Məhkəmə qərarları › İş №2(080)-266/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-266/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-266/2023 07.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 2016- cı ilin noyabr ayının 19-u Rusiya Federasiyasının Voronej şəhərində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Bu evliliklərindən xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh ilə ailə qurduğu zamandan Rusiya Federasiyasında yaşamışlar.Son bir ildir ki, cavabdeh onu və qızını Ordubad rayonuna yola salmış və daha sonra onlarla maraqlanmamışıdr.İddiaçı uşağı salxmaqada çətinlik çəkir. Cavabdehlə əlaqə saxlayaraq, uşağı saxlamaqda ona köməklik etməsini desə də ona heç bir köməklik etmir. Aliment tələbini məhkəmədən kənar həlli məqsədi ilə Mediasiyaya müraciət etmiş, cavabdeh mediyasiya prosesində iştirak etməməsi səbəbindən Mediasiya təşkilatında alimentə dair razılaşma olmamışdır.Hal-hazırda ayrı təsərrüfat aparılır. X2 hazırda iddiaçı ilə birlikdə Ordubad şəhəri, H.Əliyev prospekti 45/1 ünvanında atasına məxsus evdə yaşayır. İddiaçı ailəsinin dağılmasın istəmir, buna görə də cavadeh ilə aralarında olan nikahı pozmdan birgə nikahlarından doğulmuş X1 üçün cavbdehdən hər ay 200 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 524086 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Voronej vilayəti VVAQ idarəsinin Voronej ş. Kominternovsk rayon ərazi VVAQ Şöbəsində 19 noyabr 2016-cı il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1728 nömrə ilə qeyd edilmişdir. 854081 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə X6 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş. Cavabdehin Voronej şəhərində işlədiyini bildirmiş, lakin məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, onun imkanı xaricində olmasını bildirmişdir.Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə rəsmi məlumatın olmaması alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətinin olmaması, xəstə olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşaqların zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, həmçinin uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqlar böyüdükcə onların gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- 140 manatı cavabdeh uşağın saxlanılması üçün iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh oğlundan alınıb X5 verilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd edilənləri də nəzərə almışdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 23 oktyabr 2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 36.8 (otuz altı manat səksən qəpik )manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat, sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 36.8 (otuz altı manat səksən qəpik ) manat dövlət rusumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar