Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-561/2024 07.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı vəkili-nümayəndəsi vasitəsi ilə “20” avqust 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli qətnaməsi ilə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında müəyyən olunmuş alimentin dəyişdirilərək Cavabdeh 04 sentyabr 2009-cu il təvəllüdlü X4 və 07 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 12 fevral 2009-cu il tarixdə Culfa rayonu, Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşuq. Bizim birgə nikahımızdan 04 sentyabr 2009-cu il təvəllüdlü X9 və 07 oktyabr 2014-cü il təvəllüdlü X7 dünyaya gəlib. Cavabdeh ilə aramızda olan nikah Babək Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən hər iki uşaq mənim yanımda saxlanılmaqla ondan 04 sentyabr 2009cu il təvəllüdlü X5 və 07 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq mənə ödənilməsi müəyyən olunmuşdur. Özüm heç bir yerdə işləmirəm, hərdən bizə qardaşım imkanı olanda maddi köməklik göstərir. Bu səbəbdən də maddi imkanım yaxşı deyil. Cavabdehin uşaqlara ödədiyi 320 manat aliment, uşaqlarımızın bu günə olan maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Aldığım ailment bu gün uşaqlarımızın təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladlarımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin əmək haqqı (başqa gəlirlərinin) 1/3 hissəsindən deyil, sabit pul məbləğində müəyyən olunmasını istəyirəm. Cavabdeh Səfərov X8 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə rəisi işləməklə kənddə yaşayaraq kənd təsərrüfatı işləri ilə məşğul olub yüksək məbləğdə qazanc əldə edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, tərəflərin 12 fevral 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurduqlarını, onların birgə nikahından 2 uşaq dünyaya gəldiyini, Cavabdeh iddiası əsasında 11 iyun 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinin 2(079)-90/2024 nömrəli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulduğunu, həmin qətnaməyə əsasən tərəflərin birgə nikahlarından olan hər iki uşağın ananın yanında saxlanılmasının və uşaqların saxlanılması üçün qarşı tərəfin qazancının və digər gəlirlərinin 1/3 miqdarnda aliment tutulmasının müəyyən edildiyini, iddiaçının heç bir yerdə işləmədiyini, artıq uşaqların böyüdüyünü, onların 11 və 15 yaşlarında olduğunu, hazırki vəziyyətdə bütün əşyaların qiymətlərdə artım müşahidə olunduğunu, iddiaçının uşaqların təhsil xərclərini, yemək və içməyi ilə bağlı xərclərini çatdırıb ödəyə bilmədiyini, cavabdehin ödəmiş olduğu alimentin uşaqların saxlanılması üçün kifayət etmədiyini, cavabdehin Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə rəisi işlədiyini, həmçinin kənddə yaşadığını və kənd təsərrüfatı ilə məşğul olduğunu, yüksək məbləğdə qazanc əldə etdiyini, cavabdehin atasının yanında yaşadığını və atası ilə birlikdə yaşadığından təsərrüfatında mal-heyvan və arı ailələrini birgə idarə etdiklərini, lakin bu barədə sübutunun olmadığını, cavabdehin həmişə iddiaçıya barışıq üçün vədlər verdiyini, lakin buna əməl etmədiyini, iddiaçının boşanan vaxt məhkəməyə gələrsə qarşı tərəfin daha da qıcıqlanacağını fikirləşdiyi üçün məhkəməyə gəlmədiyini, özünün iddiaçıdan nəyə görə nikahları pozularkən məhkəmə iclaslarında iştirtak etməməsini və alimenti sabit pul məbləğində istəmədiyini soruşduğunu, iddiaçının isə cavabdehin valideynlərinin onu yola vermədiyini, bu səbəbdən də öz valideynlərinin yanına getdiyini, cavabdehin onu özü ilə aparacağını bildirsə də aparmadığını, sonra cavabdehin nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini öyrəndiyini, bu səbəbdən də məhkəmə iclaslarında iştirak etmədiyini, birgə qaldıqları vaxt cavabdehin nə qədər əmək haqqı almasından xəbərsiz olduğunu, 4-5 ildir ayrı yaşadıqlarını, tərəflərin nikahları pozulduqdan sonra onların yenidən ailə qurmadıqlarını, tərəflərin əvvəllər kənddə yaşadıqlarını və mal-heyvan saxladıqlarını, daha sonra cavabdehin Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə girdiyini, qarşı tərəfin qazancı gəlirləri barədə sübutunun olmadığını, iddiaçının orta təhsilli olduğunu və işləmədiyini, ona alimentin miqdarının normal olduğunu bildirdiyini, lakin onun uşaqların hazırlığa getdiklərini, bu səbəbdən də alimentin onların xərclərini qarşılamadığını bildirdiyini, iddiaçının himayəsində başqa şəxsin olmadığını, onun qardaşının Bakı şəhərində yaşadığını, uşaqların təhsil xərclərinə qardaşının kömək etdiyini, ayrı qaldıqları vaxt ərzində qarşı tərəfin barışıcaqlarını bildirdiyi üçün iddiaçının ona qarşı alimentlə bağlı iddia qaldırmadığını, cavabdehin məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldıranadək barışıcaqlarını düşündüyünü bildirdiyini, iddiaçının hazırda 320 manat aliment aldığını, iddiaçının məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehin hər ay 190 manat uşaqların təhsil xərclərinə xərclədiyini, həmin məbləğin rəsmiləşdirilməsini, yəni aliment təyin olunarkən hazırda ödənilən alimentin üzərinə hesablanmasını istədiyini, yekunda isə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş qazancın və başqa gəlirlərin 1/3 hissəsində müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləğində hər bir uşağa 235 manat olmaqla ümumilikdə 470 manat alimentin tutulmasını məhkəmədən xahiş etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1-ci və 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, tərəflərin 12 fevral 2009-cu il tarixdə nikaha daxil olması, onların birgə nikahından 04 sentyabr 2009-cu il təvəllüdlü X4 və 07 oktyabr 2014-cü il təvəllüdlü X2 dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və Babək Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli məhkəmə qətnaməsi ilə uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “11” iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 12 fevral 2009-cu ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayonu, Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2009-cu il tarixli, AZ-İİ seriyalı, 334261 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan tərəflərin birgə nikahından 04 sentyabr 2009cu il tarixdə X9 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Culfa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 noyabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 302918 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan tərəflərin birə nikahından 07 oktyabr 2014-cü il tarixdə X7 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “11” iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması, onlar arasında bağlanmış nikahın pozulmasından sonra birgə nikahından olan X3 və X4 iddiaçının yanında qalması, -tərəflərin birgə nikahından olan uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin “11” iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək Cavabdeh birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tələb etməklə alimentin tutulma qaydasının dəyişdirilməsini tələb etməsidir. Məhkəmə iddiaçının tələbini əsasən “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeləri nəzərə almaqla həll etmişdir. Belə ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin məhkəmə bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanı verilmiş olar ki, bu da Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. İşin faktiki hallarından isə müəyyən olur ki, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdir. İddiaçı isə hazırki tələbində cavabdehdən birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını tələb edir, yəni o, əslində alimentin miqdarının dəyişdirilməsini deyil, onun tutulma qaydasının dəyişdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa; -aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; -aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; -aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; -alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını tələb etdiyindən məhkəmə bildirir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd edilən əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Hazırda tələbin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən əsaslarla əlaqəli araşdırılmasından müəyyən edilir ki, cavabdehin qazancı (gəliri) qeyri-müntəzəm və dəyişən deyil, o, qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə almır və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasını mümkünsüz edən, çətinlik törədən hallar mövcud deyil. Bu faktlar "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Cavabdeh iş yerinə dair məlumatlarla öz təsdiqini tapır. Belə ki, həmin məlumatlardan cavabdehin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində direktor müavini işləməsi və aylıq əmək haqqının 833 (səkkiz yüz otuz üç) manat olması müəyyən edilir. İddiaçı tələbində isə cavabdehin kənd təsərrüfatı işləri ilə məşğul olub yüksək məbləğdə qazanc əldə etməsini bildirsə də bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa halların mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil edir. Məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Yuxarıda qeyd edilənləri iddia tələbi ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində özünün işləmədiyini və cavabdehin ona hər ay 320 (üç yüz iyirmi) manat aliment ödədiyini göstərir. Bu isə ona deməyə imkan verir ki, Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat aliment tutulur. İddiaçının isə cavabdehdən Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində aliment tələb etməsi onun özünün uşaqlar qarşısında olan maddi təminat öhdəliyindən azad etməklə yanaşı iddiaçının marağını və uşaqlar qarşısında valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını prinsipini əhəmiyyətli dərəcə pozur. Məhkəmə yuxarıda bildirir ki, mövcud qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh adına torpaq sahəsinin olması və yuxarıda qeyd edilən iş yerində əmək fəaliyyəti ilə məşğul olması aydın olur. Həmçinin həmin məlumatlardan onun adına başqa əmlak və gəlirlərin olmasının mövcudluğu öz təsdiqini tapmır. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının da adına hər hansı əmlak və gəlirin olmaması müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, həmçinin iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın üç aydır ki, pozulmasını, onların başqa şəxslərlə nikaha daxil olmamasını müəyyən etmək olur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. İddiaçı tərəf isə məhkəməyə baxılan mübahisə ilə bağlı diqqətəlayiq halların mövcudluğunu təsdiq edən sübut təqdim etməmişdir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçının nümayəndəsi cavabdehin uşaqların təhsili üçün təyin edilən alimentdən əlavə məhkəməyə sözügedən ərizə ilə müraciət edildikdən sonra 190 manat əlavə ödəməsinə və bu məbləğin cavabdeh tərəfindən könüllü ödənilməsi nəzərə alınmaqla alimentdə əksini tapmasının uşaqların yüksək mənafeyinə xidmət etməsi ilə əlaqələndirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin tələbinin əsası kimi bildirdiyi bu faktları əsaslı hesab edir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşaqların sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşaqların yaşını, tərəflərin gəlir vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehdən yetkinlik yaşlarına çatmayan uşaqların saxlanmaları üçün hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə 360 (üç yüz altmış) manat miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; tərəflərin birgə nikahından olan 07 oktyabr 2014-cü il təvəllüdlü X3 və 07 oktyabr 2014cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə 360 (üç yüz altmış) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 30 manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; - dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, - iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(079)-90/2024 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Tərəflərin birgə nikahından olan 07 oktyabr 2014-cü il təvəllüdlü X3 və 04 sentyabr 2009cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə 360 (üç yüz altmış) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-561/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-561/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver