Məhkəmə qərarları › İş №e-2(006)-140/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-140/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-140/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 iştirakı ilə İddiaçı1 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə ödədikləri 6.300 manat, mənzillərin sahəsinin azlığına görə 29.250 manat və 196,65 manat dövlət rüsumu olmaqla, cəmi 35.746,65 manat məbləğin cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına və Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 34 №-li sərəncamına əsasən "xxxx" MMC ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçiləri olaraq İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (“Əmlak mülkiyyətçiləri”) arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-493 nömrə ilə qeydiyyata alınmışdır. Bu Müqavilənin şərtlərinə əsasən, onların mülkiyyətində olan yuxarıda qeyd olunan ünvanda yerləşən faktiki ərazisi 119,19 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürürlər. Eyni zamanda müqavilə şərtlərinə əsasən (müqavilənin 1.1.2. maddəsi) "xxxx" MMC həmin ünvanda mülkiyyətlərində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirəcək, Bakı şəhəri, Sahib Zeynalov küçəsində inşa etdiyi binanın 6-cı mərtəbəsində 1 (bir) ədəd 118 kv.metr təmirsiz və 1 ədəd 50 kv.metr təmirli mənzili onların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.4-cü maddəsinin tələbinə əsasən “Tikinti şirkəti” ("xxxx" MMC) “Əmlak mülkiyyətçiləri”-nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində “Əmlak mülkiyyətçiləri”-nə ödəmək 1kv.metr-1500 manat, layihəyə uyğun ölçüdən azolma, 1-5 kv.metrdən az olmamalıdır. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC onlarla bağladığı müqavilə üzrə hüquq və öhdəliklərini Cavabdeh2 MTK-ya həvalə edilmişdir. Tikinti işləri başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixdə onalara aid olan mənzili təhvil almaq üçün Cavabdeh2 MTK-nın ofisinə müraciət etmişlər. Lakin, şirkətin məsul əməkdaşı tərəfindən sözügedən müavilədə onlara veriləcək olan mənzillərin satıldığından onlara, müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində, eyni binada, eyni girişdə 12-ci mərtəbədə 3 otaqlı və 13-cü mərtəbədə 1 otaqlı mənzillər təklif edilmişdir. Əlavə olaraq bildirmişlər ki, yeni təklif olunan mənzillərin sahəsi müqavilədə nəzərdə tutulmuş ölçüdən əlavə 4.2 kv.metr artıq olduğundan müqavilə şərtlərində nəzərdə tutulduğu kimi hər kv.metr üçün 1500 manat olmaqla cəmi 6300 manat pul ödəməlidirlər. Onlar mənzillərin sahəsinin böyük olacağına inanaraq, "xxxx" MTK-nın irəli sürdüyü tələbə razılıqlarını bildirmişlər və xx.xx.2022-ci il tarixdə, xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı əlavə olaraq, 060-01 saylı yeni müqaviləyə əlavə imzalamışlar. Müqavilə əlavəsinə əsasən tərəflərindən "xxxx" MTK-ya əlavə 6300 manat ödənilmişdir. Müqavilə əlavəsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki: 1.2.“Əmlak mülkiyyətçiləri”nə veriləcək 168.0 kv/metr (118 kv.metr təmirsiz və 50 kv. metr təmirli mənzillər) nəzərdə tutulan yaşayış sahəsinə ödəniş cədvəlinə uyğun 4.2 kv.metr sahə əlavə olunaraq ümumi sahə 172.2 kv.metr təşkil edir. 1.3. Əlavə olunmuş 4.2 kv.metr sahənin 1 kv.metr satış qiyməti 1500 manat təşkil edir. 1.4. 4.2 kv.metr əlavə sahənin dəyəri 6300 manat təşkil edir. 1.5.“Əmlak mülkiyyətçiləri”, ödəniləcək 6300 manat 3 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq “Tikinti şirkəti”-nə ödəməyi öhdəsinə götürür. 1.6.“Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçiləri”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Sahib Zeynalov küçəsində inşa etdiyi binanın 3-cü blok 12-ci mərtəbəsində 121.3 kv.metr təmirsiz və 3-cü blok 13-cü mərtəbəsində 50.9 kv.metr təmirli mənzilləri “Əmlak mülkiyyətçiləri”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.7. Müqavilənin digər şərtləri dəyişməz olaraq qalır. Göründüyü kimi müqavilənin əlavəsinin 1.7.-bəndinə əsasən xx.xx.2018-ci il tarixli müqavilənin digər şərtləri dəyişməz olaraq saxlanmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" MTK tərəfindən onlara yuxarıda qeyd olunan mənzillərə dair verilmiş maliyyə arayışları əsasında ƏMDX tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən 3 otaqlı mənzil üçün Daşınmaz əmlakın reyestr nömrəsi: **********41- 05301-093002, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2023 olan CİXARİŞ və 1 otaqlı mənzil üçün **********41-05301-093003, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2023 olan cıxarış alınmışdır. Lakin, sözügedən çıxarışlar və texniki pasportları aldıqdan sonra 3 otaqlı mənzilin umumi sahəsinin 121,3kv.m olmalı olduğu halda - 104.60 kv.metr, 1 otaqlı mənzilin umumi sahəsinin isə 50,9 kv.m olmalı olduğu halda - 43.90 kv.metr olduğunu müəyyən etmişlər. Beləliklə, cavabdehlər tərəfindən “Əmlak mülkiyətçi”lərinə ümümilikdə hər iki mənzil üzrə 23.7 kv.metr az sahə verilmişdir. Bununlada cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmadığını və üstəlik onlardan artıq pul vəsaiti aldığını müəyyən etmişlər. Nəticə etibarı ilə, cavabdehlər tərəfindən onların hüquqları pozulmuşdur. Cavabdeh "xxxx" MTK-nın qanunsuz tələbi nəticəsində əlavə ödənilmiş 6300 manat məbləğin geri qaytarması və mənzillərin sahəsinin azlığına görə 29.250 manat məbləğinin “Əmlak mülkiyyətçiləri”nə ödənilməsinə dair xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubu (pretenziya) göndərilmişdir. Lakin, cavabdehlər tərəfindən bu xəbərdarlıq məktubuna (pretenziya) əhəmiyyət verilməmişdir. Daha sonra iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, əlavə ödədikləri 6300 manat, mənzillərin sahəsinin azlığına görə 29.250 manat və 196,65 manat dövlət rüsumu olmaqla, cəmi 35.746,65 manat məbləğin cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 MTK-dan müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci madəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında verilmiş rəydəki texniki uyğunsuzluqların araşdırılmasında iştirak etmiş ekspert Xəyyam İsgəndərov bildirmişdir ki, rəyin bəzi hissələrində 1 otaqlı əvəzinə mötərizədə 3 otaqlı ev göstərilmişdir. Daha sonra 46 saylı mənzil əvəzinə 51-ci mənzil yazılmışdır. Nəticə olaraq sahələrin hamısı düzgündür. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, “Əmlak mülkiyyətçiləri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və müqavilənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* №-li, xx.xx.2018ci il tarixli, RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli və RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli Çıxarışları ilə öz mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən faktiki 119,19 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün “Pilot-1" MMC-yə təhvil verməyi, “Tikinti şirkəti” isə mənzilləri qəbul etməyi və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa etdiyi binanın 6-cı mərtəbəsində 118 kv.metr təmirsiz 1 (bir) ədəd və 50 kv.metr təmirli 1 (bir) ədəd mənzilləri “Əmlak mülkiyyətçiləri”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan hüquq subyekti İddiaçı4 Təvəkkül və başqalarına aid edilmiş ünvan 2 ünvandakı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş Texniki Pasportunda 2-ci mərtəbədə yerləşən 5 otaqlı mənzilin ümumi sahəsinin 106,2 m2, yaşayış sahəsinin 80,6 m2 olması göstərilmişdir (Texniki pasportun xüsusi qeydlər hissəsində arxiv sənədlərinə əsasən mənzilin ümumi sahəsinin 97,6 m2, yaşayış sahəsi 72 m2 olmasına baxmayaraq, texniki inventarlaşma zamanı ümumi sahəsi 106,2 m2, yaşayış sahəsi 80,6 m2 aşkar olunması qeyd edilmişdir). İş materiallarında olan Cavabdeh2 MMC ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 060-01 saylı müqavilənin surətindən görünür ki, “Əmlak mülkiyyətçiləri” 26 sentyabr 2018-ci tarixli 060 №-li bağlanmış müqaviləyə əsasən onlara veriləcək 168,0 kv/metr (118 kv.metr təmirsiz və 50 kv.metr təmirli mənzillər) nəzərdə tutulan yaşayış sahəsinə ödəniş cədvəlinə uyğun 4,2 kv.metr sahə əlavə olunaraq “Əmlak mülkiyyətçiləri”-nə veriləcək mənzillərin ümumi sahəsi 172,2 kv.metr təşkil edir. Əlavə olunmuş 4,2 kv.metr sahənin 1 kv.metr satış qiyməti 1 500,0 manat təşkil edir, 4,2 kv.metr əlavə sahənin dəyəri 6 300,00 manat təşkil edir. “Tikinti şirkəti” Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa etdiyi binanın 3-cü blok 12-ci mərtəbəsində 121,3 kv.metr təmirsiz və 3-cü blok 13-cü mərtəbəsində 50,9 kv.metr təmirli mənzilləri “Əmlak mülkiyyətçiləri”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı4 tərəfindən 060-01 saylı müqavilə üzrə müvafiq olaraq 2100 manat və 4200 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 15 №-li maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 97,6 kv.metr, 5 otaqlı mənzilin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 22 ünvanında inşa olunan 16 mərtəbəli, 229 mənzilli yaşayış kompleksində 3-cü giriş, 12-ci mərtəbə, ümumi sahəsi 121,3 kv.metr olan, 3 otaqlı, 46 saylı mənzil İddiaçı4 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), İddiaçı3 (1/4 hissə) və İddiaçı1 (1/4 hissə) verilmişdir (əvəzləşdirmə müqaviləsi əsasında əvəzləşdirilmişdir) və onlara məxsusdur. Tərəflərin birbirilərinə qarşı tələbləri və borcları yoxdur. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 16 №-li maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 97,6 kv.metr, 5 otaqlı mənzilin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 22 ünvanında inşa olunan 16 mərtəbəli, 229 mənzilli yaşayış kompleksində 3-cü giriş, 13-cü mərtəbə, ümumi sahəsi 50,9 kv.metr olan, 1 otaqlı, 51 saylı mənzil İddiaçı4 (1/4 hissə), İddiaçı2 qızma (1/4 hissə), İddiaçı3 qızma (1/4 hissə) və İddiaçı1 (1/4 hissə) verilmişdir (əvəzləşdirmə müqaviləsi əsasında əvəzləşdirilmişdir) və onlara məxsusdur. Tərəflərin bir-birilərinə qarşı tələbləri və borcları yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin üzvlərinin X1 çıxarışlardan görünür ki, Vətəndaşlar İddiaçı4 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), İddiaçı3 (1/4 hissə) və İddiaçı1 (1/4 hissə) Cavabdeh2 MTK -nə üzv qəbul olunmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 22 ünvanında inşa olunan 16 mərtəbəli, 229 mənzilli yaşayış kompleksində 3-cü giriş, 12-ci və 13- cü mərtəbə, ümumi sahəsi 121,3 kv.metr olan, 3 otaqlı, 46 saylı olan və 50,9 kv.metr olan, 1 otaqlı, 51 saylı olan mənzilin payçıları olması təsdiq edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 104.6 kv.m olan daşınmaz əmlak İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə ¼ hissədə məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 43.9 kv.m olan daşınmaz əmlak İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə ¼ hissədə məxsusdur. İş materiallarında olan iddiaçılar tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMCyə və Cavabdeh2 MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, 6300 manatın və mənzillərin sahələrinin azlığı səbəbindən 29.250 manatın 7 gün müddətində geri ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 6 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən binada 51 saylı mənzili ümumi tikinti altı sahəsi (divar altı, şaxtalar və arakəsmələr daxil olmaqla 59.4 kv. m və 46 saylı mənzilin ümumi tikinti altı sahəsi 129.4 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. ünvan 7 ünvanda “Pilot-1" MMC tərəfindən inşa edilən binada yerləşən 51 saylı mənzilin azaltma əmsalları nəzərə alınmadan faktiki sahəsi 46.4 kv.m., 51 saylı mənzilin faktiki sahəsi 110.7 kv.m təşkil edir. Eyni zamanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda 51 saylı mənzilin ümumi sahəsi 43.9 kv.metr və 46 saylı mənzilin ümumi sahəsi 104.6 kv.m. olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. Tərəflər arasında yaranan münasibətlərə tətbiq oluna biləcək maddi hüquq normalarını araşdırarkən, müəyyən olunur ki, tərəflər arasında ilk olaraq dəyişdirmə münasibətləri formalaşmışdır. Qanunvericilkdə bu münasibətlərə alğı-satqıya aid göstərişlərin tətbiq edilməsinin imperativliyi mövcuddur. Tərfələr arasında sonradan əlavə müqavilə bağlanması və ödənişlərin aparılması artıq podrat münasibətlərin yarandığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Həmin Məcəllənin 664-cü maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 665-ci maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Tərəflər arasında dəyişdirmədən sonra yaranmış podrat münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair qeyd olunmalıdır ki, müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etmişdir. Beləliklə, yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbinin hüquqi əsasını araşdırmaq üçün Mülki Məcəllənin 752.1, 762, 766, 776-cı maddələrinin təhlili aparılmalıdır. Qeyd olunduğu kimi, iddiaçı tərəfindən ona razılaşdırılmış həcmdə mənzil təhvil verilməsi müqabilində üzərinə düşən öhdəlikləri tam icra etmiş, cavabdehin təhvil verdiyi mənzili qəbul etdikdə müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini aşkar etmiş, icranın qüsuru barəsində tələbin iddia müddətini ötürmədən pretenziya etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılarla bağlanan sonuncu müqavilə tərəfi Cavabdeh2 MTK olmuş bununla da, öhdəliyin icrasını tələb etmək hüququ sonuncuya keçmişdir. Odur ki, tələb Cavabdeh2 MTK-ya yönəlməlidir. Tərəflər arasında olan münasibətlərin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçılarla "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanarkən iddiaçılara məxsus əmlakın ümumi sahəsi 106,2 m2 olduğu halda həmin əmlakın faktiki sahəsinin 119,19 m2 olmasını hər iki tərəf qəbul etmişdir. İddiaçıların nümayəndəsi qeyd olunan fərqin (12,99 m2) səbəbini özlərinə məxsus əmlakda yaxşılaşdırmaların və artırmaların aparılması, bu səbəbdən sahə artımının baş verməsi və MMC tərəfindən sahə ölçülərkən bunu nəzərə almaqla müqavilə tərəfləri arasında razılaşdırılmış olması ilə izah etdi. Bununla da görünür ki, iddiaçıların əmlakının həcmi qəbul edilərkən və ona əvəzin həcmi müəyyən edilərkən iddiaçıların faktiki istifadə etdiyi sahə asas kimi qəbul edilmişdir. Tərəflər arasında olan münasibətlərin mübahisələndirilən halı isə müqavilə üzrə qəbul edilmiş sahə əvəzinə verilməsi razılaşdırılmış sahənin reallıqda azlıq təşkil etməsi və bunun əksinə olaraq təhvil verilən sahənin artıq olması əsası ilə ödənişin alınması təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixdə iddiaçılarla Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən iddiaçıların ünvan 8 ünvanda yerləşən faktiki ölçüləri 119,19 m2 ibarət olması əks olunan yaşayış sahəsinin sökülməsi ilə əlaqədar binanın 6-cı mərtəbəsində 1 ədəd 118 m2 təmirsiz və 1 ədəd 50 m2 olan təmirli mənzillərin əmlak mülkiyyətçilərinə verilməsi nəzərdə tutulduğu müəyyən edilmişdir. Sonradan Cavabdeh2 MMC ilə iddiaçılar arasında iddiaçılara təqdim edilmiş mənzillərin ümumi sahəsinin 172.2 m2 olması əsası ilə əlavə 4.2 m2 üçün 6300 manatın ödənilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. Təhvil verilən mənzillərin sahəsinin müqavilədə müəyyən edilən razılaşmaya uyğun olmaması halı ekspertiza təyin edilməklə və mənzillərdə üç meyyar üzrə ölçmələr aparılmaqla (ümumi tikinti altı sahə; azaltma əmsalları nəzərə alınmadan faktiki sahə; qanunvericilik, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydaların tələbləri ilə hesablanmış ümumi sahə) aşkar edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçılardan faktiki sahə üzrə 119,19 m2 əvəzinə 168 m2 ölçüdə iki mənzil verilməli olduğu halda, ekspert rəyinə əsasən onlara azaltma əmsalları nəzərə alınmadan mənzillərin faktiki sahəsinin cəmi 157,1 m2 olan iki mənzil verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 2.2.4-cü bəndində göstərilmişdir ki, əmlak mülkiyyətçilərinə veriləcək sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində əmlak mülkiyyətçilərinə ödəmək (1m2-1500 manat) tikinti şirkətinin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərinin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq razılaşdırılmış ölçüdə mənzilləri iddiaçılaraq təhvil verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, iddiaçılara veriləcək olan ümumi 168 m2 yaşayış sahəsinin faktiki olaraq 157.1 m2 olması müəyyən edildiyindən həmin fərq - 16350 (168-157.1=10.9; 10.9x1500=16350) manat cavabdehdən tutulmaqla iddiaçıların xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların mənzillərə dair müqavilədə göstərilən ölçülərlə DƏDRX tərəfindən iddiaçılara aid mənzillərə xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışda göstərilən olçülərin müqayisəsi və fərqin müəyyən edilməsi müqavilə şərtlərinə zidd olmaqla, bir birinə mütanasib olmayan hesablamaların qarşılaşdırılmasından ibarətdir. Məhkəmə iddia tələbinin “6300 manatın tutulması” hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tam əsaslı olmaqla təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçılara verilən mənzillərin ümumi sahəsinin nəinki 4.2 m2 artıq olması, hətta müqavilədə nəzərdə tutulmuş ölçüdən az olması müəyyən edildiyindən əlavə alınmış 6300 manat iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MTK-dan 22650 (16350+6300=22650) manat tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehdən tutulmalı olan pulun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə qismən aid edilməli və buna görə də, iddiaçılar tərəfindən ödənilmiş 196.65 manat dövlət rüsumunun 157.95 manatı cavabdehdən alınaraq iddiaçılara ödənilməli, qalan 38.7 manat isə iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MTK-dan 22650 manat və ödənilmiş dövlət rüsumuna görə 157.95 manat alınaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 196.65 manat məbləğində dövlət rüsumunun qalan 38.7 manatı iddiaçı Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Cavabdeh2 MTK-dan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ**********0000003944 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar