Məhkəmə qərarları › İş №2(089)-109/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-109/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-109/2025 23.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və ər-arvad arasında aliment öhdəlikləri tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 24 iyul 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə 246 manat alimentin və X2 3 yaşı tamam olana kimi ona baxdığı üçün sabit məbləğdə 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında nikah 25 oktyabr 2023-cü il tarixdə qeydə alınmışdır. 05 noyabr 2023-cü il tarixdə isə el adəti ilə toyları olmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Hövsan qəsəbəsində cavabdehin valideynləri ilə birlikdə yaşamışlar. Birgə nikahlarından 24 iyul 2024-cü il tarixdə X3 doğulmuşdur. Cavabdehlə 14 fevral 2024cü il tarixdən ayrı yaşayırlar. Nikahları pozulmamışdır. Ayrı yaşamalarına səbəb cavabdeh və ailəsinin onunla maraqlanmaması olmuşdur. Toydan 4 ay sonra xəstələnmiş, həkimlər ciddi müalicəyə ehtiyacı olduğunu bildirmişlər. Lakin, cavabdeh və ailəsi onunla maraqlanmamış, anası ilə birlikdə Naxçıvana gəlmişdir. Uşaq doğulduqdan sonra da cavabdeh və ailəsi onun müalicəsi ilə və uşaqla maraqlanmamışlar. Özü heç bir yerdə işləmir, uşağı anasının maddi köməkliyi ilə çətinliklə saxlayır. Cavabdeh indiyə kimi uşağın saxlanılması üçün ona maddi köməklik göstərməmişdir. Cavabdeh “ERZ” mebel şirkətində istehsal müdiri vəzifəsində işləyir, təqdim edilən əmək müqaviləsində 450 manat əmək haqqı aldığı görünsə də, əlavə pul da alır, həmçinin həyətlərində mebel sexi, maşını var, qazancı çoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdeh “ERZ” mebel şirkətində istehsal müdiri vəzifəsində işləyir, kifayət qədər qazancı var. İddiaçı heç bir yerdə işləmir, uşağa anasının maddi köməkliyi ilə baxır. Lakin, anası da az miqdarda əmək haqqı alır. Cavabdeh ayrı yaşadıqları dövrdə iddiaçıya uşağın saxlanılması üçün maddi köməklik göstərməmişdir. Hesab edir, cavabdehin həm uşağın saxlanılması üçün 246 manat aliment ödəməyə, həm də uşaq 3 yaşına çatanadək iddiaçıya 200 manat aliment ödəməyə imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmiş, teleqramla məhkəməyə müraciət etmiş, uşağın saxlanılması üçün hər ay 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- - 515422 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah 25 oktyabr 2023-cü il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 204 nömrə ilə qeyd edilmişdir. - 041527 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 24 iyul 2024-cü il tarixdə X3 doğulmuş, uşağın atası Cavabdeh, anası İddiaçıdır. - İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Əbüfləz oğlu arasında bağlanan əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMCdə “istehsal müdiri” vəzifəsində çalışır, 450 manat əmək haqqı alır. - Cavabdeh teleqramla məhkəməyə müraciət etmiş, hər ay övladının saxlanması üçün 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın ananın yanında yaşamasını, cavabdehin qazancını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq, hesab edir ki, iddiaçıdan tutulacaq sabit aliment məbləği 220 manat müəyyən edilməlidir. Məhkəmə alimentin 220 manat həddində təyin edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində (220:400=0.55) sabit pul məbləğində aliment tutulmalıdır Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. İddiaçı 17 fevral 2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən müəyyən edilmiş aliment məbləği həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin 24 iyul 2024-cü il tarixdə doğulmuş X2 3 yaşına çatanadək saxlanması üçün cavabdehdən İddiaçı xeyrinə hər ay 200 manatın tutulması hissəsində cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı sübut təqdim olunmadığından təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən üç ilə ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 46.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 24 iyul 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması 17 fevral 2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 46.40 manat dövlət rusumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar