Məhkəmə qərarları › İş №2(079)-93/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-93/2024

22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-93/2024 22.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “08” yanvar 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X1 26 iyul 2016-cı il təvəllüdlü X8 və 15 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh X7 ilə 27 sentyabr 2015-ci il tarixdə ailə qurub, 26 sentyabr 2018-ci il tarixdə nikahımızı rəsmiləşdirmişik. Bizim həmin nikahdan 26 iyul 2016-cı il təvəllüdlü X8 və 15 avqust 2017-ci il təvəllüdlü X9 doğulub. Cavabdeh X7 ilə ailə qurduğumuz ilk günlər ailə münasibətlərimiz normal olub. Lakin bir neçə ay sonra Rasim çox dəyişdi, heç bir səbəb olmadan, hətta ailəsinin yanında belə döyüb nalayiq sözlər işlətməyə başladı. Neçə dəfə ata evinə qayıtmaq istəsəm də ailəsi imkan vermirdi, hətta telefonumu belə əlimdən alırdılar ki, ailəmlə əlaqə saxlamayım. Yenə də ailəmizi, övladlarımızı düşündüyüm üçün bütün əzab-əziyyətə dözürdüm. Evləndikdən təqribən bir il sonra pul qazanmaq adı ilə Türkiyə Respublikasına getdi. Sonradan öyrəndik ki, orada dini nikahla xarici vətəndaşla evlənib. Ailəsinin təsiri ilə Azərbaycana qayıtsa da yenə ailəmizə, uşaqlarımıza sahib çıxmır. Rasim ailəmizə qarşı çox laqeyd və məsuliyyətsizdir. Evli olduğumuz 8 il müddətində bir ata kimi uşaqlarımıza nə qayğı-diqqət, nə də maddi yardım göstərib. Artıq ailə münasibətlərimizin düzəlməyəcəyini görüb 20 yanvar 2023-cü ildən hər iki uşağımla birlikdə ata evinə qayıtmışam. Hal-hazırda da Babək rayonu, Cəhri qəsəbəsində atam evinə yaşayıram. Rasim ayrı yaşadığımız bu müddət ərzində nə zəng edib, nə də hər hansı bir maddi yardım göstərmiş, bir ata kimi uşaqları ilə maraqlanmamışdı. Ona görə də istəyirəm ki, hər iki övladım mənim yanımda qaldıqlarından, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit məbləğdə aliment müəyyən edilsin. Hal-hazırda özüm heç bir yerdə işləmirəm. Bu səbəbdən də maddi imkanım yaxşı deyil. Uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Qeyd edim ki, uşaqların yaşı artdıqca xərcləri də artır. Övladlarımız artıq böyüyüblər və ona görə də məsrəfləri yetərincə artmışdır. Mən aliment tələbi üçün ilkin mediasiya sessiyasında iştirak eləsəm də cavabdeh mediasiya prosesinə gəlmədiyindən orada məsələ öz müsbət həllini tapmamış və artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. 01 fevral 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində soyadları yanlışlıqla “Fərhadova və ya Fərhadlı” kimi qeyd etdiyini, bunların müvafiq olaraq “Fəhradov və ya Fəhradlı kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Rasim ilə 2015-ci ilin sentyabr ayının 27-də ailə qurduğunu, lakin yaşı az olduğundan nikahlarını 2018-ci ilin sentyabr ayının 26-da rəsmiləşdirdiklərini, birgə nikahlarından iki qız övladının dünyaya gəldiyini, hazırda böyük qızının ikinci, balaca qızının isə birinci sinifdə oxuduğunu, 2023-cü ilin yanvar ayının 20-dən cavabdeh ilə ayrı yaşadığını, uşaqların özü ilə qaldığını, Rasimlə ayrı yaşadığı vaxt ərzində cavabdehin valideynləri uşaqlarla görüşsə də, Rasimin uşaqlarla nə görüşdüyünü, nə də onlarla maraqlandığı, hazırda özünün valideynləri ilə qaldığını, işləmədiyini, atasının əlil olduğunu, onun qış fəslində işləmədiyini, ailəni babasının pensiyası ilə dolandırdıqlarını, uşaqların tətil vaxtı 2-3 gün cavabdehin valideynlərinin yanında qalmasından başqa qarşı tərəfin uşaqların saxlanılmasında ona hər hansı köməklik etmədiyini, Rasimin taksi fəaliyyəti ilə məşğul olduğunu, bəzən isə evlərdə işlədiyini, onunla birlikdə yaşadığı vaxt ərzində cavabdehin nə uşaqlara, nə də evə pul xərcləmədiyini, bunu onun valideynlərinin həyata keçirdiyini, amma Rasimin bildirməsinə görə hər ay 1000 manat pul qazandığını, ayrı yaşadıqları vaxt ərzində ailənin bərpası üçün qohumlar tərəfindən addım atılsa da, özünün bunu qəbul etmədiyini, çünki əvvəllər də bu kimi halların təkrarlandığını, amma heç nəyin dəyişmədiyini qeyd edərək, yekunda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172-ci və 185-ci maddələrinin tələbini rəhbər tutan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 26 sentyabr 2018-ci il tarixdə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X10 və X4 anadan olması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 945711 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X2 arasında 26 sentyabr 2018-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 249 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Fəhradova” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 14 dekabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 165709 nömrəli akt qeydindən çıxarışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan tərəflərin 26 iyul 2016-cı il tarixdə X10 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 14 dekabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 165708 nömrəli akt qeydindən çıxarışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan tərəflərin 15 avqust 2017-ci il tarixdə X11 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. Sonuncu qeyd edilən halla bağlı məhkəmə ancaq iddiaçının qeyd etdiklərinə əsaslanması ilə bağlı onu qeyd edir ki, 08 yanvar 2024-cü il tarixli məktubla iddia ərizəsinin surətini və İddiaçı məhkəməyə təqdim etdiyi sübutlar cavabdehə göndərərək ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətlərinin iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. İşin mübahisəli halı isə iddiaçının övladları X5 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X5 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və uşaqların ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, onların yaşını, sayını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay Cavabdeh bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 08 yanvar 2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(235x2)=5640) təmin edilmiş hissəsinə (12x(150x2)=3600) mütənasib olan 48,89 (qırx səkkiz manat, səksən doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan 26 iyul 2016-cı il təvəllüdlü X5 və 15 avqust 2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 08 yanvar 2024cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 48,89 (qırx səkkiz manat, səksən doqquz qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 26 iyul 2016-cı il təvəllüdlü X5 və 15 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 08 yanvar 2024cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 48,89 (qırx səkkiz manat, səksən doqquz qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar