Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-373/2025 17.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-127/2018 nömrəli, 09 avqust 2018-ci il tarixli qətnaməsi əsasında indeksasiya edilməklə 23 fevral 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan alınaraq Cavabdeh ödənilən 304 manat aliment məbləğinin dəyişdirilərək 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuşlar. Birgə nikahdan bir uşaqları – 23 fevral 2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Aralarındakı nikah Culfa Rayon Məhkəməsinin 05 fevral 2013-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnamə ilə 23 fevral 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Culfa Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2(089)-76/2016 nömrəli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək 70 manat müəyyən edilmiş, bundan sonra Culfa Rayon Məhkəməsinin 2(089)-127/2018 nömrəli, 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə 70 manat aliment miqdarı dəyişdirilərək hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq 23 fevral 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(089)-41/2025 nömrəli qərardadı ilə Culfa Rayon Məhkəməsinin 2(089)-127/2018 nömrəli, 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə 23 fevral 2011-ci il tarixdə doğulmuş X2 üçün ondan hər ay tutulan sabit məbləğdə 100 manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.76 misli miqdarında indeksasiya edilmişdir. Culfa Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(089)-41/2025 nömrəli qərardadı ilə indeksasiya edilən aliment məbləği 304 manat təşkil edir. Qeyd edilən aliment məbləği onun aylıq qazancına münasibətdə, eləcə də uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun məbləğindən əhəmiyyətli dərəcədə yüksəkdir. Həmçinin, hazırda Bakı şəhərində yaşayır. ”Oba Market” MMC-də satıcı-kassir vəzifəsində işləyir, aylıq qazancı ortalama 400-500 manat arasında olur ki, bu vəsait onun zəruri maddi ehtiyaclarını qarşılamağa ancaq yetir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, həmçinin bildirmişdir ki, İddiaçı Bakı şəhərində kirayədə yaşayır, aylıq 200 manat kirayə haqqı verir. Qazancı dəyişkəndir, 500 manata qədər əmək haqqı alır. Həmçinin İddiaçı özü və qızı xəstədir. Aliment məbləğinin azaldılmasını tələb edir. Qeyd edilənlərin nəzərə alınmasını və aliment miqdarının azaldılaraq 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, alimentin azadılmasını istəmir. Uşağı ən pis yaş dövründədir, hazırlıqlara gedir, çatdıra bilmir, övladının gələcəyi var. Alimentin 250 manat həddində azaldılmasına razı ola bilər, 250 manatdan aşağı müəyyən edilməsini istəmir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan- X3 20 avqust 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı alimentin azaldılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Culfa Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(089)-11/2025 saylı qərardadının surətindən görünür ki, tələbkar Cavabdeh “alimentin indeksasiyası”na dair ərizəsi təmin edilmiş, Culfa Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(089)- 127/2018 nömrəli qətnaməsi ilə 23 fevral 2011-ci il tarixdə doğulmuş X2 üçün cavabdeh İddiaçı hər ay tutulan sabit məbləğdə 100 manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.76 misli miqdarında indeksasiya edilmişdir. 23 iyun 2025-ci il tarixli, 1026 nömrəli arayışdan görünür ki, İddiaçı 29 dekabr 2024cü il tarixdən "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olur və hazırda Satış Departementində satıcı-kassir vəzifəsində çalışır. Son 5 ayda aşağıdakı məbləğlərdə əmək haqqı ödənilmişdir: yanvar – 594.95 manat, fevral – 300.78 manat, mart – 432.36 manat, aprel – 789.13 manat, may – 583.02 manat. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddia barədə onu vurğulamağı lazım bilir ki, uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırda tərəflərin birgə nikahlarından doğulmuş uşaq Cavabdeh himayəsində olduğundan onun bütün qayğısı, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü cavabdehin üzərindədir. Həmçinin o da qeyd edilməlidir ki, Culfa Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(089)-11/2025 saylı qərardadı ilə indeksasiya edlmiş aliment məbləği (304 manat) iddiaçının qazancı da nəzərə alınmaqla ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan belə çoxdur. Hazırda iddiaçı aliment məbləğinin azaldılaraq 170 manat məbləğində təyin edilməsini xahiş etsə də, məhkəmə cavabdehin əmək münasibətlərini, onun maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 23 fevral 2011ci il tarixdə doğulmuş X1 üçün Culfa Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(089)-11/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,76 misli həddində təyin edilmiş alimentin məbləği dəyişdirilərək azaldılmalı, 23 fevral 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçı 23 fevral 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Culfa Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(089)-11/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,76 misli həddində təyin edilmiş alimentin məbləği dəyişdirilərək azaldılsın. 23 fevral 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin azaldılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-373/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-373/2025
17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver