Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-171/2022 21.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(089)-189/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının ¼ hissəsi miqdarında aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Heseyn oğlu və Cavabdeh 2013-cü ilədək nikahda olmuşlar. Bu nikahlarından 14 sentyabr 2012-cı il tarixdə X5 doğulmuşdur. Culfa rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qətnaməsi ilə X1 üçün 150 manat sabit pul məbləğində alimentin İddiaçı Heseyn oğlundan tutularaq Cavabdeh qızna verilməsi qət edilmişdir. İddiaçı 268.61 manat pensiya alır. Aldığı pensiya onun özünün zəruri ehtiyaclarını və səhhəti ilə bağlı yeni yaranan xərcləri ancaq qarşılayır. Hazırda ödənilən aliment məbləği İddiaçı Heseyn oğlunun aylıq gəlirinin yarısından artıq hissəsini təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki iə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, tərəflər 2013-cü ilədək nikahda olmuş, birlikdə yaşamışlar. Onların 14 sentyabr 2012-cı il tarixdə Adəm adlı uşaqları doğulmuşdur. Culfa rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qətnaməsi ilə X1 üçün 150 manat sabit pul məbləğində alimentin İddiaçı Heseyn oğlundan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı 268.61 manat pensiya alır, işləmir. Aldığı pensiya onun özünün zəruri ehtiyaclarını və səhhəti ilə bağlı xərcləri ancaq qarşılayır. Hazırda ödənilən aliment məbləği İddiaçı Heseyn oğlunun aylıq gəlirinin yarısından artıq hissəsini təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında onu da bildirmişdir ki, iddiaçı müalicə olunması üçün hazırda Türkiyə Respublikasında qızının yanında yaşayır. Cavabdeh də uşaqla birlikdə Türkiyə Respublikasında yaşayır. İddiaçı uşaqla ünsiyyətdə ola bilmir. Cavabdeh iddiaçının uşaqla ünsiyyətinə mane olur. İddiaçı uşaqla ünsiyyətdə olacağı halda alimenti ödəməyə hazırdır. Hər bir halda müəyyən edilmiş 150 manat aliment məbləği çoxdur, iddiaçı həmin məbləğin azaldılmasını istəyir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- Culfa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(089)-189/2020 nömrəli qətnamənin surətindən görünür ki, Culfa Rayon Məhkəməsinin 26 iyul 2013-cü il tarixli, 2(089)-91/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, İddiaçı hər ay 150 manat məbləğində alimentin tutularaq X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilməsi qət edilmişdir. Doğum akt qeydindən çıxarışdan görünür ki, X5 14 sentyabr 2012-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 14 sentyabr 2012-ci il tarixdə doğulmuş X3 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 150 manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi 04 noyabr 2020-ci il tarixli, 2(089)-189/2020 nömrəli qətnamə ilə müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aliment məbləği müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Belə ki, iddiaçının nümayəndəsi izahatında aliment miqdarının azaldılmasını iddiaçının xəstə olması, uşaqla ünsiyyətinə cavabdehin mane olması ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlər də alimentin azaldılmasına əsas ola bilməz. Həmçinin o da nəzərə alınmalıdır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi, alimentin iddiaçının qazancına uyğun müəyyən edilməsi, uşağın maddi vəziyyətinə təsir edə bilər. Belə ki, iddiaçının qazancının ¼ hissəsi miqdarında, yəni 67 manatla 10 yaşında uşağın ehtiyaclarının qarşılanması mümkün deyil. Həmçinin o da nəzərə alınmalıdır ki,“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə 150 manat aliment müəyyən edərkən qeyd edilən Qanunu, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını, uşağın iddiaçının yanında yaşamasını, uşağın gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini, uşaq böyüdükcə gündəlik xərclərinin artmasın nəzərə almış, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının işləməməsi, əlavə qazancının olmaması iddiaçının maddi vəziyyətinin pisləşməsi kimi qiymətləndirilə bilməz. O, qazancının olmamasından, qazancının məbləğindən, yaşından asılı olmayaraq uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsinə məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının işləməməsi, pensiyasından əlavə qazancının olmaması onu uşağını saxlamaq vəzifəsindən tam və ya qismən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(089)- 189/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi əsassız olduğundan rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-171/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-171/2022
21.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver