Məhkəmə qərarları › İş №e-2(006)-2068/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2068/2024

26.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2068/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2, Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və X11 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 MTK-ya qarşı «mənzil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadə hüququ olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülərək yerində tikilmiş hündürmətəbəli yaşayış binasından ona mənzil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmuş və həmin evdə yaşayış hüququ olmuşdur. Hal-hazırda da qeydiyyatı həmin ünvana olsa da, yaşayış hüququ olan mənzil Cavabdeh1 MTK tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir. O da, həmin mənzildə yaşayış hüququ olan digər şəxslər kimi ünvan 1 ünvanda yerləşən evin sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsinə razılıq vermişdir. Cavabdeh isə həmin binadan onlara mənzil vermək öhdəliyi götürmüşdür. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində yazdığı razılıq ərizəsində də göstərmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 MTK tərəfindən sökülməsinə və yerində tikiləcək yaşayış binasından mənzil verilməsinə etiraz etmir. O, istifadə hüququ olan mənzilin sökülməsinə bu şərtlə razı olmuşdur ki, yerində tikilən binadan mənzil verilsin. Həmin zaman onlarla Cavabdeh1 MTK arasında müqavilə də bağlanmışdır. Cavabdeh1 MTK tərəfindən onun hüquqları pozulmuş, o, mənzil hüququna xitam verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 MTK mənzil vermək öhdəliyini yerinə yetirməmişdir. O, ailəlidir. Özünün və ailə üzvlərinin yaşamağa və qeydiyyatda dayanmağa mənzilləri yoxdur. Cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri nəticəsində onun və ailə üzvlərinin bir sıra hüquqları pozulmuş və xeyli zərərə düşmüşlər. Cavabdeh1 MTK-ya ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı bağlanmış müqavilənin və digər sənədlərin əldə edilməsi ilə bağlı verilmiş sorğuya cavabda həmin sənədlərin verilməsindən imtina edilmişdir. Bağlanmış müqavilənin və onunla əlaqədar digər sənədlərin götürülməsi yalnız məhkəmə hazırlıq mərhələsində mümkün ola bilər. Sonradan, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2, X8 və Bakı şəhəri 51 saylı notariat ofisinin mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, istifadə hüququ olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin sökülərək yerində tikilmiş hündürmərtəbəli yaşayış binasından ona mənzil sahəsi və ya pul vəsaiti verilməməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 200.000 manatın cavabdehlər Cavabdeh1 MTK-dan, Cavabdeh2 və X6 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - İddiaçı ünvan 4 ünvanda qeydiyyatda olmuş və həmin evdə yaşayış hüququ olmuşdur. Hal-hazırda da qeydiyyatı həmin ünvana olsa da, yaşayış hüququ olan mənzil Cavabdeh1 MTK tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir. O da həmin mənzildə yaşayayış hüququ olan digər şəxslər kimi ünvan 4 ünvanda yerləşən evin sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsinə razılıq vermişdir. Cavabdeh isə həmin binadan onlara mənzil vermək öhdəliyi götürmüşdür. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində yazdığı razılıq ərizəsində də göstərmişdir ki, qeydiyyatda olduğu ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" MTK tərəfindən sökülməsinə və yerində tikiləcək yaşayış binasından mənzillər verilməsinə etiraz etmir. O, istifadə hüququ olan mənzilin sökülməsinə o şərtlə razı olmuşdur ki, yerində tikilən binadan mənzil verilsin. Həmin zaman onlarla "xxxx" MTK arasında müqavilə də bağlanmışdır. Cavabdeh "xxxx" MTK tərəfindən onun hüquqları pozulmuş və o, mənzil hüququna xitam verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh "xxxx" MTK mənzil vermək öhdəliyini yerinə yetirməmişdir. O ailəlidir. Özünün və ailə üzvlərinin yaşamağa və qeydiyyatda dayanmağa mənzili yoxdur. Cavabdeh "xxxx" MTK-nın qanunsuz hərəkətləri nəticəsində onun və ailə üzvlərinin bir sıra hüquqları pozulmuş və xeyli zərərə düşmüşlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində "xxxx" MTK-ya qarşı mənzil verilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, mənzilin mülkiyyətçisi atası - X16 "xxxx" MTK ilə 01 mart 2022-ci il tarixdə “daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlamışdır, ikinci müqavilə bağlanarkən atası - X16 ilə Cavabdeh1 MTK arasında bağlanmış iyirmi üç fevral 2022-ci il tarixli müqavilə ləğv edilməmişdir. Tərəflər arasında bağlanmış iyirmi üç fevral 2022-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinə əsasən MTK əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin əvəzinə inşa ediləcək binanın 2-ci girişində, 8-ci mərtəbə, 152 saylı, 137,1 kv.m sahəsi olan 3 otaqlı təmirli mənzili və inşa ediləcək binanın 2-ci girişində, 8-ci mərtəbə, 154 saylı, 185,6 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli mənzili əmlak mülkiyyətçinin mükiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan tərəflər bu müqaviləni ləğv etmədən ikinci müqavilə bağlamışlar. Həmin müqavilənin 4-cü bəndinə əsasən əmlak mülkiyyətçisi daşınmaz əmlakı 419.500 (dörd yüz on doqquz min beş yüz) manata Cavabdeh1 MTK-ya satmışdır. Bir müqavilə ləğv edilmədən tələm-tələsik ikinci müqavilənin bağlanması və nəticədə onun hüquqlarının pozulması tərəflər arasında qanunsuz sövdələşmənin baş tutduğunu bildirməyə əsas verir. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi daşınmaz əmlakın digər yerlərə nisbətdə daha bahalı yer kimi tanınır. Burada atası - X9 137.1 kv.m sahəsi olan 3 otaqlı təmirli mənzilin və 185,6 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli mənzilin əvəzinə 419.500 (dörd yüz on doqquz min beş yüz) manat almasına razılaşması və buna dair müqavilə bağlaması inandırıcı görünmür. Daşınmaz əmlakın 2022-ci il qiymətləri ilə yuxarıda götərilən təmirli evlərin qiyməti təqribən 700.000 (yeddi yüz min) manatdır. Atasının bu qiymətdə olan mənzillərin əvəzinə 419.500 (dörd yüz on doqquz min beş yüz) manat almağa razılaşması tərəflər arasında onun hüquqlarının pozulması ilə bağlı qanunsuz razılaşmanın olduğunu göstərir. Məhkəmədə onun həmin mənzilin satılması ilə bağlı notarial qaydada razılıq verdiyi barədə sənəd təqdim edilmişdir. Onun belə bir sənəd imzalaması yadında deyil. Bu sənədə atası yəqin ki, tələm-tələsik qol çəkdirmişdir. Əks halda o, bu razılığı könüllü vermiş olsa belə, o, təmirli 3 otaqlı və təmirli dörd otaqlı əvəzinə pul alınacağını və həmin puldan onun payının veriləcəyini düşünmüşdür. Həmin zaman atası - X16 onkoloji xəstə olmuşdur. Cavabdehlər onun bu vəziyyətindən istifadə edərək bu cür qanunsuzluqları etmişlər. Cavabdehlər Cavabdeh2 və X17 tərəflər arasında müqavilələr bağlanarkən onun yazdığı razılıq ərizəsindən yazmışlar. Necə olur ki, onlar gələn vəsaitin hamısını ələ keçirərək bahalı mülklər və maşın almışlar. Yaşayış hüququ olan mənzilin sökülməsi nəticəsində ya mənzil ya da pul verilməsi ilə bağlı onun qanuni və haqlı gözləntisi olmuşdur. Lakin, cavabdehlərin qanunsuz fəaliyyətləri nəticəsində ona çatası mülkdən və ya pul vəsaitindən məhrum edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X2 iddianı qəbul etmədi, iddiaya etirazda qeyd olunanlara uyğun izahat verdi və məhkəmədən iddianın MTK-ya münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o və oğlu mərhum əri ilə birlikdə sökülmüş mənzildə yaşamışlar. Mərhum əri Mənzil Tikinti Kooperativi ilə müqavilə bağlamışdır. O da digər şəxslər kimi müqavilə bağlanmasına razılıq vermişdir.Odur ki, ona qarşı hər hansı tələb irəli sürülə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X17 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X8 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, tamamilə əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzib olunmaz sübuta əsaslanmadığından iddia ərizəsi rədd olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında hər hansı müqavilə bağlanmamış və MTK tərəfindən sonuncuya mənzil verilməsi ilə bağlı hər hansı öhdəlik götürülməmişdir. xx.xx.1994-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüquqları əsasında X12 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 128 B saylı evin sökülməsi və əvəzində yerində inşa olunacaq hündürmərtəbəli yaşayış binasından mənzil verilməsi ilə bağlı X16 ilə Cavabdeh1 MTK arasında xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq olunmuş müqavilə bağlanmış və sözügedən müqavilə bağlanarkən sözügedən mənzildə daimi pasport qeydiyyatında olan şəxslərin, o cümlədən İddiaçı notariat qaydada təsdiq olunmuş razılıqları alınmışdır. Daha sonra isə X16 ilə Cavabdeh1 MTK arasında bağlanmış və notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Şirzad Əliyev xüsusi mülkiyyət hüquqları əsasında özünə məxsus olmuş yuxarıda qeyd olunan mənzili Cavabdeh1 MTK-ya satmışdlr. Sözügedən alğı-satqı müqaviləsinin təsdiqi zamanı da həmin mənzildə qeydiyyatda olan şəxslərin, o cümlədən İddiaçı notariat qaydada təsdiq edilmiş razılıqları olmuşdur. Bu səbəbdən, İddiaçı iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və T.Əliyevin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, hazırki iş üzrə sonuncu məhkəmə prosesində qeyd etdiyi kimi mərhum X16 tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi ev 8 A nömrəli fərdi yaşayış evi sonuncu orada yaşaması üçün verilmişdir. İddiaçı özü də məhkəmə prosesində həmin evdə uzun müddətdir ərzində yaşadığını bildirmişdir (həmin evlə bağlı sənədlər etiraza əlavə olunur). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan «istifadə hüququ» Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Konstutisiya məhkəməsi qərara alaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsinə könüllü olaraq istifadə hüququna xitam verilməsini bildirmişdir. Bununla bağlı sənədlər digər Cavabdeh1 MTK tərəfindən iş materiallarına əlavə edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evində (ünvan 3 ünvanda yerləşən fərdi yaşayış) hər hansı istifadə hüququ olmamışdır. Bu səbəbdən onun subyektiv hüququ yaranmadığından və cavabdehlərdən pul tələb etməsi tam qanunsuz və əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 və X11 qarşı «pul» tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 30/5911 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 11 ünvanda yerləşən ev xüsusi mülkiyyət kimi X9 adına hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 16 saylı reyestr kitabında 2336 saylı səhifədə müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 21 fevral 2022-ci il tarixli ******* saylı arayışından görünür ki, X16, Cavabdeh2, X17 və İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 375078 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X13 arasında nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında eyni tarixdə 372 nömrə ilə qeydiyyat aparılmaqla nikah bağlanmışdır. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2013-cü il tarixli hesabat cədvəlindən görünür ki, həmin MMC tərəfindən X9 istifadəsində olan ünvan 8 ünvanda yerləşən əmlakın inventarlaşdırılmasına dair hesabat cədvəli tərtib olunmuş, həmin hesabata zəruri sənədlər əlavə edilmişdir. Vətəndaşın ərizəsinə əsasən evin dəyəri müvafiq qərarla təsdiq edilmiş cədvəllərə əsasən hesablanaraq 35.420 manat dəyərində olduğu müəyyən edilmişdir. Cavabdeh1 MTK və X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 68 nömrəli alqısatqı müqaviləsindən görünür ki, satıcı ünvan 9 ünvanında inşa etdiyi 16 mərtəbəli binadın 5-ci girişində, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.1 kv.m, 3 otaqlı, 391 nömrəli mənzili alıcıya verməyi və alıcı isə mənzilin dəyərini (178.230 manat) ödəməyi öz öhdəliyinə götürmüşdür. Cavabdeh1 MTK və X18 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 75 nömrəli alqısatqı müqaviləsindən görünür ki, satıcı ünvan 9 ünvanında inşa etdiyi 16 mərtəbəli binadın 2-ci girişində, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 100.6 kv.m, 2 otaqlı, 166 nömrəli mənzili alıcıya verməyi və alıcı isə mənzilin dəyərini (120.700 manat) ödəməyi öz öhdəliyinə götürmüşdür. Cavabdeh1 MTK və X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104 nömrəli alqısatqı müqaviləsindən görünür ki, satıcı ünvan 9 ünvanında inşa etdiyi 16 mərtəbəli binadın 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 64.85 kv.m, 2S otaqlı, 250A nömrəli mənzili alıcıya verməyi və alıcı isə mənzilin dəyərini (87.550 manat) ödəməyi öz öhdəliyinə götürmüşdür. «Elektron Notariat» AİS-dən çıxarışdan, eləcə də, 8İ-1656 reyestr sayı ilə qeydiyyata alınmış ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 MTK tərəfindən sökülməsinə və yerində tikiləcək yaşayış binasından mənzil verilməsinə etiraz etməmişdir. İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli **********656 nömrəli, 8İ- 1656 reyestr nömrəli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 MTK tərəfindən sökülməsinə və yerində tikiləcək yaşayış binasından mənzil verilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq edilmiş 8İ-1661 saylı ərizədən görünür ki, Cavabdeh2 və X17 qeydiyyatda olduqları ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 MTK tərəfindən sökülməsinə və yerində tikiləcək yaşayış binasından mənzil verilməsinə etiraz etməmişlər. xx.xx.2022-ci il tarixli 3-M-434 reyestr saylı, 90 nömrəli müqavilədən (mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında) görünür ki, Cavabdeh1 MTK ilə X16 arasında ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 284 m2 olan fərdi yaşayış evinin sökülmək üçün təhvil verilməsi, həmin fərdi yaşayış evinin əvəzinə inşa ediləcək binanın 2-ci girişində 152 saylı təmirli mənzilin, 154 saylı təmirli mənzilin mülkiyyətçiyə verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş 8İ-1874 reyestr saylı ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına və evdən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmiş, habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş 8İ-1873 reyestr saylı ərizədən görünür ki, X17 qeydiyyatda olduğu ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına və evdən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmiş, habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş 8İ-1877 reyestr saylı ərizədən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X16 mülkiyyətində olan ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evini 419.500 manata Cavabdeh1 MTK-ya satmışdır. xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, X16 və Cavabdeh1 MTK öz aralarında bağladıqları xx.xx.2022-ci il tarixli 3-M-434 reyestr saylı, 90 nömrəli müqaviləni ləğv etmişlər. Bakı şəhəri 51 saylı notariat ofisinin 07 iyun 2022-ci il tarixli 1574 saylı məktubundan görünür ki, X16 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-Ə-401 reyestr saylı alğı-satqı müqaviləsi üzrə öhdəlik alıcı Cavabdeh1 MTK tərəfindən tam yerinə yetirilmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X16 Bakı şəhəri Nərimanov rayonu X23 küçəsi 115 saylı evin 27 saylı mənzilini Cavabdeh2 hədiyyə vermişdir. ƏMDX DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X23 küçəsi 115 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh2 adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 1627 saylı reyestr kitabının 149208 saylı vərəqində qeydiyyata alınmışdır. «X5» MMC-nin 04 iyul 2024-cü il tarixli 108 saylı məktubundan görünür ki, 01 iyul 2024-cü il tarixdə «X5»nə daxil olmuş e-2(006)-2068/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən, İddiaçı Cavabdeh1 MTK-ya qarşı «mənzil verilməsi» tələbinə dair mülki iş üzrə ünvan 3 ünvanda yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli tikilidə 137,1 m2 sahəsi olan 3 otaqlı təmirli mənzilin və 185,6 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli mənzilin 01 mart 2022-ci il tarixinə satış qiymətləri barədə müvafiq mütəxəssis arayışının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bununla əlaqədar olaraq, Mərkəzin qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən olunmuşdur ki, sözügedən mənzillər məkan baxımdan «Olimpik Star» idman və əyləncə mərkəzinə, «Niaqara» restoranına, X20 və Azərbaycan Tibb Universitetinə yaxın ərazidə yerləşir. Daşınmaz əmlakın alğı-satqısı, icarəsi və qiymətləndirilməsi ilə məşğul olan müxtəlif hüquqi-fiziki şəxslərdən əldə edilmiş şifahi sorğulara, hazırkı dövr üzrə məlumatları özündə əks etdirən müxtəlif mənbələrə (qəzet, jurnal, web saytlar və s.) və Mərkəzin baza məlumatlarına istinad olunaraq müəyyən olunmuşdur ki, yuxarıda qeyd edilən ərazidə (ünvanda) yerləşən oxşar (analoji) təmirli mənzillərin hazırkı dövr üzrə 1 kv.m-nin orta bazar qiymətləri ilə dəyəri 2400,00 - 2600,00 manat, orta hesabla 2500,00 manat məbləğində müəyyən edilir. Hazırkı dövr üzrə daşınmaz əmlak bazarında olan qiymətlərdə 01 mart 2022-ci il tarixdə olan qiymətlərlə müqayisədə 15 % miqdarda artım müşahidə edilir. Belə olan halda, ünvan 13 ünvanda yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli tikilidə 3 və 4 otaqlı təmirli mənzillərin 01 mart 2022-ci il tarixə otan 1 kv.m-nin təqribi orta bazar qiymətləri ilə dəyəri 2125,00 (2500,00-15%) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-16/2- 99091/2024 saylı məktubundan görünür ki, X8 adında xx.xx.2022-ci il tarixdən «Hyundai Elantra» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cavabdeh2 adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 11 saylı mənzili, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 28 saylı evin 44 saylı mənzili və Bakı şəhəri Nərimanov rayonu X23 küçəsi 115 saylı evin 27 saylı mənzili qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba 9 vərəqdən ibarət sənədlər (alğı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4 Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 28 saylı evin 44 saylı mənzilini Cavabdeh2 63.500 manata satmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına 03 avqust 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Samira Kerimova Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 11 saylı mənzilini Cavabdeh2 63.500 manata satmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına 21 iyun 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 MTK-nın Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 70 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 128B saylı yaşayış sahəsinin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binasının inşa edilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 MTK arasında hər hansı müqavilə bağlanmadığından sözügedən müqavilənin və digər sənədlərin təqdim edilməsi mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Qanunvericiliyin tələblərinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə eyni anda mövcud olduqda tərəflərin birinin digərinə vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. İddiaçı hazırki iş üzrə digər cavabdehlər olan Cavabdeh2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 128B nömrəli yaşayış evində qeydiyyatı olmuşdur. Digər Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə həmin mənzilin mülkiyyətçisi olmuş X16 arasında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən mülkiyyətçi ona məxsus olan mənzilin kooperativ tərəfindən inşa ediləcək yeni binada mənzil verilməsi şərti ilə sökülməsini razılaşdırmışdır. Mənzil mülkiyyətçisi ilə Kooperativ arasında bağlanmış daşınmaz əmlakın söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqavilənin notariat qaydasında rəsmiləşdirilməsindən irəli gələrək mənzildə qeydiyyatı olan şəxslərin razılığı alınmış, həmin şəxslər müqaviləyə etiraz etməmişlər. Lakin, sonradan mülkiyyətçi ilə kooperativ arasında olan razılaşma xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyişmiş və mülkiyyətçi öz yaşayış sahəsini kooperativə satmışdır. Eynilə ilkin müqavilədə olduğu kimi mənzildə qeydiyyatda olan şəxslər notariat hərəkətlərinin aparılması təlimatına uyğun olaraq müqaviləyə razılıqlarını bildirmişlər. Mülkiyyətçi və Kooperativ arasında mənzilin alqı-satqısından irəli gələn alış qiyməti xx.xx.2022-ci il tarixdə tam ödənildiyi üçün tərəflər arasında eyni tarixli razılaşmaya əsasən xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilmişdir. Beləliklə müəyyən edildiyi kimi mülkiyyətçi X16 mülkiyyətində olan mənzili Cavabdeh1 MTK-ya satmış, bir müddət sonra isə vəfat etmişdir. Hazırda İddiaçı həmin mənzildə onunla birlikdə qeydiyyatda olmuş, lakin ondan fərqli olaraq həmin mənzildən yaşayış sahəsi kimi istifadə edərək yaşamış Cavabdeh2, X11 və Mənzil Tikinti Kooperativinə qarşı iddia qaldıraraq ona dəymiş zərər olaraq 200.000 manat pulun ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, Mənzil Tikinti Kooperativi mənzili X7 alaraq mənzilini dəyərini ona ödəmişdir, müqavilə tərəfləri X16 və MTK olaraq MTK-nın üzərinə götürdüyü öhdəlik mənzilin dəyərinin mülkiyyətçiyə ödənilməsindən ibarət olmuşdur, MTK hər hansı müqavilə üzrə digər şəxslərə hər hansı əsasla pul ödəmək vəzifəsi daşımır, Cavabdeh2 və X8 həmin mənzilin satışından birbaşa olaraq hər hansı pul məbləği əldə etməsinə dair sübutlar yoxdur. Göründüyü kimi, iddiaçı söküldüyü qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olmuşdur, faktiki olaraq həmin ünvanda yaşamamışdır, fərdi yaşayış evindən istifadə hüququ olmamışdır. Fərdi yaşayış evinin sonrakı müqəddəratının həll edilməsi zamanı həmin evdə qeydiyyatda olan şəxs kimi onun da razılıq ərizəsi alınmışdır. MTK ilə iddiaçı arasında iddiaçıya mənzil və yaxud pul məbləği ödənilməsi barədə hər hansı müqavilə öhdəlikləri mövcud deyil. Habelə cavabdehlərin iddiaçıya ziyan vurulmasına əsas verən hər hansı təqsirli hərəkətləri müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və X11 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 və X11 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar