Məhkəmə qərarları › İş №2(079)-60/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-60/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-60/2021 22.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən hissəsinin bank hesabına köçürülməsinin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə xx xxxxxx 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləğinin 30 faizinin bank hesabına köçürülməsinin ləğv edilməsini xahiş etmişdir. Vəkil ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehlə 2014-cü ilin sentyabr ayında el adəti ilə toy edib ailə həyatı qurmuş, xx xxxxx 2015-ci il tarixdə Şərur rayonu, Qarxun kəndində rəsmi nikah qeydiyyatından keçmişlər. Həmin nikahdan 1 övladları dünyaya gəlmişdir. Aralarındakı nikah Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, həmin məhkəmənin xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmrinə əsasən cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, cavabdehin həmin məhkəməyə təkrar müraciətinə əsasən alimentin qırx faizinin bank hesabına köçürülməsi barədə tələbi qismən təmin olunaraq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin otuz faizinin bank hesabına köçürülməsi qət olunmuşdur. Sözügedən qətnamə çıxarılan zaman cavabdehin əmək haqqı 2108 manat 9 qəpik olmuş, hazırda eyni orqanda işləsə də əmək haqqı aşağı salınmışdır. 2020-ci ilin fevral ayından etibarən çox aşağı məbləğdə aliment almağa başlamış, məbləğ 50-100 manat arasında dəyişir. Yaşadığı dövrdə bu məbləğlə uşağın maddi tələbatının cüzi hissəsinin ödənilməsi belə mümkün deyildir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işin məhkəmə baxışına hazırlanması və işin məhkəmə baxışına təyin edilməsi barədə qərardadlar qəbul edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Şərur Rayon İcra Hakimiyyəti Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan, Cavabdeh Şərur rayonu, Qarxun kəndində qeydiyyatda olması aydın olur. İşin bu faktiki halını nəzərə alan məhkəmə aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsi ilə müəyyənləşdirilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan görünür ki, ərazi aidiyyəti məsələsini tənzimləyərkən qanunverici başlıca norma kimi iddia ərizənin baxılması üçün cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 36-cı maddəsində göstərilən hallarda isə qanunverici məhkəmə aidiyyətini seçmək hüququnu iddiaçıya vermişdir. Həmin hallardan biri də Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Prosessual normanın tələbindən də görünür ki, burada yalnız alimentin alınmasına dair iddialardan söhbət gedir, bu alimentlə bağlı digər iddiaları özündə ehtiva etmir. Bundan əlavə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1992-ci il tarixli 8-2 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər. Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Yuxarıda sadalananları və iş üzrə iddiaçının seçməsinə görə aidiyyət üçün əsasların mövcud olmadığını nəzərə alan məhkəmə belə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin: - 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. - 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 45.1-ci maddəsində qeyd olunur ki, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə yekunda belə nəticəyə gəlir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Şərur rayonu ərazisində olduğu üçün İddiaçı Cavabdeh qarşı alimentin müəyyən hissəsinin bank hesabına köçürülməsinin ləğvi tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Şərur Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2, 45.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən hissəsinin bank hesabına köçürülməsinin ləğvi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilsin. Mülki iş qərardaddan şikayət vermə müddəti bitdikdən sonra Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar