Məhkəmə qərarları › İş №2(080)-182/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-182/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-182/2024 30.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 15 mart 2014-cü il təvəllüdlü X8 və 24 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa sabit 235 (iki yüz otuz beş ) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh Təvəkkül oğlu ilə 06 may 2016-cı il tarixdə Ordubad rayon qeydiyyat şöbəsində rəsmi qeydiyyatından keçməklə nikahları rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 mart 2014-cü il təvəllüdlü X8 və 24 mart 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh uşaqları ilə maraqlanmır və heç bir maddi cəhətdən köməklik etmir. Cavabdeh hal-hazırda Qazaxıstan Respublikasmdadır. Özü hal-hazırda heç bir yerdə işləmir. Uşaq böyüdükcə xərci artır, buna görədə iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Övladları 24 mart 2017-ci il təvəllüdlü X7 1-ci qurup əlilidr. 15 mart 2014-cü il təvəllüdlü X8 və 24 mart 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa yaşayış minimumu üçün sabit 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğdə aliment ödənilməsini istəyir. İddiaçı Mediyasiyaya təşkilatına aliment tələbi ilə bağlı müraciət etmiş, lakin cavabdeh ilkin mediyasiya prosesində iştirak etmədiyi üçün mediyasiya arayış verərək məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir.Bu səbəbdən də 15 mart 2014-cü il təvəllüdlü X8 və 24 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh Təvəkkül oğlundan hər ay hər uşağa sabit 235 (iki yüz otuz beş ) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Təvəkkül oğluna məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 882405 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Ordubad Rayonu Qeydiyyat Şöbəsində 06 may 2016-cı il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. 536838 və 749064 saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 15 mart 2014-cü ildə X8 və 24 mart 2017-ci ildə X7 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin usta işlədiyini bildirmiş, lakin məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, onun imkanı xaricində olmasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə rəsmi məlumatın olmaması alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətinin olmaması, xəstə olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşaqların zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, həmçinin uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqlar böyüdükcə onların gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini-150 manatı, iki uşaq üçün cəm olaraq 300 manatı cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15 mart 2014-cü ildə doğulmuş X5 və 24 mart 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 (yüz əlli ) manat, cəm olaraq 300 ( üç yüz ) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd edilənləri də nəzərə almışdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 04 iyun 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 15 mart 2014-cü ildə doğulmuş X5 və 24 mart 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 (yüz əlli ) manat, cəm olaraq 300( üç yüz ) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 04 iyun 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh Təvəkül oğlundan 56 (əlli altı ) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar