Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-93/2021 18.01.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu kreditor “SET HOME” Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: Kreditor “SET HOME” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 432 (dörd yüz otuz iki) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu alınaraq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdi. Ərizəni və ona əlavə olunmuş sənədləri Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələbləri daxilindən yoxlayan məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hər hansı icraat növü üzrə isə müraciət daxil olduqda məhkəmə onun həmin icraat növü üzrə mülki prosessual qanunvericiliyin tələb edilməklə verilib-verilmədiyini yoxlamalıdır. Çünki şəxs məhkəməyə müraciət etməsi zamanı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblərə yerinə yetirilməlidir. Belə ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin verilməsi zamanı qanunvericiliyin tələbinin yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Prosessual normanın tələbindən göründüyü kimi məhkəmə əmrinin verilməsi üçün ilkin şərt kreditorun tələbinin pul və ya əmlak tələbi ilə bağlı olmasıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “SET HOME” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə Borclu qarşı pul tələbi ilə bağlı müraciət etmişdi. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür məhkəmə əmrin verilməsinin əsas şərtlərindən biri də kreditorun tələbinin aşkar olması və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsində məhkəmə əmrinin verilə biləcəyi halların dairəsi müəyyən edilmişdir ki, həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələbin sadə yazılı formada bağlanmış əqdə əsaslanmasıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri yuxarıda qeyd edilən prosessual normaların tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixdə kreditor və borclu arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtlərinə görə borclu tərəfindən dəyəri 432 (dörd yüz otuz iki) manat olan 01 ədəd Samsung Galaxy A20 markalı mobil telefonun dəyəri ilkin ödənişsiz 12 ay müddətində hər ay 36 (otuz altı) manat ödəməsi barədə tərəflər razılığa gəlmişlər. Bu isə o deməkdir ki, kreditorun tələbi borclu ilə arasında bağlanmış yazılı əqdə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Kreditorun tələbinin aşkarlılığı və ya borculunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan əlavə həmin Məcəllənin 586.1-ci maddəsində qeyd edilir ki, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndindən də görünür ki, satıcı müqavilənin qüvvəyə mindiyi gündən sonrakı 1 (bir) iş günü ərzində əmlakın işlək vəziyyətini yoxlayır və tam yaralı vəziyyətdə alıcıya təhvil verir. Müqavilənin 9.1-ci bəndinə görə isə həmin müqavilə imzalandığı andan qüvvəyə minir . Yəni həm Mülki Məcəllənin 567-ci maddəsinin, həm də tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, kreditorun müqavilədən irəli gələn əsas öhdəliyi müqavilə ilə müəyyən edilmiş əşyanı keyfiyyəti yoxlanılmaqla borcluya təhvil vermək, sonuncunun isə müqavilədən irəli gələn əsas öhdəliyi müqavilə ilə müəyyən edilmiş müddətdə həmin müqavilə əsasında əldə etməli olduğu əmlakın dəyərini hissə-hissə ödəməkdir. Hazırki vəziyyətdə isə kreditor öz tələbinin təsdiq edən halların mövcudluğu ilə bağlı təqdim etməli olan əsas sübutlardan biri müqavilə üzrə müəyyən edilmiş əşyanın borcluya təhvil verilməsi olsa da, o bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilən hal isə özlüyündə kreditorun tələbinin aşkarlığına təsir edən amildir. Məhkəmə kreditora bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyil. Mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edirəm ki, hazırki vəziyyətdə kreditorun məhkəmə əmrinin verilməsi haqqında ərizəsi qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1, 279.2 və 279.2.2-ci maddələrinin mahiyyətinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə əmrinin verilməsi barədə ərizə qəbul edilməkdən imtina olunduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.4-cü maddəsinin tələbini nəzərə alaraq kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin həmin Məcəllənin 279.3-cü maddəsi ilə müəyyən edilir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: Kreditor “SET HOME” Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizənin qəbul edilməsindən imtina olunsun. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. “SET HOME” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu qərardaddan şıkayət verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-93/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-93/2021
18.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver