Məhkəmə qərarları › İş №2(079)-779/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-779/2024

29.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-779/2024 29.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cıı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağın saxlanılmasına 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 10 iyun 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Bizim birgə nikahımızdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə həyatı qurandan münasibətlərimiz yaxşı olmuşdur. Hal-hazırda nikahımız pozulmayıb. Qeyd etmək istəyirəm ki, 27 sentyabr 2024-cü il tarixdən az yaşlı uşaqlarımla birlikdə atamın evində yaşayıram, uşaqlar balaca olduğundan özüm heç yerdə işləmirəm, uşaqlara baxıram. Azyaşlı uşaqların dolanışığını atam təmin edir. Cavabdeh bir dəfə də olsun nə mənimlə, nə də uşaqları ilə maraqlanmamışdır. Uşaqları saxlamaq hər iki valideyinin həm vəzifəsi, həm də borcudur. Lakin cavabdeh uşağın saxlanılmasına maddi köməklik etməyərək valideynlik hüquq və vəzifələrini pozur. Əlavə olaraq bildirirəm ki, uşaqlarımız az yaşlı olduğu üçün heç bir yerdə işləmirəm, yalnız uşaqlara baxıram, əlavə olaraq uşaqların saxlanılmasına maddi köməkliyi atam göstərir. Mediasiyaya müraciət etdim, mediasiya prosesində cavabdeh iştirak etsə də, aliment tələbi ilə razılaşmadığı üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğum bildirildi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 27 sentyabr 2024-cü ildə cavabdehlə ayrıldığını və 2 uşağını da götürərək ata evinə getdiyini, maddi imkanının zəif olduğunu, qızı Ruqiyyənin 10, oğlu Novruzun isə 6 yaşının olduğunu, uşaqların hər ikisinin özü ilə qaldığını, özünün heç bir gəliri və qazancı olmadığını, işləmədiyi üçün uşaqların saxlanılmasında qarşı tərəfin də iştirak etməsini istədiyini, uşaqların saxlanılması üçün 1 uşağa görə 235 manat olmaqla, ümumilikdə iki uşağa görə 470 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini istədiyini, nikah dövründə və hazırda qarşı tərəfin “Fərda Şirniyyat”da işlədiyini və ***-**** manat əmək haqqı aldığını qeyd etmişdir. Sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında əmək müqaviləsi bağlamadan “Fərda Şirniyyat”da işlədiyini və 800 manat əmək haqqı aldığını, iddia tələbini qismən qəbul etdiyini, ümumilikdə 300 manat aliment ödəyə biləcəyini, əlavə gəliri və qazancı olmadığını, əlilliyinin olmadığını, iddiaçı ilə ayrı qaldıqları vaxt ərzində uşaqların saxlanılması üçün ona maddi köməklik etmədiyini qeyd etmiş, sonda iddianın 300 manat alimentin ödənilməsinə dair hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddiaçının uşaqların baxımı ilə məşğul olduğu üçün işləyə bilmədiyini, cavabdehin isə işləyib 800 manatdan artıq əmək haqqı aldığını bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 3361 nömrəli AZ-İ seriyalı, 688607 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 3362 nömrəli arayışdan birgə nikahdan X1 xx.xx.2015-ci il tarixdə Naxçıvan şəhərində anadan olduğu, xx.xx.2015-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən 942 nömrə ilə akt qeydinin tərtib edildiyi, uşağın atasının Cavabdeh, anasının isə İddiaçı olduğu müəyyən olunur. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 3363 nömrəli arayışdan birgə nikahdan X2 xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhərində anadan olduğu, xx.xx.2019-cu il tarixdə Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən 157 nömrə ilə akt qeydinin tərtib edildiyi, uşağın atasının Cavabdeh, anasının isə İddiaçı olduğu müəyyən olunur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini lazımınca yerinə yetirmədiyi müəyyən olunmuşdur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı, lakin vergi məlumatlarından çıxarışdan xx.xx.2024-cü ildən vergi ödəyicisi (VÖEN - **********) kimi qeydiyyatda olması müəyyən olunur. İddiaçının və cavabdehin izahatları əsasında isə Cavabdeh işlədiyi və aylıq 800 manat əmək haqqı aldığı müəyyən olunur. Sözügedən halların araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı, lakin vergi məlumatlarından çıxarışdan xx.xx.2024-cü ildən vergi ödəyicisi (VÖEN - **********) kimi qeydiyyatda olması, tərəflərin üst-üstə düşən izahatlarından isə heç bir gəlirinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, yetkinlik yaşına çatmayan uşaqların yaşı nəzərə alınmaqla təhsil xərclərini, tərəflərin gəlirlərini və əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 66 (altmış altı) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. (12X300=3600 30+(2600X1%)=56 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 56 (əlli altı) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar