Məhkəmə qərarları › İş №2(089)-137/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-137/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-137/2022 27.07.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 09 aprel 2009-ci il tarixdə doğulmuş X4 və 09 aprel 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 400 manat olmaqla, hər ay 800 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını qismən müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 2008-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 09 aprel 2009ci il tarixdə Abbas və 09 aprel 2013-cü il tarixdə Asim adlı uşaqları doğulmuşdur. Cavabdehlə 17 mart 2022-ci il tarixdən ayrı yaşayırlar. Cavabdeh Bakı şəhərində yaşayır, Socar Cape şirkətində işləyir, 575 manat əməkhaqqı və Xəzər dənizində işlədiyi 14 və artıq günləri üçün əmək haqqına 616 manat əlavə alır. Xəzər dənizində az işlədiyi halda əlavə onun işlədiyi günlərə uyğun olaraq hesabalanır. Yəni cavabdehin qazancı dəyişəndir. Lakin cavabdeh uşaqları ilə maralanmır, uşaqların ehtiyaclarının qarşılanması üçün ona maddi köməklik etmir. Özü işləyir, buna baxmayarq uşaqların ehtiyaclarının qarşılanmasında maddi çətinlik çəkir. Uşaqların saxlanılması üçün bir uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 332752 və 857171 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 09 aprel 2009-ci il tarixdə X4 və 09 aprel 2013-cü il tarixdə X5 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 23 iyun 2022-ci il tarixli, AZE 22/251 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh hər ay 575 manat əməkhaqqı ödənilir. Bu məbləğ müvafiq vergi və ödənişlər çıxılanadək olan məbləği ifadə edir. Əlavə olaraq Cavabdeh Xəzər dənizində işlədiyi müddətdə əməkhaqqına əlavə olaraq 616 manat məbləğində aylıq ödəniş edilir. Əməkhaqqına əlavə işçi Xəzər dənizində 1 təqvim ayı ərzində 14 və daha çox gün işlədiyi halda ödənilir. İşçi 1 təqvim ayı ərzində Xəzər dənizində 14 gündən az müddət işlədikdə, bu zaman əməkhaqqına əlavə işçinin faktiki işlədiyi günlərin sayına proporsianal olaraq hesablanır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etmiş, cavabdehin qazancının dəyişən olduğunu bildirmişdir. Cavabdehin qazancının dəyişən olması alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşağın zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, həmçinin uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqlar böyüdükcə onların gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh hər ay iddiaçıya bir uşaq üçün 150 manatı sabit pul məbləğində aliment ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 09 aprel 2009-ci il tarixdə doğulmuş X4 və 09 aprel 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 150 manat olmaqla hər ay 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 23 iyul 2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. 09 aprel 2009-cu il tarixdə doğulmuş X4 və 09 aprel 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 150 manat olmaqla, hər ay 300 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 23 iyun 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 56 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar