyini, özünə bu gün qayğı və qulluq lazım olduğunu, iddiaçının bir həyat yoldaşı kimi onun yanında olub qayğı göstərəcəyi halda, onu tərk etdiyini, fiziki cəhətdən sağlam olduğu zamanlar, həmçinin maddi cəhətdən imkanının yaxşı olduğu vaxtlar iddiaçının onunla olduğunu, xəstə olan kimi dərhal ondan boşanaraq onu tərk etdiyini, hazırki, vəziyyətdə özünə baxmağa belə maddi imkanının yetmədiyini, iddiaçının aliment tələb etdiyi övladına hər ay dövlətin 420 manat maddi köməklik etdiyini, belə olan halda əlavə olaraq onun maddi yardıma heç bir ehtiyacının olmadığını, özünün maddi yardıma və ailə qayğısına ehtiyacı olduğunu, iddiaçının aliment tələbinin əsassız olduğunu, alimenti ödəmək iqtidarında olmadığını, bu səbəbdən də ödəyə bilməyəcəyini, hətta belə getsə keçmiş həyat yoldaşı kimi onun saxlanmağında onun iştirakının təmin olunmasını məhkəmədən xahiş edərək özünün də ondan aliment tələb edəcəyini, həmçinin əgər aliment müəyyən edilərsə Bakı şəhərində yerləşən onların yaşadığı evi aliment ödəmək üçün satmağa məcbur olduğunu, başqa heç bir qazanc mənbəyi olmadığını, həqiqətən də qazancının olub-olmaması, xəstəliyi, aliment istənən övladına 420 manat maddi yardım edilməsini, Bakı şəhərində olan evdə iddiaçının yaşamasını və sair halların məhkəmə tərəfindən dərindən diqqətlə araşdırılmasını, iddiaçının da işləyib uşaqların saxlanmasında iştirak etməli olduğunu, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid mülkiyyət sənədləri qarşı tərəfdə olduğundan etirazına əlavə edə bilmədiyini qeyd edərək, yekunda İddiaçı aliment tələbi ilə bağlı iddiasının təmin edilməməsi barədə qərar qəbul etməsi xahiş etmişdi İddiaçı məhkəmədə verdiyi izahatında Cəfərlə 1998-ci ildə ailə qurduğunu, birgə nikahlarından iki uşaq olduğunu, övladlarından birinin ali təhsil aldığını, digəri, yəni Zeynalov Əli Cəfər oğlunun isə əlil olduğunu, onun saxlanılması üçün dövlət tərəfindən hər ay 420 manat məbləğində müavinət verilsə də, verilən pulun uşağın müalicəsi üçün yetərli olmadığını, Əliyə hər ay həkim tərəfindən müalicə ilə bağlı resept yazıldığını, onun dəyərinin 150-180 manat təşkil etdiyini, bundan başqa ona hər ay biri 45 manat olmaqla 3 bağlama uşaq bezi aldığını, Əlinin sağ əlində və ayağında yığılma olduğundan onun mütəmadi masaja ehtiyacı olduğunu, dövlət tərəfindən masaj pulsuz həyata keçirilsə də, onun masaja aparılması üçün maşına ehtiyac olduğunu, çünki Əlinin yeriyə bilmədiyini, onun səhhəti ilə bağlı özünün işləmədiyini, hazırda böyük oğlunun təhsili ilə bağlı Bakı şəhərində yaşadıqlarını, bu səbəbdən də əlavə ehtiyaclarının yarandığını, ona valideynləri tərəfindən maddi köməklik edildiyini, Cəfərlə ayrı yaşadıqları dövr ərzində bir dəfə böyük oğluna 200 manat pul verdiyini, bundan başqa ona maddi cəhətdən köməklik etmədiyini qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanaraq məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında verdiyi izahatında 1998-ci ildə tərəflərin ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, uşaqlardan birinin universitetdə ali təhsil aldığını, digər övladları Əlinin isə əlil olduğunu, onun saxlanılması üçün dövlət tərəfindən hər ay 420 manat məbləğində müavinət verilsə də, verilən pulun uşağın müalicəsi üçün yetərli olmadığını, belə ki, Əliyə hər ay həkim tərəfindən müalicə ilə bağlı resept yazıldığını, onun dəyərinin 150-180 manat təşkil etdiyini, bundan başqa ona hər ay 3-4 bağlama uşaq bezi alındığını, qızı Könülün xəstə uşağa baxmasına görə özünə daimi iş yeri tapmaqda çətinlik çəkdiyini, iddiaçının hazırda övladları ilə birlikdə Bakı şəhərində yaşadığını, evə qazanc gətirən başqa şəxsin olmadığını, onların qaldığı evin tərəflərin birgə nikah dövründə əldə edildiyini, amma kimin mülkiyyətində olduğunu bilmədiyini, cavabdehin iddia tələbinə qarşı verdiyi etirazını aldığını, orada qeyd edilənləri qəbul etmədiyini, çünki Cəfər xəstə olan zaman qızı Könüllə birlikdə yaşadığını, sonradan iddiaçının xəstəliyi ilə bağlı İrana getdiyini, onun müalicə pulunu isə özünün verdiyini, həmin vaxt cavabdeh tərəfindən ona zəng edilərək qızı barəsində nalayiq ifadələr işlədildiyini, bundan sonra onların boşandıqlarını, birlikdə olan zaman isə cavabdehin evə və uşaqlara elə də yaxşı baxmadığını, onun quş saxladığını, heyvana baxdığı qədər uşağına baxmadığını, quşlarına vitamın aldığını, amma bu günədək uşaqlarına cəmi bir dəfə 200 manat pul verdiyini, onu da Bakı şəhərinə toya gedən zaman verdiyini qeyd etmişdir. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazda qeyd etdiklərinə oxşar izahat verərək Könüllə 1998-ci ildə ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, iddiaçı ilə ailə qurduqdan sonra normal yola getdiklərini, lakin o, keçən il İran İslam Respublikasına gedərək orada bir həftə qaldığını, xəstə övladı Əlini isə baxması üçün qonşuya tapşırdığını, bundan sonra aralarında mübahisə yarandığını, iddiaçı ilə birlikdə yaşadığı müddətdə uşaqlarına yaxşı baxdığını, balaca, yəni xəstə olan övladının qayğısına qaldığını, əvvəllər Azsığorta şirkətində sığortaçı işlədiyini, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün 2021-ci ilin sentyabr ayında komaya düşdüyünü, komadan çıxdıqdan sonra isə Naxçıvana qayıtdığını, həmin vaxtdan Könüllə ayrı yaşadığını, bir neçə vaxt burada müalicə aldığını, əvvəllər yeriyə bilməsə də, son zamanlar yeriyə bildiyini, şəkər xəstəliyinə bağlı olaraq damarlarının 60 faizi və bir gözünün tutulduğunu, həmçinin əsəb xəstəliyindən əziyyət çəkdiyini, ikinci qrup əlil olduğunu, hazırda da müalicəsinin davam etdiyini, uşaqlarının saxlanılmasından yayınmadığını, böyük oğlunun yay tətilində Naxçıvana gəldiyini, həmçinin özünün toyla bağlı Bakı şəhərinə getdiyi vaxt oğluna maddi cəhətdən köməklik etdiyini qeyd edərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 01 avqust 1998-ci il tarixdə nikah bağlanması, onların birgə nikahından Zeynalov Əli Cəfər oğlu və X5 adlı uşaqların dünyaya gəlməsi, tərəflərin arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan övladı Əli Zeynalovun sağlamlıq imkanı məhdud olmaqla İ dərəcə əlil olması, ona “uşaq beyin iflicinin qalığı” diaqnozu ilə müddətsiz olaraq 220 (iki yüz iyirmi) manat sosial müavinət, 130 (bir yüz otuz) manat prezident təqaüdü ödənilməsi, X1 Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda olması və ona İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə müddətsiz olaraq 80 (səksən) manat prezident təqaüdü ödənilməsi, hazırda Zeynalov Əli Cəfər oğlunun anası, yəni iş üzrə İddiaçı yanında qalması və Cavabdeh İİ dərəcə əlil olması, 180 (bir yüz səksən) manat sosial müavinət alması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin 2(079)-37/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən tərəflər arasında 01 avqust 1998-ci il tarixdə nikah bağlanması, onların birgə nikahından Zeynalov Əli Cəfər oğlu və X5 adlı uşaqlarının olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 401820 nömrəli, 11 oktyabr 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması və nikah pozulması zamanı iddiaçının özünə əvvəlki soyadını, yəni “Vəliyeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon vətəndaşlıq aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 19 yanvar 2001-ci il tarixli, AZ-İ seriyalı, 021138 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 20 may 1999-cu il tarixdə Zeynalov Əli Cəfər oğlu adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 02 iyul 2015-ci il tarixli, 092679 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən və 07 fevral 2022-ci il tarixli, 3/261 nömrəli məktubundan, 10 noyabr 2022-ci il tarixli, 03/1755 nömrəli arayışından 20 may 1999-cu il təvəllüdlü Zeynalov Əli Cəfər oğlunun İ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda durması, ona “uşaq beyin iflicinin qalığı” diaqnozu ilə müddətsiz olaraq 220 (iki yüz iyirmi) manat sosial müavinət, 130 (bir yüz otuz) manat prezident təqaüdü ödənilməsi; - iddia ərizəsinə əlavə edilən Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 3/1058 nömrəli məktubundan X1 mərkəzdə qeydiyyatda olması və ona İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə müddətsiz olaraq 80 (səksən) manat prezident təqaüdü ödənilməsi; - iddia ərizəsinə əlavə edilən və Babək Rayon Məhkəməsinin 2(079)-37/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən Zeynalov Əli Cəfər oğlunun iddiaçının yanında qalması; - iş materiallarına əlavə edilən Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 3/1799 nömrəli arayışından Cavabdeh İİ qrup əlil kimi mərkəzdə qeydiyyatda olması və 180 (bir yüz səksən) manat sosial müavinət ödənilməsi aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 2(079)-37/2022 nömrəli, 19 may 2022-ci nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan sağlamlıq imkanı məhdud, İ dərəcə əlilliyi olan övladı 20 may 1999-cu il təvəllüdlü Zeynalov Əli Cəfər oğlunun saxlanılması üçün hər ay Cavabdeh 200 (iki yüz) manat miqdarında aliment tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İddiaçının tələbinin mahiyyətindən görünür ki, o, Cavabdeh ilə birgə nikahından olan 18 yaşına çatmış, sağlamlıq imkanı məhdud, İ dərəcə əlil Zeynalov Əli Cəfər oğluna qulluq etməsi ilə bağlı maddi yardıma ehtiyacı olmasını bildirərək cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1 və 85.1.2-ci maddələrinə əsasən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Qeyd edilən maddi hüquq normasının mahiyyətindən görünür ki, keçmiş ərin və ya arvadın əvvəlki ərindən (arvad) aliment tələb etməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - ər-arvad arasında bağlanmış nikah pozulmalı; - xeyrinə aliment tələb edilən şəxs onların ümumi uşağı olmalı; - uşağın 18 yaşınadək və ya 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilməli; - uşağa qulluq edən valideynin maddi yardıma ehtiyacı olmalıdır. İşin mübahisəsiz hallarından yuxarıda qeyd edilən ilk iki şərtin mövcud olması öz təsdiqini tapır. Zeynalov Əli Cəfər oğluna qulluq edən şəxsin İddiaçı olması və bununla bağlı prezident təqaüdü alması müəyyən edildiyindən, geridə iddiaçının digər iki şərtin mövcud olmasını sübuta yetirilməsi qalır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tələbini əsaslandıran halların sübuta yetirilməsi ilə bağlı məhkəməyə Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyun 2022-ci il tarixli, 884 və 1/884 nömrəli arayışlarını, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Babək Rayon Mərkəzi Xəstəxanasının 04 fevral 2022-ci il tarixli, 05/35 nömrəli ambulator xəstənin tibbi kartından çıxarışı, 09 yanvar 2017-ci il, 10 yanvar, 09 mart, 06 may və 12 noyabr 2022-ci il tarixli həkim resept blanklarını, 16 sentyabr və 27 sentyabr 2022-ci il tarixli ödəniş qəbzlərini təqdim etmişdi. Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyun 2022-ci il tarixli, 884 və 1/884 nömrəli arayışlardan İddiaçı Babək şəhərində qeydiyyatda olması, onun Zeynalov Əli Cəfər oğlu və X2 ibarət ailə üzvlərinin olması, iddiaçının hazırda işsiz olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Babək Rayon Mərkəzi Xəstəxanasının 04 fevral 2022-ci il tarixli, 05/35 nömrəli ambulator xəstənin tibbi kartından çıxarışından Zeynalov Əli Cəfər oğlunun “uşaq beyin iflicinin qalığı”, Tetraparez diaqnozu ilə müalicəyə göndərilməsi, 09 yanvar 2017-ci il, 10 yanvar, 09 mart, 06 may və 12 noyabr 2022-ci il tarixli həkim resept blanklarının xəstə kimi Zeynalov Əli Cəfər oğlunun adına yazılması, 27 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən ümumi dəyəri 150,54 (bir yüz əllı manat, əlli dörd qəpik) manat təşkil edən dərmanların alınması müəyyən edilir. Həmin qəbzdə olan dərman adlarını Zeynalov Əli Cəfər oğlu adına yazılmış həkim resept blankları ilə qarşılıqlı şəkildə əlaqələndirdikdə hər iki sənəddə olan dərman adlarının eynilik təşkil etdiyi görünür. İddiaçının məhkəməyə təqdim etdiyi 16 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinin sübut kimi qəbul edilənliyinə gəldikdə isə məhkəmə bildirir ki, həmin ödəniş qəbzindən onun iş üçün əhəmiyyət kəsb edən hansı mal və məhsulun alınması müəyyən edilmir. Bu səbəbdən də məhkəmə İddiaçı təqdim etdiyi həmin qəbzi sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.4.3.2-ci bəndindən görünür ki, “Tetraparez” xəstəliyi ilə bağlı orqanizmin funksiyalarının pozulması faizi 100 faiz təşkil edir. Yuxarıda qeyd edilənlərdən iddiaçının hazırda işsiz olması, onun yanında qalan sağlamlıq imkanı məhdud, İ dərəcə əlilliyi olan Zeynalov Əli Cəfər oğlunun mütəmadi olaraq müalicəyə ehtiyacı olması və bunun iddiaçı üçün müəyyən xərclərə səbəb olması müəyyən edilir. Həmçinin işin araşdırılmış hallarından o da aydın olur ki, tərəflər bir ildən artıqdır ki, ayrı yaşayır və Cavabdeh uşağın saxlanılmasında iddiaçıya bir dəfə maddi cəhətdən köməklik etmişdi. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsindən qeyd etdiyi qazancının olmaması, xəstəliyi, aliment istənən övladına 420 manat maddi yardım edilməsini, Bakı şəhərində olan evdə iddiaçının yaşaması və iddiaçının da işləyib uşaqların saxlanmasında iştirak etməli olmasına hüquqi münasibət bildirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, onun qazancının olmaması aliment ödəməli şəxsi həmin öhdəlikdən azad etmir, bu sadəcə olaraq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. İddiaçıya verilən 420 manat məbləğində müavinət isə dövlət tərəfindən sosial qayğıya ehtiyacı olan şəxsə dövlət tərəfindən verilən pul vəsaitidir. Dövlət tərəfindən Zeynalov Əli Cəfər oğluna göstərilən bu qayğı isə cavabdehin öhdəliyini əvəz etmir. Cavabdeh Bakı şəhərində özünə məxsus evdə iddiaçının uşaqları ilə birlikdə yaşamasına gəldikdə "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatdan onun adına belə bir daşınmaz əmlakın olması öz təsdiqini tapmır. Həmin sistemdə cavabdehin adına olan torpaq sahələrinin isə Cavabdeh bildirməsinə görə Babək rayonu ərazisində yerləşir. Cavabdeh iddiaçının da işləyib uşaqları saxlamalı olması ilə bağlı məhkəmə bildirir ki, mülki iş materiallarından onun himayəsində əlil uşağın olması və iddianın onun qayğısına qalması müəyyən edilir. Təbii ki, himayəsində belə bir xəstə şəxsin olması onun müəyyən fəaliyyətlə məşğul olmasına maneə yara bilər, çünki əks halda Zeynalov Əli Cəfər oğlu onun üçün zəruri olan gündəlik qayğıdan kənarda qalacaq. Bundan başqa qanunvericiliyin tələbinə görə uşaqların saxlanılmasında hər iki valideyn bərabər vəzifə daşıyır. Yəni iddiaçının işləməsi cavabdehi qeyd edilən vəzifəsini istisna etmir. İşin məhkəmədə araşdırılmış hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-ci madəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İddiaçı övladı Zeynalov Əli Cəfər oğlunun saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, Zeynalov Əli Cəfər oğlunun iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, Zeynalov Əli Cəfər oğlunun sağlamlıq imkanı məhdud olmasını, ona iddiaçının qulluq etməsini, bu səbəbdən də İddiaçı başqa qazanc və fəaliyyət növü ilə məşğul ola bilməməsini, iddiaçıya və Zeynalov Əli Cəfər oğluna dövlət tərəfindən verilən sosial müavinət məbləğlərini, həmçinin cavabdehin İİ qrup əlil olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və İ dərəcə əlilliyi olan Zeynalov Əli Cəfər oğlunun orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi davam etdiyi müddətədək ona qulluq etməsi ilə bağlı hər ay cavabdehdən 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin hansı vaxtdan və hansı müddətə tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “03” noyabr 2022-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, dövlət rüsumunun iddianın (12x200=2400) təmin edilmiş hissəsinə (12x100=1200) mütənasib olan 22 (iyirmi iki) manat miqdarı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Cavabdeh tərəf məhkəməyə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin (dövlət rüsumu ödəməkdən azad olunma halları) təsir dairəsinə düşməsi ilə bağlı hər hansı sübut təqdim etməyib. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 20 may 1999-cu il təvəllüdlü, İ dərəcə əlilliyi olan Zeynalov Əli Cəfər oğlunun orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi davam etdiyi müddətədək Cavabdeh 03 noyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat miqdarında aliment tutularaq, X6 qulluq etməsi ilə bağlı maddi yardıma ehtiyacı olan İddiaçı ödənilməli; - Cavabdeh 22 (iyirmi iki) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 20 may 1999-cu il təvəllüdlü, İ dərəcə əlilliyi olan Zeynalov Əli Cəfər oğlunun orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi davam etdiyi müddətədək Cavabdeh 03 noyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat miqdarında aliment tutularaq, X6 qulluq etməsi ilə bağlı maddi yardıma ehtiyacı olan İddiaçı ödənilsin. Cavabdeh 22 (iyirmi iki) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-537/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-537/2022
27.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver