Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-774/2025 06.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “25” noyabr 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 26 dekabr 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün yaşayış minimumuna görə hər ay sabit 246 (iki yüz qırx altı) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən, Cavabdeh ilə 29 mart 2024-cü il tarixdə, 21 nömrəli qeydlə, Babək rayon Qeydiyyat şöbəsində nikaha daxil olmaqla nikahımızı rəsmləşdirib ailə qurmuşuq. Bizim birgə nikahımızdan övladımız doğulmuşdur. Cavabdeh 07 oktyabr 2025-ci il tarixdə məni döyərək sağlamlığıma zərər yetirib evdən qovmuşdu. Mən həmin vaxtdan Şərur rayonu, Axura kəndində valideynlərimin yanında yaşayıram. Cavabdeh isə barəsində həbs qətimkan tədbiri seçilib hal-hazırda istintaq təcridxanasında saxlanılır. Cavabdeh uşağın saxlanılmasına köməklik etmir. Mən uşağı saxlamaqda çətinlik çəkirəm. Heç bir yerdə işləmirəm. Övladımız böyüdükcə onun xərci də artır. Bu səbəbdən də birgə nikahımızdan olan 26 dekabr 2024-cü il təvəllüdlü X1 üçün 2025-ci il uşaqlar üçün yaşayış minimumuna görə uşağa sabit 246 (iki yüz qırx altı) manat miqdarında aliment ödənilməsini istəyirəm. Naxçıvan Mediyasiya təşkilatına nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbi ilə bağlı müraciət etdim, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X5 29.2-ci maddəsinə əsasən bu barədə arayış verilmiş və həmin arayış alınaraq iddia ərizəmə əlavə etmişəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında birgə nikahdan bir uşaq dünyaya gəldiyini, qızı Aylanın 1 yaşı olduğunu, cavabdehlə 07 oktyabr 2025-ci il tarixdən ayrı yaşadıqlarını, Coşqunla ayrı qaldığı vaxt ərzində uşağın saxlanılması üçün nə onun özünün, nə də ailəsinin uşağın saxlanılması üçün kömək etmədiyini, özünün işləmədiyini, hər hansı bir gəlirinin olmadığını, valideynləri ilə birlikdə qaldığını, öz atasının uşağın saxlanılmasına kömək etdiyini, övladının səhhətində problem olmadığını, uşağın geyim və digər ehtiyaclarını qarşılaya bilmədiyini, çətinlik çəkdiyini, bu səbəbdən alimentlə bağlı məhkəməyə müraciət etdiyini, iddianı müdafiə etdiyini bildirmiş və təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz etdiyini, özünün təqaüdçü olduğunu və 320 manat pensiya aldığını, aldığı pensiya ilə ailəni çətinliklə dolandırdığını, oğlunun isə həbs edildiyini, oğlunun bundan əvvəl hərbi qulluqçu işlədiyini, onun ordudan tərxis olunub-olunmadığını bilmədiyini, amma oğlunun hazırda heç bir gəliri və əmlakının olmadığını, iddiaçının şikayətindən imtina etməsi halında oğlunun cəzasının yüngül ola biləcəyini, çünki oğlunun barəsində hazırda istintaq getdiyini və işin hələ məhkəməyə göndərilmədiyini, tərəflər ayrı qaldığı vaxt ərzində uşağın saxlanılması üçün qarşı tərəfə heç bir vəsait göndərilmədiyini, valideynlərin uşağı saxlamaqda bərabər vəzifələrə malik olduğunu, tələb olunan aliment miqdarının yarıya bölünməli olduğunu, lakin oğlu həbsdə olduğundan aliment ödəmək imkanına malik olmadığını, iddiaçı uşağa baxmaqda çətinlik çəkirsə, uşağın özünə verilməsini xahiş etmiş və iddianı qəbul etmədiyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında nikahın bağlanması, hazırda onların ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş X2 anası, yəni iş üzrə iddiaçının yanında qalması və atanın uşağın saxlanılmasında iştirak etməməsi işin mübahisəsiz hallarıdır. Belə ki: - Naxçıvan “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5720 nömrəli arayışdan Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabında 21 № ilə qeydə alınması; - Naxçıvan “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5719 nömrəli arayışdan tərəflərin birgə nikahından xx.xx.2024-cü il tarixdə X4 adlı övladlarının doğulması; - iddia ərizəsi və izahatlardan tərəflərin ayrı yaşamaları, birgə nikahdan olan uşağın iddiaçının yanında qalması və atanın uşağın saxlanılmasında iştirak etməməsi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladı xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın yaşının artdıqca tələbatlarının da artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alaraq hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşağa münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən gəlir məlumatları üzrə çıxarışdan iddiaçının gəlirlərinin olması müəyyən edilməmiş, cavabdehin barəsində digər məhkəmə işləri üzrə çıxarış və izahatlardan isə Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(079)-3/2025 nömrəli qərarı ilə Cavabdeh barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 4 (dörd) ay müəyyən edilməsi və qərarın icrasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilməsi müəyyən olunmuşdur. “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarının 8.1.26-cı bəndinə əsasən qanunun və bu Qaydaların tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etmək həbs edilmiş şəxsin hüququdur. Həmçinin həmin qərarın 14-cü bəndinə əsasən həbs edilmiş şəxslər könüllülük əsasında istintaq təcridxanasının ərazisində haqqı ödənilən işlərə könüllü olaraq cəlb edilirlər. Həbs edilmiş şəxslərin əməyi yalnız istintaq təcridxanasının ərazisindəki kameralarda, istehsalat sahələrində və sexlərdə təşkil olunur. Bu zaman Qanun və bu Qaydalarda nəzərdə tutulmuş həbs edilmiş şəxslərin ayrı saxlanması və təcridetmə tələbləri, habelə mülki və əmək qanunvericiliyinin normalarının tələbləri, texniki təhlükəsizlik qaydaları, sanitariya—gigiyena normalarının tələbləri nəzərə alınmalıdır. İşlərə yalnız müəyyən olunmuş qaydada tibbi müayinədən keçmiş və istintaq təcridxanasındakı işlərə yararlı hesab olunmuş şəxslər buraxılırlar. Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında əmək fəaliyyəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. İşləmək arzusunda olan həbs edilmiş şəxs istintaq təcridxanasının rəisinə ərizə ilə müraciət edir. İstintaq təcridxanasının rəisi ən geci 3 gün müddətində ərizəyə baxmalı və qərar qəbul etməlidir. Həbs edilmiş şəxsin istintaq təcridxanasında işlə təmin edilməsi mümkün olmadıqda, bu barədə ona izahat verilir. Həbs edilmiş şəxslərin əmək haqları qanunvericilikdə nəzərdə tutulmuş tutulmalardan sonra onların şəxsi hesablarına keçirilir. Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında cəlb olunması qadağan olunan işlərin və vəzifələrin siyahısı bu Qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki vəziyyətdə də cavabdehin həbsdə olması ilə bağlı ekstremal vəziyyət onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2026-cı ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində və minimum əmək haqqı məbləğinin isə 400 manat olduğunu, uşağın iddiaçının yanında qalmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşağın sayını, onun yaşını və cavabdehin hazırda həbs yerində saxlanılması ilə bağlı vəziyyətin onun maddi vəziyyətinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 132 (bir yüz otuz iki) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment iddiaçının məhkəməyə müraciət etdiyi 25 noyabr 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x246)=2952) təmin edilmiş hissəsinə (49.52 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x132)=1584) 35.84 manat (otuz beş manat, səksən dörd qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan 26 dekabr 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün “25” noyabr 2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.33 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 35.84 (otuz beş manat, səksən dörd qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 26 dekabr 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün “25” noyabr 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.33 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 35.84 (otuz beş manat, səksən dörd qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-774/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-774/2025
06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver