Məhkəmə qərarları › İş №2(089)-19/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-19/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-19/2023 01.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müalicə üçün çəkilmiş xərclərin bölünməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 17 oktyabr 2005-ci il tarixdə doğulmuş X3, 04 noyabr 2009-cu il tarixdə doğulmuş X2 müalicəsi üçün çəkilmiş xərclərin, 1253 manat məbləğində pulun yarısı, 626.50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla 21 iyul 2003-cü il tarixə ailə qurmuşlar. Birgə nikahlarından 17 oktyabr 2005-ci il tarixdə Süleymanlı Həlimə, 11 may 2007-ci il tarixdə Süleymanlı Əli, 04 noyabr 2009-cu il tarixdə Süleymanlı Adəm doğulmuşdur. Nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Dörd ildən çoxdur ki, uşaqlarını tək böyüdür. Qızı Həlimədə halsızlıq, baş ağrıları, oğlu Əlinin gözlərində zəiflik, oğlu Adəmin boğazında “kista” və başqa problemləri var. Uşaqlar hər ay Türkiyə Respublikasında və Naxçıvan MR Xəstəxanalarında müalicə olunurlar. Uşaqların müalicə olunmasına 993 manat pul xərclədiyini təsdiq edən kassa qəbzlərini, tibbi reseptləri, fakturaları, nəqliyyat vasitəsi ilə iki dəfə Türkiyə Respublikasına getmək üçün yaşıl sığorta şəhadətnaməsi alması üçün 60 manat pul verməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin şəxsi nəqliyyat vasitəsinin istifadəsi üçün alınmış 200 litr yanacağa nə qədər pul verməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilmir. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdeh ayrıldıqları gündən uşaqların müalicə və digər xərcləri ilə maraqlanmamış, uşaqların saxlanılması üçün hər ay 420 manat aliment ödəməklə vəzifəsini bitmiş hesab etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, uşaqların xəstə olmadığını, iddiaçının məhkəməyə əsassız sənədlər təqdim etdiyini, uşaqlarını birlikdə yaşadıqları müddətdə müayinə etdirdiyini, uşaqlarında hansısa bir xəstəliyin olmadığını, iddiaçının məqsədinin ondan pul almaq olduğunu, iddiaçının ailə qurduğu şəxslə istirahət üçün Türkiyə Respublikasına getdiyini, otel xərcini də ondan tələb etdiyini, 295 manat əməkhaqqı aldığını, 420 manat aliment ödədiyini, iddiaçının Culfa şəhərində yerləşən evlərində ona yaşamağa imkan vermədiyini, kirayə haqqını da iddiaçının xərclədiyini, uşaqlar onun yanına gəldiyi vaxtlarda onlara paltar aldığını, digər ehtiyacları və tibbi müayinə üçün pul xərclədiyini, təkrar ailə qurduğunu, bir uşağının olduğunu bildirmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 626260, 797264 və 336047 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 17 oktyabr 2005-ci il tarixə, X5 11 may 2007-ci il tarixdə, X4 04 noyabr 2009-cu il tarixdə doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(089)-63/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 17 oktyabr 2005-ci ildə doğulmuş X3, 11 may 2007-ci ildə doğulmuş X5, 04 noyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 140 manat olmaqla, hər ay 420 manat məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsində göstərdiklərini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən Cavabdeh 17 oktyabr 2005-ci il tarixdə doğulmuş X3, 04 noyabr 2009-cu il tarixdə doğulmuş X2 müalicəsi üçün çəkilmiş xərclərin, 1253 manat məbləğində pulun yarısı, 626.50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində qeyd edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı məhkəməyə Adəm Süleymanlının 29 sentyabr 2022-ci il tarixdə Türkiyə Respublikasın Van Egitim və Araşdırma Xəstəxanasında müayinə edilməsi, 450 Türk lirəsi ödənuş etməsi, 28 sentyabr 2022-ci il tarixdə özəl İğdır xəstəxanasında yazılmış resepdə qeyd edilmiş dərman preparatlarının alınmasına 331.46 Türk lirəsi ödəniş etməsi, 04 noyabr 2022-ci il tarixdə özəl İğdır xəstəxanasında yazılmış resepdə qeyd edilmiş dərman preparatlarının alınmasına 292.41 Türk lirəsi ödəniş etməsi, 05 noyabr 2022-ci il tarixdə özəl İğdır xəstəxanası tərəfindən verilmiş fakturada Adəm Süleymanlının müalicəsi üçün dərman preparatlarının alınmasına 3005 Türk lirəsi xərclənməsi barədə faktura, həmçinin Naxçıvan MR Səhiyyə nazirliyi tərəfindən təsdiq edilmiş beş ədəd resptlərdə yazılmış dərman vasitələrinin alınmasına 179 manat ödənilmiş etməsini təsdiq edən qəbzləri təqdim etmiş, ümumi xərclədiyi 1253 manat məbləğində pulun yarısı, 626.50 manatın alınıb ona verilməsi xahiş etmiş, qızı Həlimə Süleymanlının müayinə və müalicəsi üçün hansı məbləğdə pil xərcləməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçı oğlu A.Süleymanlının Türkiyə Respublikasında müayinə və müalicə edilməsi üçün məhkəməyə yuxarıda qeyd edilən fakturaları təqdim etsə də A.Süleymanlının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması, ağır xəstə olması, məhz Türkiyə Respublikasında müalicəsinin zəruri olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən verilmiş 607 nömrəli, 25 oktyabr 2022-ci il tarxli məktub isə A.Süleymanlının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edilənlərədən belə qənaətə gəlir ki, iddiaçı öz istəyi ilə oğlu A.Süleymanlının məhz Türkiyə Respublikasına müayinə və müalicə üçün aparmışdır ki, xərclənmiş pul məbləğinin yarısı cavabdehdən təlb edilə bilməz. O ki, qaldı iddiaçının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən cavabdehdən uşağın müalicəsinə çəkilmiş xərcin yarısını təlb etməsinə, iddiaçının tələbi həmin maddənin göstərişinə uyğun deyil. Belə ki, həmin maddənin məzmuna əsəsən ağır xəstə, şikəst olan, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda valideynlərdən biri əlavə xərclərin ödənilməsinə cəlb edilə birlər. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda qeyd edilən qərarında göstərilənlərə əsasən də qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Bunun davamı olaraq, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin məqsədi yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan və gəlir əldə etmək imkanı obyektiv olaraq olmayan övladlara onların valideynlərinin öz imkanları daxilində maddi yardımının təmin edilməsidir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. O da nəzərə alınmalıdır ki, Culfa rayon Məhkəməsininin 01 aprel 2022-ci il tarixli, 2(089)-63/2022 nömrəli qətnaməsi ilə bir uşaq üçün 140 manat olamaqla uşaqların saxlanılması üçün 420 manat aliment müəyyən edilmiş və cavabdeh hər ay aliment məbləğini ödəyir, həmçinin cavabdeh təkrar alə qurmuş, ikinci evliliyindən bir uşağı var və təqdim edilmiş, hesabdan çıxarışdan görünür ki, o, 295 manat əməkhaqqı alır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq, sanitariyagigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq, peşə yararlığı müəyyənləşdirilərkən dövlət büdcəsinin vəsaiti hesabına tibbi məsləhətlər almaq, büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır. Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial xidmət müəssisələrində saxlanıla bilərlər. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması tələbi ilə bağlı belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı müalicə üçün çəkilmiş xərclərin, 1253 manat məbləğində pulun yarısı, 626.50 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar