Məhkəmə qərarları › İş №2(089)-29/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-29/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-29/2025 16.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, əmək qabiliyyətini itirərək ll qrup əlil olduğunu, hazırda müalicə adığını, hər ay 220 manat müavinət aldığını, lakin bu məbləğlə təminatı tam ödənilmədiyini, əlavə maddi yardıma ehtiyacı olduğunu nəzərə alıb Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, atası Cavabdeh ilə anası Nümayəndə arasında nikah 04 dekabr 2007-ci il tarixdə pozulmuşdur. Həmin vaxtdan anası ilə bir yerdə, babası X2 Culfa rayonunun Xoşkeşin kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Əmək qabiliyyətini itirmişdir, İİ qrup əlildir, ağrıları çoxdur, səhhəti işləməsinə imkan vermir. Dərmanlarını çatdırıb ala bilmir, hər ay 220 manat müavinət alır, lakin əlavə olaraq maddi yardıma ehtiyacı olduğundan cavabdeh (atası) Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə ehtiyacı var. Anası Nümayəndə isə ona qulluq etdiyinə görə, üzrlü səbəblərdən heç bir yerdə işləyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı onun oğludur. İddiaçı ll qrup əlildir. Onunla birlikdə yaşayır. Xəstəliyinə görə müalicə alır, sağlamlıq vəziyyəti ağırlaşır. Müalicəsinə çəkilən xərclərə görə maddi cəhətdən çətinlik çəkirlər. Cavabdeh övladı ilə maraqlanmır, maddi köməklik göstərmir. Cavabdeh uşaq yetkinlik yaşına çatanadək aliment ödəmişdir. İddiaçı heç bir yerdə işləmir, sağlamlıq vəziyyəti onun işləməsinə mane olur. Əlilliyinə görə dövlət tərəfindən hər ay 220 manat məbləğində müavinət ödənilir, lakin bu məbləğlə onun müalicəsi üçün lazım olan xərcləri ödəyə bilmir. Özü ictimai işdə işləyir, 326 manat əməkhaqqı alır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, işləmir, hər hansı bir xəstəliyi yoxdur. Anası ilə birlikdə yaşayır, ailə qurmamışdır. İş tapa bilmədiyi üçün heç bir yerdə işləmir, anasının aldığı pensiya ilə ehtiyaclarını qarşılayır, heç bir yerdən gəliri yoxdur. Uşaq yetkinlik yaşına çatanadək aliment ödəmişdir. İddianı qəbul etmir, hər ay 235 manat aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan- AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ll qrup üzrə ümumi xəstəlikdən əlildir. Əmək zəmanəti-yüngül işlərdə işləyə bilər. 29 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-8318/2024 nömrəli arayışdan görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 220.00 manat məbləğində müavinət alır. 29 avqust 2024-cü il tarixli, 3-17-9-2/2-N-8080/2024 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ll qrup üzrə ümumi xəstəlikdən əlildir. Əlilliyinə görə dövlət tərəfindən ona hər ay 220.00 manat məbləğində müavinət ödənilir. Həmçinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı yüngül işlərdə işləyə bilər, yəni qismən əmək qabiliyyəti vardır. Əlavə olaraq müəyyən edilmişdir ki, Cavabdeh heç bir yerdə işləmir, qazancı yoxdur, tələb olunan aliment məbləğini ödəyə bilməz. İddiaçı tərəfindən də cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Qanunun tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış övladlara aliment ödənilməsi üçün yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı müəyyən edildikdə aliment tutula bilər. Hazırkı iş üzrə iddiaçının “maddi yardıma ehtiyacının olması” halı müəyyən edilməmişdir. Qeyd edildiyi kimi İddiaçı hər ay 220.00 manat məbləğində dövlət tərəfindən müavinət ödənilir. Həmçinin İddiaçı qismən əmək qabiliyyətlidir, yüngül işlərdə işləyə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar