Məhkəmə qərarları › İş №2(079)-605/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-605/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-605/2023 04.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə hər ay sabit pul məbləği olan minimum yaşayış üçün 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh ilə 05 iyul 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Bizim birgə nikahımızdan 05 mart 2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə həyatı qurandan münasibətlərimiz yaxşı olmuşdur. Ancaq zaman keçdikcə münasibətlər pozulmağa başladı. O nə uşaqla, nə də mənlə maraqlanırdı. 1 ildən artıqdır ki, ayrı yaşayırıq. Ayrı qaldığımız müddətdən uşağın saxlanılmasında heç bir maddi olaraq köməklik etmir. Valideynlərim köməklik edir, ancaq tələbatı qarşılamır. Həmçinin Bakı şəhərində kirayə qalmaq mənim üçün çox çətindir. Uşaq böyüdükcə xərci artır, buna görə də mən uşağın saxlanılmasında çətinlik çəkirəm. 05 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləği olan minimum yaşayış üçün 220 (iki yüz iyirmi) manat pul vəsaitinin ödənilməsini istəyirəm. Mediyasiyaya müraciət etdim mediyasiya prosesində cavabdeh iştirak etmədi üçün mediyasiya arayış verərək məhkəməyə müraciət etməli olduğum bildirildi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında tərəflərin 2013-cü ildən ailəli olduqlarını, ailə qurduqdan sonra bir müddət Sabirabad rayonunda, daha sonra Naxçıvanda yaşadıqlarını, qızının təkidi ilə onlara daima maddi kömək etdiyini, daha sonra tərəflərin yenidən Bakıya gedib marketdə işlədiklərini, onların nikahından X3 dünyaya gəldiyini, hazırda 12 yaşında olmaqla, Bakı şəhəri 188 nömrəli məktəbdə 7-ci sinifdə oxuduğunu, lakin sağlamlıq vəziyyətinin yerində olmadığını, əvvəlcə böyrəyindəki daşın, daha sonra isə 27 sentyabr 2023-cü il tarixdə həmin böyrəyinin əməliyyatla çıxarıldığını, həmin ağır zamanlarda da atasının yanında olmadığını, nəvəsinin əməliyyat xərcini babası olaraq özünün ödədiyini, cavabdehin Moskvaya getməkdə məqsədinin işləmək olduğunu, lakin getdikdən sonra məqsədyönlü hərəkət etmədiyini, bu müddətdə 1 dəfə cəmi 150 manat pul ödədiyini, qızı ilə nəvəsinin Bakı şəhərində kirayədə yaşadıqlarını, iddiaçının uşağın saxlanmasında maddi cəhətdən ciddi çətinlik çəkdiyini, cavabdehin uşaqla arabir telefonda danışdığını, cavabdehin ailəsinin anası ilə ayrı yaşamasına baxmayaraq anasına pul göndərdiyini, lakin öz ailəsindən dəstəyini əsirgədiyini, qızının hazırda marketdə işlədiyini, 400-500 manat aralığında gəliri olduğunu, uşağın əlillliyinin isə müəyyən olunmaq ərəfəsində olduğunu, bununla bağlı müraciət etdiklərini, hələ ki, pensiya almadığını, onun hazırda mütəmadi olaraq müalicə aldığını, cavabdehin harada işləməsi və nə qədər əmək haqqı alması barədə məlumatının olmadığını, amma anasına pul göndərdiyinə görə gəlirinin olduğunu təxmin etdiyini bildirmiş, uşağın müalicəsi üçün az da olsa dəstək olması üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi dəqiqləşdirmə ərizəsində iddia ərizəsində tərəflərin birgə nikahından dünyaya gəlmiş 05 mart 2011-ci il təvəllüdlü X3 doğum tarixi ilə bağlı texniki səhvlik olduğunu, doğum tarixinin 05 iyul 2011-ci il olaraq qeyd edildiyini və məhkəmə tərəfindən uşağın təvəllüdünün 05 mart 2011-ci il olaraq qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən sözügedən ərizə nəzərə alınmaqla iddia tələbinə dəqiqləşdirilmiş iddia elementləri nəzərə aılnmaqla baxılmışdır. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 05 mart 2011-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 688840 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 510907 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X4 xx.xx.2011-ci ildə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşağı saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. AM-in 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılmasının nəticəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda yetkinlik yaşına çatmayan tək uşağının Fidan Qəniyeva olduğu müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əmlak məlumatları üzrə çıxarışdan onların mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. İddiaçının nümayəndəsinin izahatı əsasında müəyyən olunmuşdur ki, X4 hazırda anası ilə qalır və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, yetkinlik yaşına çatmayan uşağın yaşı nəzərə alınmaqla təhsil xərclərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq uşağın anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2023ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X200=2400 30+(1400X1%)=44 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixdən hesablanmaqla, 05 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixdən hesablanmaqla, 05 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar