Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-55/2023 14.06.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 25 iyun 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh ilə qeyri-rəsmi olaraq evləndiklərini, nikahlarının Qeydiyyat şöbəsində qeydə alınmadığını, 2 il İsa ilə nikahsız birlikdə yaşadıqlarını, İsa ilə faktiki birgə yaşadıqları müddətdə 25 iyun 2016-cı il tarixdə Qədir adlı övladlarının dünyaya gəldiyini, 23 sentyabr 2016-cı ildə uşaqlarına atalığın müəyyən olunmasına dair 476 nömrəli şəhadətnamə aldıqlarını, özünün haliyyədə Sədərək rayonu, Dəmirçi kəndində valideynlərinin himayəsində bir övladı ilə birlikdə yaşadığını, İsanın birinci arvadından üç uşağının olduğunu, həmin uşaqlara yaxşı baxdığı halda, 7 ildir İsanın onlardan ayrı yaşadığını və uşağına baxmadığını ayrıldıqları gündən az yaşlı övladının özünün himayəsində yaşadığını, İsanın Bakı şəhərində yaşayıbişlədiyini və yaxşı qazancı olduğunu, özünün isə heç bir yerdə işləmədiyini, İsanın isə yeddi il müddətində uşağına heç bir maddi yardım etmədiyini, ona görə də maddi cəhətdən çətinlik çəkdiyini və buna görə də məcbur qalıb məhkəməyə müraciət edərək alimentin sabit pul məbləğində bir uşağa 220 manat tutulmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırılsada o, məhkəmə iclasına gəlməmiş lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bu gün keçirilən məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq məhkəmə prossesində iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırılsada o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 2014-ci ildə faktiki olaraq ailə həyatı qurmuş, birgə evlilikdən 25 iyun 2016-cı il tarixdə X2 dünyaya gəlmiş, 23 sentyabr 2016-cı il tarixdə uşağa atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmış, cavabdeh yeddi ildən artıq müddətdə ailəsini ataraq başqa ünvana getdiyini və nəticədə 2016-cı ildən tərəflər ayrı-ayrı ünvanlarda yaşamış, az yaşlı uşaqları ayrıldıqları gündən ananın himayəsində yaşamış, bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış və uşağının saxlanması üçün heç bir maddi yardım etməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bu gün keçirilən məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq məhkəmə prossesində iştirak edə bilməyəcəyini bildirmişdir. Yaşayış minumumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən, 2023cü ildə ölkədə uşaqlar üçün yaşayış minumumu 220 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmədə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hal hazırda 25 iyun 2016-cı il tarixli X2 anası İddiaçı yanında yaşayır, iddiaçı uşağın saxlanmasında, tələbatının ödənilməsində maddi çətinlik çəkir və uşağın maddi tələbatlarını ödəyə bilmir. Mülki işə əlavə edilmiş uşağın atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından 25 iyun 2016-cı il tarixdə anadan olmuş X1 atası Cavabdehdur. Məhkəmə iclasında işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, tərəflərin faktiki nikahdan olan uşaqları anası İddiaçı himayəsindədir və tərəflər 7 ildən artıqdır ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahər və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 220 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkəiçi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşağın anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, İddiaçı Cavabdeh harada işləməsi və qazancı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Hətda iddia ərizəsində cavabdehin himayəsində üç övladının olduğunu göstərmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25 iyun 2016 -cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment pulun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İstiqlaliyyət küçəsi 149-da yaşayan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Dəmirçi kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi 18 aprel 2023-cü il tarixdən hesablanmalıdir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 1000 (min) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı, Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin edilsin. 25 iyun 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa hər ay 150 manat sabit pul məbləğində aliment pulun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İstiqlaliyyət küçəsi 149-da yaşayan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Dəmirçi kəndində yaşayan uşağın anası İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması18 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-55/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-55/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver