Məhkəmə qərarları › İş №2(088)-40/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-40/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-40/2025 23.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı 22 yanvar 2025-ci il tarixdə iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək 29 noyabr 2009-cü il təvəllüdlü X2 və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 246 manat olmaqla ümumilikdə 492 manat pulun Cavabdeh iddiaçının xeyrinə hər ay ödənilməli olan sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin yeni redaksiyasının tələblərinə riayət edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddi ərizəsində göstərilməlidir. Həmin məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Lakin iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Əlavə olaraq iddia ərizəsinə əlavə edilən doğum haqqında şəhadətnamələrin və nikah haqqında şəhadətnamənin surətləri əlavə edilmiş, lakin əsli və ya notarius təsdiqli sürətləri əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149,152.1.1, 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar