Məhkəmə qərarları › İş №2(089)-34/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-34/2022

03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-34/2022 03.02.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 qızının iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 06 oktyabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 2009-cu ilin yanvar ayında ailə qurmuşlar. Nikahları 12 sentyabr 2019-cu il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından 06 oktyabr 2019-cu il tarixdə Məmmədova Rüqəyya doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşamışlar. Daha sonra cavabdehlə xasiyyətləri tutmamış, münasibətləri pozulmuşdur. Cavabdehlə 2020-ci ilin dekabr ayından ayrı yaşayırlar. Uşağı ilə birlikdə Culfa rayonunun Əbrəqunus kəndində, valideynlərinə məxsus evdə, cavabdeh isə Bakı şəhərində yaşayır. Cavabdehlə ayrı yaşadıqları müddətdə uşağın saxlanılması üçün ona maddi köməklik göstərməmiş, bir ildən çox vaxt ərzində cəmi 100 manat pul vermişdir. Özü işləmir, uşağını valideynlərinin köməkliyi ilə, çətinliklə saxlayır. Cavabdeh Bakı şəhərində tikintidə usta işləyir, qazancı çoxdur, lakin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 156095 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Culfa rayon Qeydiyyat şöbəsində 12 sentyabr 2019-cu il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 98 nömrə ilə qeyd edilmişdir. 163380 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 06 oktyabr 2019-cu il tarixdə X3 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 08 oktyabr 2021-ci il tarixli, 194 nömrəli arayışından görünür ki, Cavabdeh Culfa rayon Əbrəqunus kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, izahatında Cavabdeh Bakı şəhərində tikintidə usta işlədiyini bildirmiş, lakin cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin qazancı barədə məlumat olmaması alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşağın zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, həmçinin uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaq böyüdükcə onun gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- 130 manatı cavabdeh uşağın saxlanması üçün iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 oktyabr 2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14 dekabr 2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 35.60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 06 oktyabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 14 dekabr 2021-ci il tarixdən hesablansın. Qətnamənin dərhal icra edilsin. Cavabdeh 35.60 manat dövlət rusumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar