Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-717/2025 03.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 21 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 8(079)-70/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək iki uşağa ümumilikdə 180 (bir yüz səksən) manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mənimlə Cavabdeh arasında olan nikah Babək Rayon Məhkəməsinin 2(079)-19/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı övladlarımız xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ananın yanında saxlanılmış və Cavabdeh alimentin sabit pul məbləğinin indeksasiyası barədə iddiasına əsasən Babək Rayon Məhkəməsinin 8(079)-70/2025 nömrəli, 25 oktyabr 2025-ci il tarixli qərardadına əsasən sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0.36 misli həddində indeksasiya edilmişdir. Qeyd edim ki, qeyd olunan alimenti ödəmək imkanım xaricindədir. Özüm Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsində Meşələrin mühafizəsi və bərpası mərkəzində 395 (üç yüz doxsan beş) manat əməkhaqqı ilə bağban vəzifəsində işləyirəm. Əlavə qazanc yerim yoxdur. Onuda qeyd edim ki, anam X7 1-ci dərəcəli əlildir. Həmçinin bacım X8 və atam X12 2-ci dərəcəli əlildir. Onlar məhkəmənin qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişlər. Babək rayon İcra Hakimiyyəti başçısının 29 aprel 2022-ci il tarixli 52 nömrəli sərəncamına əsasən mən anam X7 və bacım X1 qəyyumu təyin edilmişəm. Onların qayğısına mən qalıram, müalicələrini mən həyata keçirirəm, bütün xərclərini mən qarşılayıram. Evin bütün xərcləri, komunal xidmətlərini mən ödəyirəm. Təyin olunmuş alimenti ödədiyim zaman dolanışığımız çətinləşir. Bu səbəbdər də alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Eyni zamanda Cavabdeh həm Naxçıvan MR "X4" də tibb bacısı kimi işləyir. Əlavə olaraq, Zərifə Əliyeva adına şəhər Poliklinikasında tibb bacısı kimi işləyir. Onun pula ehtiyaсı yoxdur. Mənə qərəzli olduğu üçün alimenti artırmışdır. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət olunmuş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş ancaq heç bir razılığa gəlinməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-101/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və həmin məhkəmənin 07 mart 2019-cu il tarixli, 2(079)-19/2019 qərardadı ilə indeksasiya edilmiş aliment miqdarının dəyişdirilərək 26 noyabr 2011-ci il təvəllüdlü X10 və 01 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat olmaqla iki uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin 3 yerdə işlədiyini, alimentə ehtiyacının olmadığını, bunu cavabdehin özünün dediyini, belə ki, cavabdehin əgər uşaqla ünsiyyətdən imtina etdiyim halda alimentdən imtina edəcəyini bildirdiyini, evdəkilərə baxmaqda çətinlik çəkdiyinə görə hər uşağa 90 manat təyin edilməsini tələb etdiyini, evdə tək 3 xəstəyə baxdığını, uşaqlarına baxmaqdan imtina etmədiyini, alimentin 2019-cu ildə iki uşağa birlikdə 180 manat müəyyən edildiyini, 2025-ci ilin oktyabr ayında alimentin miqdarının artırılaraq bir uşağa 144 manat müəyyən edildiyini, 367 əmək haqqı aldığını, başqa gəlirinin olmadığını, bacısı və anasının pensiya aldığını, bacısının 250 manat sosial müavinət, anasının isə 500 manat pensiya aldığını, özünün isə anasına baxdığına görə 120 manat baxım pulu aldığını, bu gəlirlərin onları bəzən gördüyünü, bəzən isə görmədiyini, Mərdin 14, Əfsanənin isə 10 yaşında olduğunu, 9 və 5-ci sinifdə oxuduqlarını, cavabdehin uşaqların hazırlığa getdiyini desə də onları daim həyətdə, evdə gördüyünü, belə ki, qonşuluqda yaşadıqlarını, 144 manat alimentin bir uşaq üçün çox olmadığını, amma qarşı tərəfin bu pula ehtiyacının olmadığını və özünün həmin alimenti ödəməyə imkanının olmadığını bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasındakı nikahın xx.xx.2019-cu il tarixdə pozulması, onların birgə nikahından olan 26 noyabr 2011-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X2 ananın yanında saxlanılması, Babək Rayon Məhkəməsinin 2(079)-101/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 90 manat olmaqla 180 manat sabit pul məbləğində alimentin təyin olunması, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(079)-70/2025 nömrəli qərardadı ilə sabit pul məbləğində alimentin indeksasiya olunaraq hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,36 misli həddində təyin edilməsi mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 175828 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı ilə Cavabdeh arasındakı nikahın xx.xx.2019-cu il tarixdə pozulması və bunun nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeydə alınması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 665183 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 26 noyabr 2011-ci il təvəllüdlü X5 doğulması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 531355 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 01 noyabr 2015-ci il təvəllüdlü X2 doğulması; - Babək Rayon Məhkəməsinin 2(079)-101/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsindən həmin məhkəmənin 07 mart 2019-cu il tarixli, 2(079)-19/2019 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək qətnamə qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 26 noyabr 2011-ci il təvəllüdlü X10 və 01 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər bir uşaq üçün 90 manat olmaqla 180 manat sabit pul məbləğində alimentin tutulmaqla uşaqların anası Cavabdeh ödənilməsi qət edilmişdir. - Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(079)-70/2025 nömrəli qərardadı ilə Babək Rayon Məhkəməsinin 2(079)-101/2020 nömrəli 16 mart 2020-ci il tarixli qətnaməsi ilə 26 noyabr 2011-ci il təvəllüdlü X10 və 01 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər bir uşağa görə ərizəçi Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,36 misli həddində indeksasiya edilmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasın Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də, məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İddiaçı cavabdehlə birgə nikahından olan övladları 26 noyabr 2011-ci il təvəllüdlü X10 və 01 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunduqdan sonra hər ay hər uşağa görə 144 manat tutulan alimentin məbləğinin azaldılaraq bir uşağa 90 manata uyğunlaşdırılmasını tələb etmiş və bunu cavabdehin gəlirinin yüksək olması, 3 yerdə işləməsi, özünün isə əmək haqqının aşağı olması, himayəsində xəstə valideynləri və bacısının olması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, alimentin məbləğinin iddia tələbi həddində azaldılması onun övladlarının normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, Naxçıvan Muxtar Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafi və Biomüxtəlifliyin Qorunması İdarəsində “bağban” vəzifəsində işləyir, 433 manat əmək haqqı alır. Cavabdehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan “Naxçıvan Muxtar Respublikasi X4” X17 peşəkar tibb bacısı işlədiyi və 827.5 manat əmək haqqı aldığı, həmçinin ********** VÖEN nömrəli sahibkar “X11”nun yanında “kosmetikaçı” işləyib 200 manat əmək haqqı aldığı müəyyən olunur. İş materiallarına əlavə olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən xx.xx.2024-cü ildə edilmiş çıxarışdan X1 ikinci dərəcəli əlil olduğu, sağlamlıq imkanlarının məhdudluq müddətinin müddətsiz olduğu müəyyən edilir. İş materiallarına əlavə olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən xx.xx.2024-cü ildə edilmiş çıxarışdan X3 birinci dərəcə sağlamlıq əlil olduğu, sağlamlıq imkanlarının məhdudluq müddətinin müddətsiz olduğu müəyyən edilir. Bununla bərabər, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Babək rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 52 nömrəli sərəncamına əsasən İddiaçı anası 07 iyul 1955-ci il təvəllüdlü X7 və bacısı 13 mart 1986-cı il təvəllüdlü X1 üzərində qəyyum təyin edildiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, AM-in 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. AM-in 88-ci maddəsinə görə yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. Bununla belə “EMİS”-dən sözügedən şəxslərin barəsində olan gəlir məlumatları üzrə çıxarış və iddiaçının izahatından sonuncunun anası X3 pensiya hüququna malik olmaqla aylıq 643.32 manat, bacısı X1 isə 250 manat aylıq gəlirinin olması müəyyən edilir. Ailə məcəlləsinin normalarından da göründüyü kimi yetkinlik yaşına çatmış şəxsin anasını və ya qardaşın bacısını saxlamaq öhdəliyi sonuncuların maddi yardıma ehtiyaclarının olub-olmaması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə isə sözügedən şəxslərin ehtiyacları dövlət tərəfindən qarşılanır və iddiaçının verəcəyi təminata həmin şəxslərin yox, yetkinlik yaşına çatmayan uşaqlarının ehtiyacının olması ağlabatandır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların olması və ya mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin yəni, iddiaçının üzərinə düşür. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği indeksasiya olunduqdan sonra hər uşağa cəmi 144 manat alimentin ödənilməli olmasını uşaqların yaşı və ehtiyacları ilə birlikdə nəzərdən keçirən məhkəmə bunu alimentin azaldılması üçün əsas hesab etmir, sözügedən halın əksini qətnamənin qəbul edildiyi vaxtdan indiyədək tərəflərin ailə və maddi vəziyyətində alimentin azaldılması üçün əsas təşkil edən ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə hər bir uşağın saxlanılmasında valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların yaşı nəzərə alınmaqla ehtimal edilə bilən ehtiyaclarını, indeksasiyanın məqsədini, tərəflərin gəlir vəziyyətini və yuxarıda sadalananları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd oluduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-717/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-717/2025
03.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver