Məhkəmə qərarları › İş №2(089)-414/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-414/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-414/2025 15.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmamış 01 oktyabr 2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən işlədiyi müddətdə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, işləmədiyi müddətdə isə hər ay sabit pul məbləğində 246 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 27 iyul 2022-ci il tarixdə ailə qurmuşlar. Nikahları 28 sentyabr 2023-cü il tarixdə rəsmi qeydə alınmışdır. Cavabdehlə ailə qurduqdan sonra Culfa rayonunun Bənəniyar kəndində yaşamışlar. Birgə nikahlarından 01 oktyabr 2024-cü il tarixdə X4 doğulmuşdur. Cavabdehlə 12 oktyabr 2025-ci il tarixdən ayrı yaşayırlar. Hazırda övladı ilə birlikdə Culfa rayonunun Kırna kəndində yaşayır. Ayrı yaşadıqları müddətdə Cavabdeh uşaqla ünsiyyətdə olmamış, həmçinin uşağın saxlanılması üçün maddi köməklik göstərməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, İddiaçı və övladının harada qaldığını bilməmiş, bu səbəbdən ayrı yaşadıqları müddət ərzində uşağın saxlanılması üçün köməklik göstərməmişdir. Əvvəlki evliliyindən də 11 yaşında bir uşağı var, uşağın anası vəfat etmiş, uşaq onun himayəsindədir, bütün ehtiyaclarını özü qarşılayır. Ona görə də aliment müəyyən edilərkən bu halın da nəzərə alınmasını xahiş edir. Culfa rayon Bənəniyar kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Övladının saxlanılması üçün aliment müəyyən edilməsinə etiraz etmir. İşləmədiyi halda da məhkəmə tərəfindən müəyyən ediləcək alimenti ödəyəcək. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan- 03 noyabr 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh və İddiaçı arasında nikah 28 sentyabr 2023-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir. 216056 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 01 oktyabr 2024-cü il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Təhsil Şöbəsindən verilmiş 03 nömrəli arayışdan görünür ki, Cavabdeh Culfa rayon Bənəniyar kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir, 1036 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən işlədiyi müddətdə qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və işləmədiyi müddətdə isə hər ay sabit məbləğdə 246 manat alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir iddia Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbi nəzərə alınmaqla əsaslıdır. Belə ki, AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh hazırda müəllim işləməklə, 1036 manat əmək haqqı aldığından uşağın saxlanılması üçün Cavabdeh işlədiyi müddətdə qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, işləmədiyi müddətdə isə 200 manat aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə alimentin cavabdehin işləmədiyi müddətdə sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat və “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026cı il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 260 manat məbləğində təsdiq edilmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat və 2026-cı il üçün 260 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə cavabdehin işləmədiyi müddət üçün nəzərdə tutulan sabit pul məbləğində alimentin 200 manat həddində təyin edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (200:400=0.5) sabit pul məbləğində aliment tutulmalıdır. 2025ci ildə, həmçinin 2026-cı ildə ölkə üzrə minimum əmək haqqı 400 manat təşkil etdiyindən alimentin miqdarı həmin ilin minimum əmək haqqının müəyyən mislinə uyğun müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh işlədiyi müddətdə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment, işləmədiyi müddətdə isə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarında göstərilən hüquqi mövqeyi baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05 dekabr 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 51.08 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 01 oktyabr 2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh işlədiyi müddətdə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment, işləmədiyi müddətdə isə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması 05 dekabr 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 51.08 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar