Məhkəmə qərarları › İş №2(079)-558/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-558/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-558/2024 27.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10 mart 2021-ci il təvəllüdlü X4 ilə 11 iyun 2022-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə sabit məbləğdə 235 manat olmaqla ümumilikdə 470 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh ilə 01 mart 2019-cu ildə Qahab kənd İcra Nümayəndəliyində nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur. 10 mart 2021-ci il təvəllüdlü X4 və 11 iyun 2022-ci təvəllüdlü X5. Qeyd edirəm ki, evləndikdən sonra yaxşı yola getmişik. Lakin, birinci övladımız dünyaya gələndən sonra mənə olan münasibəti soyumağa başladı. Bir müddət sonra yenidən münasibətimiz yaxşılaşdı. Daha sonra ikinci övladımıza hamilə olan vaxt yenə boş yerə söz-söhbət çıxaramağa başladı. Nilay doğulduqdan sonra əməliyatlı olduğumdan xəstəxanadan anam evinə getdim. Həmin vaxtdan Rahib nə maddi, nə də mənəvi formada nə mənlə, nə də ki, övladları ilə maraqlanmadı. Artıq bir ildən artıq müddətdir ki, uşaqlarla bərabər anam evində yaşayıram. Onların tələbatlarını valideynlərim qarşılayır. Uşaqları saxlamaqda çətinlik çəkirəm. Bu səbəbdən də övladlarımın saxlanması üçün hər ay hər birinə sabit məbləğdə 235 manat olmaqla ümumilikdə 470 manat alimentin cavabdehdən alınıb mənə verilməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş nikah və doğum şəhadətnamələrinin surətlərini və mediasya təşkilatının arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2 il 3 aydır ki, ana evində yaşadığını, cavabdehin nə valideynlərinin, nə də özünün uşaqlarla maraqlanmadığını, 2-ci hamiləliyi ilə bağlı əməliyyat vaxtının təyin edilməsi üçün xəstəxanaya gedərkən qızı Gülayı anasıgilə təhvil vermək istəyəndə cavabdehin buna etiraz edərək onu da xəstəxanaya aparmalı olduğunu dediyini, onun isə uşağı anasıgilə təhvil verdiyini, buna görə cavabdehin onu yolda maşından düşürüb getdiyini, həmin vaxtdan da uşaqlarla maraqlanmadığını, qızının atasını görmək istədiyini, müraciət etməmişdən qabaq yaşadıqları evə gedib qapını döyəndə qapını açıb tərstərs üzünə baxıb yenə örtdüyünü, qızının ağlayaraq qayıdıb “atam mənim oyuncaqlarımı vermədi” dediyini, cavabdehə qarşı heç vaxt pis olmadığını, hər zaman maaşını aparıb onun qarşısına qoyduğunu, evini və həyətini düzəltdirdiyini, maddi imkanları zəif olduğundan məzuniyyət pulunu belə hasar çəkdirməsi üçün olduğu kimi cavabdehə verdiyini, indi isə uşaqlarına sahib çıxmadığını, uşaqlarla niyə maraqlanmadığını bilmədiyini, böyük qızının atası üçün gözyaşı tökdüyünü, onun artıq hər şeyi başa düşdüyünü, nikahın pozulması ilə bağlı məhkəmədə iddia olmadığını, uşaqların cavabdehə səs atıb parka aparmasını xahiş etdikdə telefonu bloka atdığını, uşaqlara cavab vermədiyini, uşaqlarla maraqlanmadığı üçün məcbur qalıb məhkəməyə müraciət etdiyini, Gülayın 3 yaş 6 aylıq, Nilayın isə 2 yaş 3 aylıq olduğunu, 2022-ci ilin may ayının 14-dən ayrı olduqlarını, cavabdehin uşaqlarla bir dəfə belə olsun görüşmədiyini, ayrıldıqdan sonra uşaqlarla maraqlanmadığını, cavabdehin hazırda Ləzzət MMC-də işlədiyini, amma onun aldığı əmək haqqının miqdarını bilmədiyini, ailəli olanda ilk vaxtlar işləmədiyini, sonra köhnə traktoru bərpa etdirib hətta sürücülük məktəbini belə oxuması üçün pul verib ona sürücülük şəhadətnaməsi aldıqlarını, bütün bunları öz əmək haqqısı ilə etdiyini, birinci qızı anadan olduqdan sonra cavabdehin işə girdiyini, amma nə qədər əmək haqqı aldığını demədiyini, onların evinə dava salanın cavabdehin anası və qardaşının arvadı olduğunu, ikinci övladının doğumu ilə bağlı əməliyyata gedəndə də atasının gəlmədiyini, hazırda işə çıxmadığını, sosial məzuniyyətdə olduğunu və cəmi 28 manat birinci uşaq uşaq üçün pul aldığını, işdə olduğu müddətdə isə cəmi 395 manat əmək haqqı aldığını, işə çıxdığı vaxtlar onun üstünə pul qoyub 400 manata çatdırıb cavabdehin borclarını verdiyini, cavadehin atasının torpağında özlərinə həyət evi tikdiklərini, ayrılana qədər həmin evdə yaşadıqlarını, indi isə uşaqlarına anasıgilin baxdığını, qızlarını onu görmək üçün aparanda qapını uşaqların üzünə bağlayıb çıxıb getdiyini, ondan sonra iddia qaldırmaq fikrində olduğunu, onlara ata lazım olduğunu, amma atanın 2 ildən çoxdur ki, övladları ilə maraqlanmadığını, iddiaçının qeyd etdiyi hər uşağa 100 manata razı olmadığını, qaldırdığı iddianı müdafiə etdiyini, azyaşlı olduqlarına görə işə çıxa bilmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2 ildir ki ayrı yaşadıqlarını, uşaqları görmədiyi üçün adlarını da bilmədiyini, ayrı olduqları müddətdə uşaqlara heç bir maddi dəstək göstərmədiyini, özünün “LƏZZƏT” şirkətində sürücü işləyib 550 manat əmək haqqı aldığını, sistemdə görünən əmək haqqı miqdarının çirkli əmək haqqı olduğunu, özünün dolanması və kredit borclarını da ödəməli olduğunu, həmçinin cavabdehin işləməsinin də nəzərə alınmalı olduğunu, hər uşağa 100 manat ödəyə biləcəyini, artığına gücünün çatmadığını, Babək rayonu Qahab kəndində atasının torpağında tikilən evdə yaşadıqlarını, özünün kirayədə qalmadığını, atasıgillə birlikdə yaşadığını, həmçinin aliment ödədiyi başqa övladının olmadığını, iddianı 200 manata dair hissədə qəbul etdiyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında nikah bağlanması, tərəflərin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmaması və məhkəməyə müraciət edənədək tərəflər arasında nikahın pozulmasına dair qarşılıqlı razılığın olmaması işin mübahisəsiz halıdır. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin hazırda yetkinlik yaşına çatmayan iki uşağının olması və atanın uşaqların saxlanılmasında iştirak etməməsi mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarında olan Babək rayonu, Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 945591 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 01 mart 2019-cu il tarixdə nikah bağlanmışdır. Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 632557 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 atası Cavabdeh, anası İddiaçı olmaqla, xx.xx.2021-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 632042 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 atası Cavabdeh, anası İddiaçı olmaqla, xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. AM-in 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-in 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini, cavabdehin əmək haqqının miqdarı nəzərə alınmaqla alimentin əmək haqqının hissəsi miqdarında tutulmasının iddiaçının, dolayısı ilə uşaqların marağını əhəmiyyətli dərəcədə poza biləcəyini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılması zamanı Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarış məlumatlarından onun "Babək Rayon Mərkəzi Xəstəxanası" X7 ictimai səhiyyədə tibb bacısı vəzifəsində işlədiyi və 840 manat əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan isə onun "X11" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü, yükdaşıyan vəzifəsində işlədiyi və 622 manat əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan onların mülkiyyətində daşınmaz əmlak və yolnəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq AM-in 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, yetkinlik yaşına çatmayan uşaqların yaşı, həmçinin tərəflərin gəlirlərini və əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına (iddiaçıya) ödənilməlidir. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 52.60 manat (əlli iki manat altmış qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X280=3360 30+(2260*1%)=52.60 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 10 mart 2021-ci il təvəllüdlü X4 və 11 iyun 2022-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası (iddiaçı) İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 52.60 (əlli iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 10 mart 2021-ci il təvəllüdlü X4 və 11 iyun 2022-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası (iddiaçı) İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 52.60 (əlli iki manat altmış qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar