Məhkəmə qərarları › İş №2(079)-605/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-605/2024

01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-605/2024 01.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “06” sentyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “28” may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 05 may 2023-cü il tarixdə nikahımızı rəsmiləşdirib, 16 iyul 2023-cü il tarixdə ailə qurmuşuq. Bizim həmin nikahdan “28” may 2024-cü il təvəllüdlü X5 adlı bir övladımız doğulmuşdur. Cavabdeh ilə ailə qurduğum ilk gündən anası məni yola vermədi, Ülvi də həmişə anasının mövqeyini müdafiə edib, məni aşağıladılar. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında qayınanamla mübahisəmiz oldu və mən atama zəng vurub bildirdim. Atam gəlib məni öz evimizə apardı. Mən atam evinə gedəndən sonra cavadehgil bir dəfə də olsun mənimlə maraqlanmadılar. Bu kimi səbəblərdən də mən Babək rayon qeydiyyat şöbəsinə müraciət etdim və aramızda olan nikah 06 aprel 2024-cü il tarixdə pozuldu. Hazırda mən övladımla birlikdə atam evində yaşayıram. Özüm heç bir yerdə işləmirəm. Buna görə də maddi imkanım yaxşı deyil, valideynlərimin köməkliyi ilə keçinirik. Uşağın saxlanılması üçün pul lazım olur, tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Cavabdeh isə gedib, Türkiyə Respublikasında işləyib gəlir və yüksək məbləğdə qazanc əldə edir. Ona görə də Cavabdeh qızım Mələyin yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment istəyirəm. X1 Təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində gəlib iştirak etmədiyindən heç bir müsbət nəticə alınmadığı üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Ülvinin nənəsinin həmkəndlisi olduğunu, bu vasitə ilə onu tanıdığını, Ülvi ilə bir-birlərini sevərək 2023-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurduqlarını, ailə qurmamışdan əvvəl 1 il nişanlı qaldıqlarını, birgə nikahlarından 1 uşaq olduğunu, Ülvi ilə ailə qurduqdan sonra 3-4 ay birlikdə yaşadıqlarını, qayınanasının ailə işlərinə müdaxilə etməsi səbəbindən cavabdehlə aralarında mübahisələr yarandığını, birgə qaldıqları vaxt ərzində aralarında çoxlu mübahisə olduğunu, aralarında olan nikahın 2024-cü ilin aprel ayında qeydiyyat şöbəsində pozulduğunu, 06 aprel 2024-cü il tarixdən ayrı yaşadıqlarını, həmin vaxt övladlarının hələ dünyaya gəlmədiyini, 28 may 2024-cü ildə övladı Mələk İbrahimovanın dünyaya gəldiyini, uşağın həmin vaxtdan özünün yanında qaldığını, ayrı qaldıqları vaxt ərzində Ülvinin uşaqla maraqlanmadığını və uşağın saxlanılması üçün ona maddi köməklik etmədiyini, yalnız 1 dəfə İstanbul şəhərindən gələrkən uşağa paltar aldığını və 500 manat süd pulunu ona verdiyini, cavabdehin 09 oktyabr 2024-cü ildə Naxçıvana gəldiyini, uşaq doğulanda Ülviyə bu barədə məlumat vermədiyini, lakin onun uşağın doğulmasını bildiyini, birgə yaşadıqları vaxt cavabdehin moykada və sexdə işlədiyini, lakin nə qədər əmək haqqı almadığını bilmədiyini, qarşı tərəfin qazancı və gəliri barədə sübutunun olmadığını qeyd etmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının bildirdiklərinin yalan olduğunu, iddiaçı ilə aralarında mübahisə yaranmasına səbəb onun gətirdiyi cehiz əşyalarının işlədilməsinə görə baş verdiyini, 9 aydır ayrı yaşadıqlarını, uşaq doğulanda xəbərinin olduğunu, həmin vaxt iddiaçının onu xəstəxanadan özü ilə evlərinə aparmasını istədiyini, özünün isə buket aldığını və iddiaçını evə gətirməsi üçün xəstəxanaya getdiyini, lakin həmin vaxt iddiaçının onunla gəlmədiyini və atası ilə birlikdə getdiyini, bundan sonra barışıq üçün dəfələrlə addım atdığını, lakin faydasının olmadığını, qayınatasının buna imkan vermədiyini, daha sonra Türkiyə Respublikasına getdiyini, həmin vaxt da iddiaçının onunla danışdığını, Türkiyədən qayıdarkən övladına paltar və qızıl bilərzik aldığını, hazırda işləmədiyini, ayrı qaldıqları vaxt ərzində işsiz olduğu üçün uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik etmədiyini, birgə qaldıqları vaxt sexdə və moykada işlədiyini, gündəlik 15-20 manat qazanc əldə etdiyini, hazırda işsiz olduğunu, 150 manat aliment ödəyə biləcəyini, adına “VAZ 2107” markalı avtomobilin olduğunu qeyd etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında əvvəl nikah bağlanması, onların birgə nikahından X5 adlı ümumi uşağın olması, onlar arasında bağlanmış nikahın pozulması, tərəflərin halhazırda ayrı yaşaması və X2 iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 402890 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X3 arasında nikah bağlanması və həmin nikahın pozulması, bunun nikahın pozulması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeydə alınması, - İddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli, AZ-V seriyalı, 215190 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 28 may 2024-cü il tarixdə X5 adlı uşağın dünyaya gəlməsi; - iddia tələbindən və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatından tərəflərin ayrı yaşaması və onların evliliyindən olan ümumi uşağın iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı iddiaçının cavabdehlə birgə nikahından olan övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin mübahisəli halının həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tələb etməklə bunu cavadehin Türkiyə Respublikasında yaşaması və yüksək gəlir əldə etməsi ilə əsaslandırsa da gəlirin mövcudluğunu və miqdarını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi sözü gedən qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq işin məhkəmədə baxılmağa hazırlıq ərəfəsində iddiaçı ilə işin hallarını müzakirə etmiş və ona baxılan tələb üzrə sübuta yetirilməli faktları, həmçinin onu məhkəməyə təqdim edilməli sübutlar əsasında iddianın uğurluluğu perspektivi barədə məlumatlandırılmışdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflərin adına qazanc və ya gəlirlərinin olmasına rast gəlinmir. Həmçinin həmin məlumatlardan Cavabdeh mülkiyyətində nəqliyyat vasitəsinin olması müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “06” sentyabr 2024-cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın qiymətinin (12x150=1800) manat olması nəzərə alınmaqla 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan 28 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “06” sentyabr 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 38 (otuz səkkiz) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 28 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “06” sentyabr 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar