Məhkəmə qərarları › İş №2(088)-13/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-13/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-13/2021 12.03.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı, Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx xxxx 2009-cu il tarixdə anadan olmuş X3, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxx 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 80 (səksən) manat ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək öz izahatında nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, bir-birlərini başa düşdüklərini və aralarında heç bir narazıçılıq olmadığını, birgə nikahdan üç öladlarının dünyaya gəldiyini, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyuyaraq tamamilə kəsildiyini və xx xxxxxx 2014-cü il tarixdə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan uşaqların anasının himayəsində qalması və aliment tələbinə dair Şərur rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini və xx xxxxxx 2015-ci il tarixdə Şərur rayon Məhkəməsi tərəfindən cavabdehin qazancının yarısının aliment kimi iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarıldığını və xx xxxx 2015-ci il tarixdə aralarında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulan uşaqların anasının himayəsində saxlanılmasına dair qətnamə çıxarıldığını, cavabdehin aylıq qazancının yarısı olaraq ona aylıq pensiya kartını verdiyini və nikahlarının pozulduğu birinci ildə bir il müddətində kartdan pul çəkdiyini sonrakı il pensiya məbləğinin artığını və hər ay 3 uşaq üçün 73 manat pul kartdan çəkdiyini daha sonra pensiya məbləğinin yenidən artığını və 160 manatı hər ay 3 uşaq üçün kartdan çəkdiyini, sonuncu məbləğ 230 manat olandan sonra kart hesabını dondurduğunu və yeni kart istifadəsinə başladığını, 2021-ci ilin yanvar ayından uşaqlarının saxlanması üçün cavabdeh tərəfindən bu üç ay müddətində cəmi 150 manat pul göndərdiyini və əlavə olaraq heç bir köməklik göstərilmədiyini, buna görə də 3 uşağın saxlanılmasına maddi cəhətdən imkanının çatmadığını, hal-hazırda uşaqların onun himayəsində ata evində yaşadığını, heç bir yerdə işləmədiyini anasının aylıq pensiyası ilə yaşadıqlarını və maddi cəhətdən çətinlik çəkdikləri üçün alimentin sabit pul məbləğində hər bir uşağa 80 manat ümumilikdə 240 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi olaraq məlumatlandırılsada o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 172.2-ci maddəsinə əsasən, İşə bərpa, alimentin tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər xx xxxxxxxx 2007-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə evlilikdən xx xxxx 2009-cu il təvəllüdlü X6, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxx 2013-cü il təvəllüdlü X8 dünyaya gəlmiş, İddiaçı tərəfindən xx xxxxxx 2014-cü il tarixdə aralarında bağlanmış nikah qeydinin pozulması, birgə nikahdan doğulan uşaqların anasının himayəsində qalması və aliment tələbinə dair Şərur rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx xxxxxx 2015-ci il tarixdə Şərur rayon Məhkəməsi tərəfindən cavabdehin qazancının yarısı aliment kimi iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmış, xx xxxx 2015-ci il tarixdə Şərur rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikah qeydi ləğv edilmiş və birgə nikahdan olan uşaqların anasının himayəsində saxlanılmasına dair qətnamə çıxarılmış, cavabdeh həmin tarixdən aliment pulu kimi öz pensiya kartını vermiş lakin bir neçə il keçdikdən sonra pensiya məbləği artmış və sonda cavabdeh 2020-ci ilin dekabr ayından pensiya kartını ləğv etdirmiş və 2021-ci ilin yanvar ayından bu günə kimi az yaşlı üç uşağın saxlanılması üçün heç bir maddi və ya mənəvi köməklik göstərməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Hal hazırda xx xxxx 2009-cu il təvəllüdlü X6, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxx 2013-cü il təvəllüdlü X8 anaları İddiaçı yanında yaşayırlar, iddiaçı uşaqların saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşaqların maddi tələbatlarını ödəyə bilmir. Mülki işə əlavə edilmiş AZ-İİ 337931 №-li, AZ-İİ 505174 №-li, AZ-İİ 509980 №-li uşaqların doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin rəsmi nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X3, xx xxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxx 2013-cü il təvəllüdlü X5 ataları Cavabdehdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahdan olan uşaqları anası İddiaçı himayəsindədirlər və iddia ərizəsinə əlavə edilmiş Şərur rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(110)-58/2015 nömrəli qətnaməsinin surətindən və xx xxxxxx 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, tərəflər arasında bağlanmış rəsmi nikah qeydiyyatı ləğv edilmiş və həmin tarixdən tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. X1 X2 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. X1 Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X9 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «X9» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «X9» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüqularının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 175 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “X9” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ataana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşağın anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim etməmişdir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, ”Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna istinad etmişdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 175 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğdə, yəni hər uşağa 80 manat həddində müəyyən etməyi məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxx 2009-cu il tarixdə anadan olmuş X3, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxx 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa hər ay 80 manat olmaqla sabit pul məbləğində aliment ümumilikdə 240 manat pulun Şərur rayonu, Qorçulu kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Sədərək kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 500 (beş yüz) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220,358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx xxxx 2009-cu il tarixdə anadan olmuş X3, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxx 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa hər ay 80 manat olmaqla sabit pul məbləğində aliment ümumilikdə 240 (iki yüz qırx) manat pulun Şərur rayonu, Qorçulu kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Sədərək kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar