Məhkəmə qərarları › İş №2(089)-275/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-275/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-275/2024 27.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 04 yanvar 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazanc və gəlirinin dörddə bir hissəsi məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 2021-ci ildə ailə qurmuşlar. Nikahları 10 yanvar 2022-ci ildə qeydə alınmışdır. Birgə nikahlarından 04 yanvar 2023-cü il tarixdə X3 doğulmuşdur. Ailə qurduqdan sonra cavabdehin ailəsi ilə birlikdə, daha sonra ailədaxili münaqişələr olduğu üçün kirayədə yaşamışlar. 2023-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Ayrı yaşamalarına səbəb üçüncü şəxslərin ailə məsələlərinə müdaxilə etməsi, cavabdehin ona şiddət göstərməsi olmuşdur. Hazırda valideynlərinin yanında, Şahbuz şəhərində yaşayır. Uşaq onun yanında yaşayır. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşağın saxlanılması üçün ona maddi köməklik göstərməmişdir. Cavabdeh hazırda Şahbuz şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edir, N manat əməkhaqqı alır. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Özü Şahbuz rayon Kolanı kənd tam orta məktəbində müəllim işləyir, 800 manat əməkhaqqı alır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 158964 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər arasında nikah 10 yanvar 2022-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. 787457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 yanvar 2023-cü il tarixdə X3 doğulmuş, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb uşağın saxlanılması üçün İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə yetkinlik yaşına çatmayan uşaq üçün alimentin hansı miqdarda tutulması məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən qazancının, başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasını xahiş etdiyindən, cavabdeh hərbi qulluqçu olmaqla, N manat əməkhaqqı aldığından bir uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment müəyyən edilməli, aliment cavabdehin məhkəməyə müraciət etdiyi vaxtdan 15 avqust 2024-cü il tarixdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 04 yanvar 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 15 avqust 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə iddiaçının ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, 50 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ... ilkin mediasiya sesssiyasında üzrsüz səbədən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediator tərəfindən təqdim edilmiş arayışa, həmçinin məhkəməyə cavabdeh tərəfindən ilkin mediasiya sessiyasında üzrlü səbədən iştirak etməməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. 30 aprel 2024-ci il tarixli, MŞN/24-B-00517 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Odur iddiaçı tərəfində ilkin mediasiya sesssiyasında çəkdiyi xərci cavabdeh ona ödəməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. 04 yanvar 2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin Alimentin tutulması 15 avqust 2024-cü il tarixdən hesablansın Cavabdeh 50 manat alınıb İddiaçı verilsin. Qətnamənin aliment müəyyən edilməsi barədə hissəsi dərhal icra edilsin. Cavabdeh 56 manat dövlət rusumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar