Məhkəmə qərarları › İş №2(079)-63/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-63/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-63/2023 01.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Gülən (Həsənova) Asiya Qadir qızının Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Gülən (Həsənova) Asiya Qadir qızı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 24 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Gülən (Həsənova) Asiya Qadir qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Gülən (Həsənova) Asiya Qadir qızı iddiasını əsaslandıraraq bildirmişdir ki, qızım İddiaçı ilə Cavabdeh 2015-ci il tarixində el adət-ənənəsi ilə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə nikah qeydiyyatından keçməmişlər. 24 aprel 2016-cı il tarixdə X3 dünyaya gəlmişdir Cavabdeh 26 iyul 2017-ci il tarixdə, 38 nömrə ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X3 ilə bu günədək bir dəfə də olsun maraqlanmamış, övladına maddi dəstək olmamışdır. Qanunvericiliyin tələbinə əsasən hər bir valideynin uşağı saxlamaq həm vəzifəsi, həm də borcudur. Qanunvericiliyin mənasına görə cavabdeh Kənan həmin vəzifəsini yerinə yetirmir. İddiaçı tək başına bir övladını saxlayır, onun bütün xərclərini çəkir. Hesab edirəm ki, bu gün bir uşağın saxlanılması üçün ayda 200 manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. Mediyasiaya müraciət etdim mediyasiya prosesində cavabdeh iştirak etmədiyi üçün mediyasiya arayış verərək məhkəməyə müraciət etməli olduğumu bildirildi. Fakt və halların siyahısı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətləri, arayış, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətləri, atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surəti, etibarnamə, mediasiya arayışı və qəbzi, əlavə olunur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Gülən (Həsənova) Asiya Qadir qızının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında izahat verərək iddiaçının qızı olduğunu, tərəflərin 2015cı ildə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurduğunu, onların birgə nikahından 2016-cı il tarixdə X1 dünyaya gəldiyini, yola gedə bilmədiklərindən tərəflərin ayrıldığını, cavabdehin atalığının qanunla nəzərdə tutulmuş şəkildə müəyyən olunduğunu, iddiaçının 2017-ci ildən Türkiyə Respublikasına gedərək orada ailə həyatı qurduğunu, həmin evlilikdən 2 övladının dünyaya gəldiyini, cavabdehin də hazırda başqa bir qadınla ailə həyatı qurduğunu və həmin nikahdan bir övladının olduğunu, nəvəsi Məhəmmədin anadan olduğu gündən bəri onunla birlikdə yaşadığını, ona doğulduğu gündən bəri özünün baxdığını, Məhəmmədin hazırda 7 yaşında olmaqla, Didivar kənd tam orta məktəbində 1-ci sinifdə oxuduğunu, onun ehtiyaclarını çörək sexində işləməklə, həmçinin anasının Türkiyədən arabir göndərdiyi vəsait hesabına qarşıladığını, hazırda böyüdüyündən onun ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini, hazırda aylıq 30 manat olmaqla ödənişli kursa getdiyini, cavabdehin və onun valideynlərinin isə uşağın saxlanmasında iştirak etmədiyini, uşağı gəlib görmədiyini, yolda görəndə belə danışdırmadığını, cavabdeh fərdi olaraq həyətlərdə quyu qazdığını və yaxşı qazanc əldə etdiyini, lakin bu günədək uşağın saxlanılmasında iştirak etmədiyini, ona görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddiaçı ilə 2015-ci ildə ailə qurub, yola gedə bilmədikləri üçün Məhəmməd dünyaya gəldikdən sonra ayrıldıqlarını, Məhəmmədin anası ilə qaldığını, hər ikisinin ikinci dəfə ailə həyatı qurduğunu, iddiaçı tərəfin ilk vaxtlar uşaq üçün göndərdiyi hədiyyələri qəbul etməmələri səbəbindən uşağın saxlanmasında iştirak etmədiyini, uşağın mağazadan aldığı kiçik şeyləri belə qəbul etmədiyini, nənəsinin buna icazə vermədiyini bildirdiyini, uşağın ondan soyudulduğunu, ikinci evliliyindən 1 övladı olduğunu, onun da gözündə problem olduğundan müalicə aldığını, özünün heç bir yerdə işləmədiyini, arabir iş olanda tikinti sahəsində fəhlə kimi işləyib gündəlik 20 manat qazanc etdiyini, ailəsinin maddi ehtiyaclarını birtəhər qarşıladığını, yaşadığı evin atasına məxsus olduğunu və atasının köməkliyi ilə ailəni saxladığını, iddiaçının tələb etdiyi aliment məbləğinin çox olduğunu, həmin məbləği ödəməyə gücüm çatmadığını, aylıq 120 manatdan artıq aliment ödəyə bilməyəcəyini və iddianı həmin hissədə qismən qəbul etdiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 atasının Cavabdeh, anasının isə Gülən (Həsənova) Asiya Qadir qızı olduğu və cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyi işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 135718 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 752302 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X3 xx.xx.2016-cı ildə doğulmuşdur. İş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin üst-üstə düşən izahatlarından isə cavabdehin uşağı saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini, cavabdehin qazancı və ya sair gəlirinin olması barədə sübutların məhkəməyə təqdim olunmamasını, əksinə proses iştirakçılarının cavabdehin sabit gəlirlərinin olmadığı, olduğu vaxtlarda isə qeyri-müntəzəm (dəyişən) olması barədə üst-üstə düşən izahatlarını nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Sözügedən halların araşdırılmasının nəticəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin gəlir məlumatları üzrə çıxarışdan tərəflərin əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş nikah və doğum haqqında şəhadətnamənin surətindən belə məlum olur ki, Cavabdeh 12 avqust 2020-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. İddiaçının nümayəndəsinin izahatı əsasında müəyyən olunmuşdur ki, X3 hazırda faktiki olaraq nənəsi Nümayəndə yanında olur və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi isə heç bir valideynin üzərinə düşmür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 28 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 36.80 (otuz altı manat səksən qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X140=1680 30+(680X1%)=36.80 Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh bir uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub uşağın anası Gülən (Həsənova) Asiya Qadir qızına ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh bir uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub uşağın anası Gülən (Həsənova) Asiya Qadir qızına ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar