Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-218/2023 26.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 24 iyul mart 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 28 aprel 2017-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Həsənli Tunar doğulmuşdur. Ailə qurduqdan sonra Dak kəndində cavabdehin valideynlərinə məxsus evdə yaşamışlar. Cavabdehlə ailə qurduqları ilk günlərdən münasibətləri yaxşı olmamışdır. Cavabdeh və anası onu istəməmişlər. 2023-cü ilin iyun ayının 10-dan ayrı yaşayırlar. Uşaqla birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh tikinti ustasıdır. İşləyir, qazancı çox və dəyişəndir. Lakin cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Özü işləmir, uşağa qulluq edir. Cavabdeh uşaqla ünsiyyətdə olmur, uşağın saxlanılması üçün ona maddi köməklik göstərmir. Uşağı saxlamaq onunla bərabər ata kimi cavabdehin də vəzifəsidir. İddianın qismən təmin edilməsini bir uşağın saxlanılması üçün 160 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili iştirak etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, cavabdehın daimi iş yeri yoxdur, hazırda "Muravey" idarə edir, sifatiş olduğu zaman yük daşıyır. Qazancı az və dəyişəndir. Uşağın saxlanılması üçün iddiaçıya 130-140 manat aliment ödəyə bilər. İddianın qismən təmin olunmasını xahiş edir. İş materiallarında olan- Ordubad Rayon Qeydiyyat Şöbəsindən verilmiş nikah akt qeydindən çıxarışıdan görünür ki, Cavabdeh və İddiaçı arasında 28 aprel 2017-ci il tarixdə nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. 966976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 iyul 2019-cu il tarixdə doğulmuş, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi-vəkilninin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin işlədiyini bildirmiş, cavabdehin nümayəndəsi-vəkili cavavbdehin qazancının az və dəyişən olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qazancının az və dəyişən olması alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətinin olmaması, xəstə olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşaqların zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, həmçinin uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqlar böyüdükcə onların gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini 160 manatı cavabdeh uşağın saxlanılması üçün iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 24 iyul 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd edilənləri də nəzərə almışdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 13 sentyabr 2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 39.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24 iyul 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 39.20 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-218/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-218/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver