Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-654/2025 05.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “24” sentyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün atası Cavabdeh 2 uşağa görə sabit məbləğdə hər ay, hər birinə 246 manat olmaqla, cəmi birlikdə 492 manat alimentin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 02 oktyabr 2014-cü il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə və nikahımız Babək rayonu Güznüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən rəsmiləşdirilməklə ailə qurmuşuq. Bizim həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladlarımız anadan olub. Ailə qurduğumuz ilk vaxtlardan belə ailə münasibətlərimiz normal olmayıb. X1 və baldızım X6 hər zaman ailəmizə müdaxilə ediblər, mübahisələr yaradaraq normal bir ailə kimi yaşamağımıza imkan verməyiblər. Cavabdeh mənə və uşaqlarına qarşı çox məsuliyyətsiz bir insan olub. Uşaqlarımla birlikdə daha çox valideynlərimə məxsus olan evdə həyat yoldaşımdan ayrı yaşamışıq. Qayınanam və qayınatam daha çox məni təhqir edirlər. Övladım Şamxalın səhhətində problemlər olmasına baxmayaraq yoldaşım və onun valideynlərinin yenə də heç bir maddi dəstəkləri olmur. Normal bir insan kimi işləyib ailəyə baxmayıb. İşlədiyi zamanlarda isə ailəyə pul xərcləməyib. Uşağın xatirinə hər zaman səbirli olmağa, ona anlayış və daha da diqqətli olmağa çalışmışam. Amma irəliləyiş olmayıb. Biz demək olar ki, normal bir ailə kimi birlikdə yaşamamışıq. Mən və övladlarım hazırda Babək rayonu Güznüt kəndində valideynlərimlə birlikdə yaşayırıq. Cavabdeh isə valideynləriylə birlikdə Güznüt kəndində yaşayır. Birlikdə yaşamağımız mümkün deyil. Göründüyü kimi artıq ailə münasibətlərimiz tamamilə pozulmuşdur. Nikahın pozulmasıyla bağlı məhkəməyə müraciət etməmişəm. İşləmirəm, valideynlərim əmək pensiyaçısıdırlar. Aldıqları pensiyayla bizi saxlamaları qeyri mümkündür. Uşaqların tələbatları çoxdur. Ancaq cavabdeh bizimlə maraqlanmır və aliment ödəmir, maddi və mənəvi dəstək olmur. Azyaşlı övladlarımın saxlanması üçün aliment tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında uşaqların saxlanılmasında çətinlik çəkdiyini, ona görə aliment tələb etdiyini, 1 aydır ki, ayrı yaşadıqlarını, nikahın pozulması ilə bağlı müraciət etmədiyini, hazırda ata evində qaldığını, uşaqların hər ikisinin özü ilə qaldığını, oğlu Ramalın 10 yaşında olduğunu, bu il 5-ci sinfə gedəcəyini, Şamxalın isə 5 yaşında olduğunu, bu il məktəbəqədər hazırlıq kursuna gedəcəyini, cavabdehin mülkiyyətində iribuynuzlu və xırdabuynuzlu mal-qarasının olduğunu, ailəni də nikah müddətində onunla dolandırdığını, ayrı yaşadıqları müddətdə cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini, kiçik oğlunun böyrəyində xəstəliyin olduğunu, müalicə alsa da, xeyri olmadığını, bu səbəbdən də əlavə xərclərin də olduğunu bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında tələb olunan alimenti ödəməyə imkanının çatmadığını, təsərrüfatında 50-60 heyvanın olduğunu, çobanlıqla məşğul olduğunu, aylıq gəlirinin az olduğunu və daimi olmadığını, qış aylarında isə çox vaxt işləmədiyini, bir uşağa 100 manat olmaqla iki uşağa cəmi 200 manat aliment ödəyə biləcəyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin rəsmi nikahlarının olması, onların birgə nikahından 2 (iki) övladlarının dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi işin mübahisəsiz hallarıdır. Belə ki: - Babək rayon Güznüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 782467 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X8 arasında xx.xx.2014-cü il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilməsi, nikah bağlanılması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Rzayeva” soyadını seçməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 531323 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx.xx.2015-ci il tarixdə X7 adlı övladlarının dünyaya gəlməsi; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 461093 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx.xx.2020-ci il tarixdə X5 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsi və tərəflərin izahatlarından ayrı yaşamaları və birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması, atanın uşaqların saxlanılmasında iştirak etməməsi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 2 uşağa görə sabit məbləğdə hər ay, hər birinə 246 manat olmaqla, cəmi birlikdə 492 manat alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. “Elektron Məhkəmə” informasiya sistemindən tərəflərin gəlir və vergi məlumatları üzrə çıxarışlarından əmək müqaviləsi əsasında gəlirlərinin olması müəyyən olunmur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində, ölkə üzrə minimum əmək haqqı məbləğinin 400 manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmaqla, onlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin üzərinə düşməsini, uşaqların sayını, yaşını və sağlamlıq vəziyyətini, həmçinin cavabdehin gəlir vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay cavabdehdən 140 (bir yüz qırx) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi “24” sentyabr 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x2)=5904) təmin edilmiş hissəsinə (79.04 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(140x2)=3360) 53.60 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün “24” sentyabr 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır; - iddia qalmış hissədə rədd edilməli; - Cavabdeh 53.60 manat (əlli üç manat, altmış qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün “24” sentyabr 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia digər hissədə rədd olunsun. Cavabdeh 53.60 manat (əlli üç manat, altmış qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-654/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-654/2025
05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver