Məhkəmə qərarları › İş №2(079)-568/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-568/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-568/2024 09.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 saxlanıllması üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumillikdə iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 15 mart 2012-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində 26 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan iki övladımız — xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə həyatı qurduğumuz ilk vaxtlarda birbirimizi başa düşsək də, fərqli xarakterlərə malik olduğumuz üçün cavabdehlə yola gedə bilmirik. Tez-tez aramızda söz-söhbətlər baş verirdi. Artıq üç ildir ki, cavabdehlə ayrı yaşayırıq. Hazırda mən övladlarımla birlikdə valideynlərimin himayəsindəyəm. Övladımı bir ana kimi təkbaşına böyüdürəm, onların təhsil-tərbiyyələri ilə özüm məşğul oluram. Övladlarının saxlanılmasında cavabdeh bir ata kimi heç bir maddi köməklik göstərmir. Özüm heç bir yerdə işləmirəm. Bu səbəbdən də onların maddi tələbatını ödəməkdə çətinlik çəkirəm. Bu səbəbdən də uşaqlarımızın saxlanılması üçün sabit pul məbləğində hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat alimentın Cavabdeh tutularaq mənə ödənilməsini istəyirəm. Qeyd edim ki, cavabdeh avtomobil servisində usta işləyir. Aldığım məlumatlara görə aylıq qazancı 1000 manatdan artıqdır. Aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsəm da, orada mübahisəmiz öz həllini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında 2011-ci ildən faktiki nikahda olub 2012-ci ildən rəsmi nikaha daxil olduqlarını, hazırda isə nikah pozulmadan aliment tələb etdiyini, birgə nikahdan 2 övladlarının olduğunu, Uğurun 12, Lətifənin isə 8 yaşında olduğunu, onların Naxçıvan şəhəri 12 nömrəli orta məktəbdə təhsil aldıqlarını, 2021-ci ildən 3 ildir ki, cavabdehlə ayrı yaşadıqlarını, cavabdeh həmin vaxtdan uşaqların saxlanmasında iştirak etmədiyini, daha çox telefonda danışıb ara-sıra görüşsələr də onların heç bir ehtiyacını qarşılamadığını, uşaqlar və valideynləri ilə birlikdə ata evində yaşadığını, bütün maddi tələbatlarını valideynlərinin ödədiyini, özünün ali təhsilli olsa da, işləmədiyini və hər hansı gəlirinin olmadığını, Nikahda olduqları müddətdə cavabdehin qaz idarəsində işlədiyini, 6-7 il olar ki, həmin işdən çıxdığını, həmin vaxtlar da az əmək haqqı aldığını, onda olan məlumata görə hazırda maşın servisində usta işlədiyini, cavabdehin də orta təhsilli olduğunu, uşaqların əlavə xərc tələb edən hər hansı xəstəliyinin olmadığını bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında isə iddianın təmin olunması və hər uşağa 235 manat olmaqla iki uşağa 470 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında hazırda Qəhrəman Yusifov adlı fərdi sahibkara məxsus maşın servisində işlədiyini, amma rəsmi əmək müqaviləsinin və aylıq əmək haqqının olmadığını, vergi ödəyicisi olmadığını, aylıq 300-400 manat arası qazandığını, müştəri vardısa qazanclarının olduğunu, orta təhsilli olduğunu, iddiaçının dediklərinin düzgün olduğunu, uşaqların saxlanılmasında iştirak etmədiyini, bu nikahdan olan uşaqlardan başqa övladının olmadığını, mülkiyyətimdə heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığını, bir uşağa 100 manat aliment verə biləcəyini, həmçinin işin daimi olmadığını, son dövrlərdə oranı bir neçə nəfər icarəyə götürsə də işlədə bilmədiyini, bu kimi səbəblərdən servisin bir müddət bağlı olduğunu, başqa heç bir işlə məşğul olmadığını, servis bağlı olanda da belə olduğunu, banka və əldən borclarının olduğunu, borclarını ödəyə bilmədiyinə görə barəsində inzibati həbs tətbiq edildiyini bildirmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında isə iddianı qismən qəbul etdiyini, bir uşağa 150 manat olmaqla 300 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 668984 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. İş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 631632 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası isə İddiaçı olan X5 xx.xx.2017-ci ildə doğulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 668984 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası isə İddiaçı olan X6 xx.xx.2012-ci ildə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi müəyyən olunmuşdur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. AM-in 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarış məlumatlarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühərrik/avtomobil üzrə mexanik işlədiyi və 345 manat əmək haqqı aldığı müəyyən olunur. Eyni zamanda iddiaçının izahatı əsasında onun gəlirinin daimi olmadığı, işin həcminə görə dəyişdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan və proses iştirakçılarının üst-üstə düşən izahatlarından isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı, həmçinin tərəflərin üst-üstə düşən izahatlarından heç bir gəlirinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, yetkinlik yaşına çatmayan uşaqların yaşı nəzərə alınmaqla təhsil xərclərini, tərəflərin gəlir və əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda 69.6 (altmış doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X300=3660 30+(2660X1%)=56.6 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 56.6 (əlli altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 56.6 (əlli altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar