Məhkəmə qərarları › İş №2(088)-67/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-67/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-67/2024 30.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay bir uşaq üçün 235 manat olmaqla, üç uşaq üçün saxlanması üçün hər ay cəmi 705 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ilə 2014-cü ildə sentyabr ayının 8-də nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəldiyini, nikaha daxil olduqdan sonra ailə münasibətlərinin yaxşı olduğunu, bir-birlərini başa düşdüklərini aralarında mübahisənin olmadığını, sonradan aralarında mübahisənin yarandığını, cavabdehin ona xəyanət etdiyini öyrəndiyini, ailə münasibətləri pozulmağını istəmədiyi az yaşlı övladları olduğu üçün cavabdehi bağışladığını, buna baxmayaraq cavabdehin hərəkətlərinə davam etdiyini, xx.xx.2024cü il tarixdə cavabdehin ona zəng edərək Rusiya Federasiyasına gedəcəyini və üç uşağına sahib çıx deyərək telefonu söndürdüyünü, ailəsinə bu məsələ ilə bağlı müraciət etsədə qaynının ona cavabdehdən üzür istəməli olduğunu bildirdiyini, cavabdehin ailə üzvlərindən heç birinin barışmaq üçün bir addım atmadıqlarını, haliyyədə üç uşağı ilə birlikdə anasının yanında yaşadığını, anasının və özünün heç bir yerdə işləmədiklərini, aylıq heç bir gəlirlərinin olmadığını, kimlərinsə maddi yardımları ilə evə çörək aldıqlarını, dövlət tərəfindən dövlət sosial yardımının verilməsi üçün aidiyyəti orqana müraciət etsədə imtina edildiyini, iş yeri tapa bilmədiyini, cavabdeh və onun ailəsinin uşaqların saxlanılması üçün heç bir maddi yardım etmədiklərini, bildirərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay bir uşaq üçün 235 manat olmaqla, üç uşaq üçün saxlanması üçün hər ay cəmi 705 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsində göstərilən müddəalara əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 2014-cü ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə evlilikdən xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmiş, cavabdeh uzun müddətdir ki, ailəsini ataraq Rusiya Federasiyasına getdiyini və nəticədə tərəflər ayrı-ayrı ünvanlarda yaşamış, az yaşlı uşaqları ayrıldıqları gündən ananın himayəsində yaşamış, bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və uşaqlarının saxlanmaları üçün heç bir maddi yardım etməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Yaşayış minumumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən, 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minumumu 235 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmədə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hal-hazırda xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anası İddiaçı yanında yaşayır, iddiaçı uşaqların saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşaqların maddi tələbatlarını ödəyə bilmir. İş materiallarına əlavə olunmuş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 531714 nömrəli, xx.xx.2015-ci il tarixli AZ-İİİ 305640 nömrəli və Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİİ 961621 nömrəli doğum haqqında şəhadətnamələrin natarius təsdiqli surətlərinə əsasən iş üzrə tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 231 nömrəli arayışından görünür ki, iş üzrə İddiaçı Sədərək rayon Dəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 230 nömrəli arayışın qeyd hissəsindən görünür ki, iş üzrə İddiaçı azyaşlı övladları X5, X6 və X7 ilə bilikdə Sədərək rayon Dəmirçi kəndində yaşayırlar. İş materiallarına əlavə edilmiş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 531714 nömrəli, xx.xx.2015-ci il tarixli AZ-İİİ 305640 nömrəli və Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİİ 961621 nömrəli doğum haqqında şəhadətnamələrin natarius təsdiqli surətlərindən müəyyən edilir ki, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Məhkəmə iclasında işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, tərəflərin faktiki nikahdan olan üç azyaşlı qız uşaqları anası İddiaçı himayəsindədir və tərəflər uzun müddətdir ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahər və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 235 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkəiçi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşaqların anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, İddiaçı Cavabdeh harada işləməsi və qazancı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün bir uşağa hər ay 130 manat olmaqla üç uşağa ümumilikdə 390 manat sabit pul məbləğində aliment pulun Sədərək Rayon Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Dəmirçi kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi 15 aprel 2024-cü il tarixdən hesablanmalıdir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 1000 (min) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 66.80 (altmış altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı, Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa hər ay 130 manat olmaqla üç uşağın saxlanılması üçün ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment pulun Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Dəmirçi kəndində yaşayan uşağın anası İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 15 aprel 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamənin icrası Sədərək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh 66.80 (altmış altı manat, səksən qəpik) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar