Məhkəmə qərarları › İş №2(088)-50/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-50/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-50/2021 05.07.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə. İddiaçı, Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində ayda hər bir uşağa görə 175 manat, ümumilikdə 350 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək öz izahatında Cavabdeh ilə 03 noyabr 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurduğunu, birgə yaşadıqları müddətdə 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 dünyaya gəldiyini, ailə qurduqdan sonra 1-2 il münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir narazıçılığın olmadığını, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, Turalın onun yanında ola-ola başqa qadınlarla telefonda danışamağa başladığını, evə gec gəldiyini və ona qarşı nalayiq hərəkətlər etməyə başladığını, uşaqlarına qarşıda soyuq münasibət bəslədiyini, uşaqlarına maddi yardım etmədiyini, haliyyədə uşaqlarına nisiyə aldığı paltarların pulu qaldığını, hal-hazırda heç bir yerdə işləmədiyini və aylıq heç bir gəlirinin olmadığına görə uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini, haliyədə 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 onun himayəsində olduğunu və atasına verməyə fikirinin olmadığını, ona görə də iddia ərizəsi məhkəməyə verildiyi tarixdən 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər bir uşaq üçün 175 manat, iki uşaq üçün 350 manat aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini bildirdi. Cavabdeh öz izahatında iddianı qismən qəbul etdiyini, Sədərək rayon qaz idarəsində işlədiyini və aylıq əmək haqqısının 388.78 manat olduğunu, başqa gəlirinin olmadığını, iş olanda onun- bunun qapısında arada bir işlədiyini, maddi çəhətdən özünündə müəyyən çətinliklər çəkdiyini, bu günə kimi uşaqları ilə birlikdə yaşadığını və bütün ehtiyaclarını ödədiyini, bundan sonra da uşaqlarına gücü çatan qədər kömək edəcəyini, lakin iddiaçının tələb etdiyi alimentin miqdarının çox olduğunu, ona görə də iddia ərizəsində göstərilən aliment miqdarının azaldılmasını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 172.2-ci maddəsinə əsasən, İşə bərpa, alimentin tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 03 noyabr 2011-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə evliliklərindən 30 iyul 2012-ci il təvəllüdlü X3 və 14 iyul 2014-cü il təvəllüdlü X4 dünyaya gəlmiş, tərəflər 2021-ci ilin iyun ayından ayrılaraq ayrıayrı ünvanlarda yaşamağa davam etmiş və haliyyədə azyaşlı uşaqlar iddiaçı ilə yaşayır. Cavabdeh isə 2021-ci ilin iyun ayından bu günədək uşağın saxlanılması üçün heç bir maddi və ya mənəvi köməklik göstərməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş Sədərək rayon Sədərək kənd İƏD üzrə nümayəndəliyinin 03 iyun 2021-ci il tarixli 171 saylı arayışından məlum olur ki, hal hazırda 30 iyul 2012-ci il təvəllüdlü X3 və 14 iyul 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında yaşayır. İddiaçı uşağın saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşağın maddi tələbatlarını ödəyə bilmir. Mülki işə əlavə olunmuş 03 noyabr 2011-ci il tarixli 24 nömrə ilə qeydə alınmış AZ-İ № 515088 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında rəsmi nikah bağlanmışdır. Mülki işə əlavə edilmiş 23 avqust 2012-ci il tarixli AZ-İİ № 670552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və 15 avqust 2014-cü il tarixli 45 nömrə ilə qeyd edilmiş AZ-İİİ № 075747 nömrəli doğum haqqında şəhadətnamənin surətindən də görünür ki, tərəflərin rəsmi nikahlarından 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 atası Cavabdehdur. Məhkəmə iclasında tərəflərin izahatından müəyyən olundu ki, haliyyədə tərəflər ayrı-ayrı ünvanlarda yaşayır və tərəflərin rəsmi nikahdan olan uşaqları 30 iyul 2012-ci il təvəllüdlü X3 və 14 iyul 2014-cü il təvəllüdlü X4 anası İddiaçı himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 175 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşağın anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim etməmişdir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, ”Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna istinad etmişdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 175 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, ”Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını tələb edilən yəni göstərilən məbləğə yaxın, yəni hər bir uşağa 120 manat həddində müəyyən etməyi məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat, iki uşaq üçün 240 manat olmaqla sabit pul məbləğində aliment pulu Sədərək rayon Sədərək kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Sədərək kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi 09 iyun 2021-ci il tarixdən hesablanmalıdir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 500 (beş yüz) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220,358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 30 iyul 2012-ci il təvəllüdlü X1 və 14 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment pulu Sədərək rayonu, Sədərək kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Sədərək kəndində yaşayan uşağın anası İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 09 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Sədrlik edən Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar