Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-711/2024 05.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 03 aprel 2024-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirmədən 17 iyun 2023-cü evlənmişik. Birgə nikahdan bir övladımız 03 aprel 2024-cü təvəllüdlü X3 doğulmuşdur. Göstərmək istəyirəm ki, cavabdehlə evləndikdən sonra Bərdə şəhərində yaşadıq. İki ay sonra universitetdə dərslərim başladığından Cəhri kəndinə qaynanamgilə gəldim. 03 aprel 2023-cü ildə övladım doğuldu. Onun irsi sferositoz xəstəliyi meydana gəldi. Bunu bilən Mehrab məni təhqir etdi ki, xəstə uşaq doğımusan. Məni döyüb incitməyə başladı. Bu səbəbdən 2024-cü ilin sentyabr ayı uşağı da götürüb, valideynlərim Türkiyədə yaşadığından nənəmin evinə getdim. Gələn bir gündən Mehrab övladının nə saxlanılmasında, nə də müalicəsində heç bir köməklik etməmişdir. İşləmədiyimdən uşağın saxlanılmasında çətinlik çəkirəm. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bildirmək istəyirəm ki, cavabdeh Bərdə şəhəri “N” saylı Hərbi Hissədə zabit kimi xidmət etdiyindən ondan uşağın saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin alınaraq mənə verilməsi istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş nikahın bağlanması, doğum haqqında şəhadətnamələrinin surətlərini və mediasya təşkilatının arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. Azərbaycan Resapublikası MPM-nin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmçinin bildirirəm ki, 'Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdeh 30 oktyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, oğlum irsi sferositoz xəstəsidir. Oğlum doğulan vaxtdan onun xəstə olmasına görə məni günahlandırıblar. Oğlumun müalicəsi üçün mənə heç bir maddi dəstək verməyiblər. Valideynlərim Türkiyə Respublikasında işləyirlər. Övladımın yaşı az olduğundan mənim qayğıma ehtiyacı var. Bu səbəbdən də mən işləyə bilmirəm. Oğlumu hər 3 aydan bir qan köçürülməsi üçün Bakı şəhərinə aparmalı oluram. Bu səbəbdən də övladımın xəstəliyi üçün Cavabdeh pul tələb edirəm. Cavabdehlə 2023-cü ildə el adəti ilə ailə qurmuşuq. Nikah yaşıma çatmadığım üçün nikahımızı rəsmiləşdirməmişik. Hazırda yetkinlik yaşına çatmışam. Övladım mənimlə qalır. Mehrabla ailə qurduqdan sonra mən onun valideynləri ilə birlikdə Babək rayonu, Cəhri qəsəbəsində qalmışam. Cavabdeh isə Bərdə şəhərində yaşayıb. Cavabdeh hər dəfə övladımı təhqir edib, hətta onun doğumu ilə əlaqədar verilən 500 manat süd pulunu cavabdehin nümayəndəsi alıb böyük oğluna nişan mərasimi keçirmişdir. Mən isə həmin vaxt övladımı müalicə alması üçün Bakı şəhərinə apardım və bütün xərcləri özüm çəkdim. Bütün bunlar nəzərə alınmaqla iddia tələbimin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Almaz oğlumla ailə qurduqdan sonra Bərdə şəhərində yaşayırdılar, lakin iddiaçı Naxçıvanda qiyabi ali təhsil aldığı üçün buraya qayıtmalı oldu. Sonra hamiləliyi riskli olduğundan Bərdə şəhərinə qayıda bilmədi. Oğlum isə işi ilə əlaqədar rəsmi nikaha düşmək üçün Naxçıvana gələ bilmədi. Sonra onların uşaqları dünyaya gəldi. Bundan sonra oğlum Naxçıvana gəldi. Həmin vaxt iddiaçı oğluma qarşı “mən səninlə yaşamaq istəmirəm” dediyi üçün münasibətləri pozulmuşdur. İddiaçının bildirdikləri yalandır. Almas öz istəyi ilə evi tərk edib. Onun övladını heç kim təhqir etməyib, o, bizim də övladımızdır. İddiaçı 4-5 ay olar ki, uşağı da özü ilə birlikdə götürüb aparıb və bizə göstərmir. Mən onu müalicəyə aparmağa və müalicə xərclərini çəkməyə hazıram. Mən buna etiraz etmirəm. 500 manat süd pulunu isə cavabdeh özü alıb və uşağın müalicəsinə xərcləyib. Bununla bağlı qəbzləri məhkəməyə təqdim edə bilərəm. İddia tələbini qəbul edirəm, eyni zamanda nəvəmi görmək istəyirəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 03 aprel 2024-cü təvəllüdlü X2 atasının Cavabdeh, anasının isə İddiaçı olması işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4166 nömrəli arayışdan belə məlum olur ki, Cavabdeh 03 aprel 2024-cü ildə vətəndaş İddiaçı doğulmuş, X3 isə onun atası hesab edilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə 42 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-V seriyalı, 053416 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X3 03 aprel 2024-cü ildə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşağı saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini nəzərə alaraq iddiaçının tələbini əsaslı sayır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış uşağın olması müəyyən edildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşağın ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 03 aprel 2024-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Alimentin tutulmasının əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmaqla, 03 aprel 2024-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-711/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-711/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver