Məhkəmə qərarları › İş №2(079)-678/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-678/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-678/2025 25.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 06 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1798/2019 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan doğulmuş uşağı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-170/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.20 misli miqdarında sabit pul məbləğində alimentin azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Birgə nikahımızdan bir uşağımız xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1798/2019 saylı qətnaməsilə cavabdehlə aramızda bağlanış nikah pozulmuş, birgə nikahımızdan doğulmuş qızımın anasının yanında qalması və uşağın saxlanılması üçün hər ay cavabdehin xeyrinə 160 manat alimentin ödənilməsi qət edilmişdir. Sonradan cavabdeh müəyyən olunmuş alimentin indeksasiya olunması məqsədilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 saylı qərardadına əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1798/2019 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.20 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan verdiyim şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-123/2025 saylı qərardadına əsasən təmin edilməmişdir. Bildirirəm ki, mən xx.xx.2025-ci il tarixdən İsmayıllı şəhərində yerləşən "xxxx" MMC-də satış təmsilçisi işləyirəm və aldığım əmək haqqı müvafiq tutulmalar aparıldıqdan sonra 451 manat təşkil edir. Məhkəmənin qərardadı ilə müəyyən olunmuş alimenti ödəmək üçün 29 manat kimdənsə borc pul almalıyam. Başqa heç bir yerdən gəlirim yoxdur. Eyni zamanda himayəmdə ağır xəstəlikdən əziyyət çəkən atam və yaşlı anam var. Müəyyən olunmuş alimenti ödədikdən sonra özümün gündəlik zəruri xərclərimi hansı vəsait hesabına ödəcəyim sual doğurmaqdadır. Həmçinin qeyd edim ki, müəyyən olunmuş aliment ölkə üzrə uşaqların saxlanması üçün nəzərdə tutulmuş yaşayış minimumundan təqribən iki dəfəyə yaxın artıqdır. Cavabdeh özü Bakı şəhərində valideynlərinin mülkiyyətində olan evdə yaşayır, həmçinin gözəllik salonunda işləməklə müvafiq təminata malikdir. Bildirirəm ki, mənim real gəlirim yuxarıda qeyd etdiyim kimi aldığım rəsmi əmək haqqımdır. Məhkəmənin sözügedən qərardadı məni gəlirlərimin xaricində əlavə maddi məsuliyyətlə yükləməklə, mənim onsuzda ağır olan maddi vəziyyətimi daha da pisləşdirməkdədir. Faktiki olaraq müəyyən olunmuş aliment öhdəliyimi real qazancım müqabilində ödəyə bilməyəcəyim vizual olaraq görünməkdədir. Qeyd edim ki, alimentin azaldılması tələbi ilə tərəfimdən Mediasiya təşkilatına da müraciət edilmiş, lakin cavabdehin iştirak etməməsi səbəbindən Mediasiya prosesi baş tutmamışdır. Bu səbəbdən də mən hazırki tələblə məhkəməyə müraciət edirəm. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirərək, iddiaçının İsmayıllı rayonu ərazisində yaşadığını və "xxxx" MMC-də satıcı işlədiyini, tutqular tutulduqdan sonra 451 manat əmək haqqı aldığını, 480 manat alimenti ödəmək iqtidarında olmadığını, alimenti ödəmək üçün əlavə olaraq 29 manat da pul tapıb əmək haqqının üzərinə qoymalı olduğunu, iddiaçının himayəsində şəkər xəstəliyindən əziyyət çəkən və əmək qabiliyyəti olmayan atası və yaşlı anası olduğunu, adına hər hansı bir daşınmaz əmlakın olmadığını, şəxsin aldığı əmək haqqının alimenti ödəməyə yetmədiyini, həmçinin qalan şəxsi ehtiyaclarını ödəmək üçün də kifayət etmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 cavabdehin yanında saxlanılması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)11798/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 160 manat alimentin təyin edilməsi, alimentin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1.20 misli həddində indeksasiya edilməsi, qərardaddan verilən şikayətin təmin edilməməsi, tərəflər arasında alimentin azaldılması ilə bağlı mediasiya prosesində razılığa gəlinməməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)11798/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi 17 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 160 manat sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşı tamam olana qədər hər ay 30 manat alimentin tutularaq Fatimə Elnur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(001)-1798/2019 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunaraq 17 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,20 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsinin qərara alınması; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-123/2025 saylı qərardadına əsasən şikayətin təmin olunmaması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılmasının qərara alınması; - X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-S-00520 nömrəli arayışdan Cavabdeh xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında (ims) iştirak etməməsi müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 480 manat aliment ödəməli olması, aldığı əmək haqqının müvafiq tutulmalar aparıldıqdan sonra 451 manat təşkil etməsi və müəyyən olunmuş alimenti ödəmək üçün hər ay borc alması, himayəsində ağır xəstəlikdən əziyyət çəkən ata və yaşlı anası olması, aliment məbləği tutulduqdan sonra özünün şəxsi ehtiyaclarını ödəməyə kifayət etməməsi, əmək haqqından başqa gəlirlərinin olmaması ilə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan "X6 Kompani" Məhdud Məsuliyyətli Cəmiyyətində səyyar-satıcı işlədiyi, 500 manat əmək haqqı aldığı müəyyən olunur. İş materiallarına əlavə olunmuş "X6 Kompani" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan aydın olur ki, İddiaçı xx.xx.2024-cü ildən "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyir və onun son 12 ay ərzində əmək haqqı müvafiq tutulmalar aparıldıqdan sonra 451 manat təşkil edir. Həmçinin, iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən vergi məlumatları üzrə çıxarışdan fəaliyyət istiqaməti keytrinq fəaliyyəti olan, ********** VÖEN nömrəli fərdi sahibkar olduğu müəyyən olunur. Əlavə olaraq, cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən gəlir məlumatları üzrə çıxarışdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində agent işləyərək 555.43 manat əmək haqqı aldığı müəyyən olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 nömrəli qərardadı ilə qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1.20 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 480 (dörd yüz səksən) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı müəyyən olunan aylıq gəlirlərinin ümumi alimentin miqdarından aşağı olmasını, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın irəli sürülməməsini, alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1.20 misli həddində indeksasiya edilməsi nəticəsində 1 uşağa görə 480 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini, həmçinin indeksasiyanın nəticəsini diqqətəlayiq hal kimi nəzərə alaraq iddianı əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(001)-1798/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.62 misli həddində müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın təmin edilməsi nəzərə alınmaqla dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1798/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-170/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.62 misli həddində müəyyən edilsin. Azaldılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar