Məhkəmə qərarları › İş №2(089)-169/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-169/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-169/2020 05.10.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh xx xxxx 2014-cü il tarixdə doğulmuş X4, xx xxxx 2016-cı il tarixdə doğulmuş X8 və xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 170 manat olmaqla, hər ay 510 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə xx xxxx 2012-ci il tarixdə el adəti ilə ailə qurmuşlar. Nikahları xx xxxx 2013-cü il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından xx xxxx 2014-cü il tarixdə Yağmur, xx xxxx 2016-cı il tarixdə Emin və xx xxxxxx 2019-cu il tarixdə Nazlı adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra təxminən 2016-cı ilə qədər cavabdehlə Bakı şəhərində, daha sonra 2019-cu ilin dekabr ayınadək cavabdeh İİR-da işlədiyindən İİR-da yaşamışlar. 2018-ci ilə qədər münasibətləri yaxşı olmuş, cavabdehin İİR-da başqa bir qadınla münasibətinin olmasını bilmiş, aralarında mübahisələr olmuş, ər-arvad münasibətləri pozulmuşdur. Cavabdeh hazırda İİR-da həmin qadınla birlikdə yaşayır, məlumatı var ki, həmin qadınla nikaha daxil olmuşdur. Cavabdehlə xx xxxxxx 2020-ci il tarixdən tamamilə ayrılmışlar. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamışdır. Uşaqları valideynlərinin maddi köməkliyi ilə, ehtiyac içərisində saxlayır. İşləyə bilmir. Bir yerdə yaşadıqları müddətdə Cavabdeh İİR-da “X12” adlı yuyucu vasitələr istehsal edən fabrikdə müdir vəzifəsində işləmiş, 2000 manat əməkhaqqı almışdır. Hazırda İİR-da başqa bir işdə işləyir, orada evi, maşını var. Qazancı barədə məlumatı yoxdur, cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. İddiaçı izahatında onu da bildirmişdir ki, iddia ərizəsində bir uşağın saxlanması üçün 170 manat məbləğində aliment müəyyən edilməsini xahiş etsə də, bir uşağın saxlanması üçün 110 manat məbləğində aliment müəyyən edilməsini istəyir. Uşaqlara özü qulluq edir, uşaqların qayğısına qalır. Cavabdeh isə işləməli, uşaqların ehtiyaclarını qarşılamalıdır. Cavabdehin hər hansı bir xəstəliyi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili X5 iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, cavabdeh hazırda İran İslam Respublikasında yaşayır, ölkədən çıxışına məhdudiyyət qoyulmuş, Azərbaycan Respublikasına gələ bilmir. Heç bir yerdə işləmir, bir uşağın saxlanması üçün 100 manat məbləğində aliment ödəyə bilər. Hər hansı bir xəstəliyi yoxdur, sağlamdır. Ayrı yaşadıqları müddətdə uşaqların saxlanılması üçün iddiaçıya maddi köməklik etməmişdir. İş materiallarında olan- 946813 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında nikah xx xxxx 2013-cü il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. 076188, 960357 və 960438 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx xxxx 2014-cü il tarixdə, X8 xx xxxx 2016-cı il tarixdə, X6 xx xxxxxx 2019cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Ə.Cəfərov cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin qazancı barədə məlumatın olmaması, iddiaçının bildirdiyinə görə cavabdehin qazancının dəyişən olması, alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı yoxdursa, dəyişən olarsa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən, cavabdehin nümayəndəsi-vəkilinin bildirdiyinə görə qazancı olmadığından alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 110 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməyə borcludur. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2014-cü il tarixdə doğulmuş X4, xx xxxx 2016-cı il tarixdə doğulmuş X8 və xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 110 manat olmaqla, hər ay 330 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. xx xxxx 2014-cü il tarixdə doğulmuş X4, xx xxxx 2016-cı il tarixdə doğulmuş X8 və xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 110 manat olmaqla, hər ay 330 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar