Məhkəmə qərarları › İş №2(080)-105/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-105/2025

25.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-105/2025 25.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin yarısı 25000 (iyirmi beş min) manat tələbinə dair iddiası üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehin oğlu X5 ilə 2015-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. Nikah münasibətlərinə 2025-ci ilin fevral ayında xitam verilmişdir. İddiaçı qeyd edir ki, nikaha daxil olduqdan sonra qayınatası Cavabdeh məxsus olan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Ordubad şəhəri, İstanbul küçəsi, Döngə 1 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən həmin evin yalnız 2 otağı yaşayış üçün hazır vəziyyətdə olmuş və həmin otaqlar onların ailəsi üçün tikilmişdir. İddiaçı bildirir ki, o, həmin ünvana köçdükdən sonra öz vəsaiti hesabına evdə əlavə olaraq 3 otaq, mətbəx, hamam-ayaqyolu və artırma tikdirmiş, həyətdə mişar daşından hasar çəkdirmişdir. Həyətin abadlaşdırılması və tikinti işlərinə sərf olunan vəsait iddiaçıya məxsus olmuş, həmin vəsait onun atası, anası və bacısı oğlu Kamal Qasımov tərəfindən təmin edilmişdir. Hazırda da iddiaçının valideynləri həmin ev üçün alınmış tikinti materiallarına görə kredit ödənişlərini davam etdirirlər. İddiaçı göstərir ki, 10 illik nikah müddətinin yalnız 2 ilini həyat yoldaşı ilə birlikdə yaşamışdır. 2017-ci ildən nikah pozulana qədər keçmiş həyat yoldaşı cəmi 4 dəfə (hər dəfə 10–20 gün olmaqla) Azərbaycan Respublikasına gəlmiş, əsasən Rusiya Federasiyasında yaşamış və ailəyə maddi dəstək göstərməmişdir. Nikah pozulsa da, iddiaçı iki azyaşlı övladı ilə birlikdə hazırda da həmin ünvanda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Sözügedən ev halhazırda Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və bu barədə çıxarış verilmişdir. İddiaçı bildirir ki, cavabdeh çıxarış alarkən evi nəvələrinin (iddiaçının övladlarının) adına keçirəcəyini vəd etmiş, lakin sonradan evi öz adına özəlləşdirmişdir. Bundan əlavə, cavabdeh evi iddiaçının oğlu Həsənin adına rəsmiləşdirmək adı ilə iddiaçıdan 500 manat pul almışdır. İddiaçı həmçinin qeyd edir ki, 2015-ci ildə həmin evə gəlin köçərkən cavabdehin başqa ünvanda ayrıca evi olmuş və hazırda da başqa ünvanda yaşayır. Cavabdehin üç oğlu vardır və hər birinə ayrıayrı ev tikmiş, o cümlədən iddiaçının yaşadığı evi də onlar üçün tikdiyini bildirmişdir. Gəlin köçərkən cavabdeh həmin 7 saylı evin həyətyanı sahə ilə birlikdə iddiaçıya məxsus olacağını bildirmişdir. İddiaçı hesab edir ki, qeyd olunan hallara və öz vəsaiti hesabına həyata keçirdiyi tikinti və abadlaşdırma işlərinə əsasən, Naxçıvan MR, Ordubad rayonu, Ordubad şəhəri, İstanbul küçəsi, Döngə 1 ünvanında yerləşən 7 saylı evə dair cavabdehin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməli və həmin ev üzərində iddiaçının mülkiyyət hüququ təsdiq olunmalı olduğun bidlirərək Naxçıvan MR, Ordubad rayonu, Ordubad şəhəri, İstanbul küçəsi, Döngə 1 ünvanında yerləşən 7 saylı evə dair Cavabdeh adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia predmetinin dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mən, İddiaçı vəkili-nümayəndəsi olaraq bildirirəm ki, müvəkkilim Cavabdeh qarşı Naxçıvan MR, Ordubad rayonu, Ordubad şəhəri, İstanbul küçəsi, Döngə 1 ünvanında yerləşən 7 saylı evə görə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və həmin ev üzərində mülkiyyət hüququnun təsdiq edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Hazırda iş məhkəmənin icraatındadır və növbəti məhkəmə hazırlıq iclası 24 iyun 2025-ci il tarixə təyin edilmişdir.İlkin iddia ərizəsində göstərilmişdir ki, cavabdehin mülkiyyətində olan qeyd edilən fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclər İddiaçı ilə cavabdehin oğlu X5 birgə nikahda olduqları dövrdə onların birgə vəsaiti hesabına həyata keçirilmişdir.İş materialları, faktiki hallar və tələbin hüquqi perspektivi nəzərə alınaraq hesab edirəm ki, iddianın predmetinin dəyişdirilməsi zəruridir. Belə ki, ilkin tələbdə mülkiyyət hüququnun tanınması və çıxarışın ləğvi tələb edilsə də, hazırda mübahisənin daha düzgün və qanuni həlli üçün tələb fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin yarısının cavabdehdən tutulması kimi müəyyən edilməlidir.Qeyd edilən fərdi yaşayış evinin tikintisinə ümumilikdə 50.000 (əlli min) manat vəsait xərclənmişdir. Həmin məbləğin yarısı olan 25.000 (iyirmi beş min) manat iddiaçıya məxsus vəsait hesabına ödənilmişdir. Buna görə də həmin məbləğin Cavabdeh alınaraq İddiaçı ödənilməsi maddi-hüquqi tələb kimi müəyyən edilməlidir.İddia predmetinin dəyişdirilməsi iddianın qiymətinin artırılmasına səbəb olur. Bu baxımdan iddianın qiyməti 25.000 manat məbləğində müəyyən edilməli və artırılmış hissəyə uyğun dövlət rüsumu ödənilməlidir. Dövlət rüsumunun 100 manat hissəsi ödənilmiş, əlavə olaraq 65 manat dövlət rüsumu ödənilməlidir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.2(080)-105/2025 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın predmetinin dəyişdirilməsi qəbul edilsin və işə aşağıdakı tələb əsasında baxılsın:Naxçıvan MR, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin yarısı olan 25.000 (iyirmi beş min) manat məbləğin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Məhkəmə İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia predmetinin dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsin nəzərə alaraq işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı tələbini müdafiə edərək iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etdi.. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı qeyd etdiyi əmlak birgə nikah dövründə tikintiyə çəkilmiş xərc onların arasında bölünməli olduğunu və bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddiaya etiraz etməmişdir. Lakin ekspertizanın keçirilməsi zamanı həmin iclasa qatılaraq öz münasibətini bildirmək üçün şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, iddiaçı ilə oğlu birlikdə nikahda olduqları dövrdə iddiaçının valideynləri tərəfindən evin tikintisinə çəkilmiş xərclərə maddi yardım göstərilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə Naxçıvan MR, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün məhkəmədən tikinti-texniki ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, məhkəmə tərəfindən həmin vəsatət qanunauyğun hesab edilərək nəzərə alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan çıxarışdan görünür ki, həmin sənəd Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmişdir.Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 100.26 kv.m olan fərdi yaşayış evi və 0.06 hektar torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.Həmin daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********40-10301 olaraq göstərilmişdir. İş materiallarından görünür ki, Ordubad Rayon Məhkəməsinin hakimi Tural Haqverdiyevin sədrliyi ilə baxılan 2(080)-105/2025 saylı mülki iş üzrə 25 iyul 2025-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza aparılmış və 20 noyabr 2025-ci il tarixli, 917 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Ekspertiza qarşısında qoyulmuş sual ünvan 1 ünvanında yerləşən, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 108,26 kv.m olan fərdi yaşayış evində aparılmış tikinti-quraşdırma və təmir işlərinə sərf edilmiş vəsaitin müəyyən edilməsindən ibarət olmuşdur. Ekspertiza zamanı iş materialları, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tədqiq edilmiş, obyektə yerində baxış keçirilmişdir. Baxışda iddiaçı iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Ekspert tərəfindən iddiaçının izahatları və mövcud sənədlər əsasında aparılmış tikinti-quraşdırma və təmir işlərinin həcmi müəyyən edilərək smeta tərtib olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2025-ci il tarixli, 917 nömrəli ekspert rəyinə əlavə olunmuş “Ekspertiza xərclərinə dair bildiriş”də aparılmış tədqiqatın dəyərinin 150 (yüz əlli) manat olduğu göstərilmişdir. Mübahisəli halların düzgün müəyyən edilməsi və fərdi yaşayış evində aparılmış tikinti və yenidənqurma işlərinə çəkilmiş xərclərin məbləğinin dəqiq müəyyən olunması məqsədilə Ordubad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(080)-105/2025 saylı qərardadı ilə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardada əsasən, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Ordubad şəhəri, İstanbul küçəsi, Döngə 1 ünvanında yerləşən, 7 saylı, ümumi sahəsi 108,26 kv.m olan və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evində aparılmış əlavə tikinti, yenidənqurma və təmir işlərinin dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılmışdır.Məhkəmənin qeyd olunan qərardadına uyğun olaraq “X2” MMC tərəfindən müvafiq qiymətləndirmə həyata keçirilmiş və NQM.017- 01/26.nömrəli 26 yanvar 2026-cı il tarixli yazılı rəy təqdim edilmişdir. Qiymətləndirmə zamanı evdə faktiki görülmüş işlər, əlavə tikililər, istifadə olunmuş tikinti materialları, habelə xidmət (usta) haqları nəzərə alınmaqla mövcud bazar qiymətləri əsasında hesablamalar aparılmışdır. Təqdim olunmuş qiymətləndirmə rəyinə əsasən, sözügedən fərdi yaşayış evində aparılmış tikinti, əlavə qurğu və təmir işlərinə sərf edilmiş ümumi vəsaitin məbləği 16 705 (on altı min yeddi yüz beş) manat təşkil etdiy göstərilmişdir. “Ekspertiza xərclərinə dair bildiriş”də aparılmış tədqiqatın dəyərinin 150 (yüz əlli) manat olduğu göstərilmişdir Məhkəmə hesab edir ki, ekspertiza məhkəmənin qərardadı əsasında, prosessual qaydalara uyğun şəkildə aparılmış, rəy yazılı formada təqdim edilmiş və tərəflər tərəfindən onun etibarlılığına dair əsaslı etiraz verilməmişdir. Bu səbəbdən məhkəmə həmin rəyi iş üzrə mötəbər sübut kimi qəbul edir və mübahisənin həlli zamanı nəzərə alır. İş materiallarında olan mediasiya arayışından görününr ki, Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞB/16/2026-00174 nömrəli arayışa əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.8-ci maddəsi çərçivəsində tərəflər arasında mübahisənin həlli üçün mediasiya sessiyası təşkil olunmuşdur. Mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə, saat 11:30–12:00 aralığında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 2, mərtəbə 3, otaq 11 ünvanında keçirilmişdir. Sessiyada iddiaçı X6 iştirak etmiş, cavabdeh X3 isə iştirak etməmişdir. Mediasiya prosesinin mövzusu birgə nikah dövründə əldə edilmiş evin dəyərinin müəyyən edilib satılması tələbindən ibarət olmuşdur. Tərəflərə mediasiya sessiyasına dəvət və bildiriş xx.xx.2026-cı il tarixində göndərilmiş və çatdırılmışdır. Beləliklə, mediasiya sessiyasında iddiaçı iştirak etmiş, cavabdeh isə sessiyada iştirak etməmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır Həmçinin Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin birgə vəsaiti hesabına inşa edilən tikili olması sübut olunsa da, yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri iddiaçının iddia etdiyi məbləğ üzrə deyil, ekspertiza tərəfindən müəyyən edilmiş məbləğlə müəyyən edilməlidir. Qanunvericiliyə əsasən həmin evlərə sərf edilmiş cəmi vəsaitin, yəni 16705 manatın 1/2 hissəsi, yəni, 8352,50 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ilkin iddia ərizəsi təqdim edilməsi üçün 50 manat daha sonra iddia predmetinin dəyişdirilməsi və iddia tələbinin artırılması barədə verilən ərizə üçün isə 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə olaraq İddiaçı və cavabdeh X5 2015-ci ildə rəsmi nikaha daxil olmuş, nikahdan iki övladları anadan olmuşdur. Nikah münasibətləri 2025-ci ilin fevral ayında xitam verilmişdir. İddiaçı qeyd edir ki, nikaha daxil olduqdan sonra qayınatası Cavabdeh məxsus Naxçıvan MR, Ordubad rayonu, Ordubad şəhəri, İstanbul küçəsi, Döngə 1 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinə köçmüş və öz vəsaiti hesabına evdə əlavə tikinti və abadlaşdırma işləri aparmışdır. Həyətin abadlaşdırılması və tikinti işlərinə sərf olunan vəsait iddiaçıya məxsus olmuş, həmin vəsait onun valideynləri və yaxın qohumları tərəfindən təmin edilmişdir. Nikah müddətində cavabdeh əsasən Rusiya Federasiyasında yaşamış, ailəyə maddi dəstək göstərməmişdir. Nikah pozulduqdan sonra iddiaçı iki azyaşlı övladı ilə birlikdə həmin ünvanda yaşayır və qeydiyyatdadır. Cavabdeh ev üzərində çıxarışı öz adına almış, eyni zamanda iddiaçıdan 500 manat pul almışdır. İddiaçı və vəkili məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin dəyişdirilməsi və artırılması ilə bağlı ərizə vermişdir. İddianın predmetinin dəyişdirilməsi nəticəsində, mübahisəli fərdi yaşayış evində aparılmış tikinti, əlavə qurğu və təmir işlərinə çəkilmiş vəsaitin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Beləliklə, mübahisəli evin tikintisinə sərf olunmuş ümumi vəsaitin 16.705 manat olduğu müəyyən edilmişdir. . Məhkəmə iş materiallarını, ekspertiza rəylərini, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və texniki pasportu araşdırmış, ekspertiza nəticələrini iş üzrə mötəbər sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və X2 tərəfindən aparılmış ekspertizalar prosessual qaydalara uyğun şəkildə həyata keçirilmiş və hər iki ekspertizanın xərcləri ayrıca hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mübahisəli evin tikintisinə çəkilmiş 16.705 manat xərcin yarısı olan 8.352,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir, ekspertiza xərcləri isə cavabdeh tərəfindən müvafiq ekspertiza mərkəzlərinə ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş 16.705 manat xərcin yarısı, yəni 8.352,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. 300 manat ekspertiza xərci ( Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərci 150 manat, X1 ekspertiza xərci 150 manat cəmi ekspertiza xərcləri cəmi 300 manat.) Cavabdeh tutularaq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və X1 təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar