Məhkəmə qərarları › İş №2(089)-50/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-50/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-50/2021 12.02.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx xxxxxxx 2003-cü il tarixdə doğulmuş X5 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 175 manat olmaqla hər ay 350 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə xx xxxx 2002-ci il tarixdə ailə qurmuşlar. Nikahları qeydiyyata alınmamışdır. xx xxxxxxx 2003cü il tarixdə Asiya, xx xxxxxx 2012-ci il tarixdə Rüqayyə adlı uşaqları doğulmuşdur. Atalıq müəyyən edilmiş, uşaqlara doğum haqqında şəhadətnamə almışlar. 2020-ci ilin dekabr ayınadək Bənəniyar kəndində cavabdehin valideynlərinə məxsus evdə yaşamışlar. Münasibətləri yaxşı olmamışdır. Cavabdeh onu döyür, təhqir edir, ona arvadı kimi hörmət etmir. Bu səbəbdən də ayrılmışlar. Uşaqlarla valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh bir valideyn kimi uşaqları ilə maraqlanmır, uşaqları saxlamaq üçün ona maddi köməklik etmir. Cavabdeh “tır” sürücüsüdür, qazancı çox və dəyişəndir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Həmçinin cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçı izahatında onu da bildirmişdir ki, iddia ərizəsində cavabdehdən bir uşağın saxlanması üçün 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmişdir. İddianın qismən təmin edilməsini, bir uşağın saxlanması üçün 150 manat məbləğində aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə xx xxxx 2002-ci il tarixdə ailə qurmuşlar. Nikahları qeydiyyata alınmamışdır. İki uşaqları var. Cavabdehlə münasibətləri yaxşı olmadığından nikahın qeydiyyata alınması barədə düşünməmişdir. 2020-ci ilin dekabr ayınadək Bənəniyar kəndində valideynlərinə məxsus evdə yaşamış və ayrılmışlar. Birlikdə yaşamaları mümkün deyil. Ayrı yaşadıqları müddətdə uşaqları ilə ünsiyyətdə olmuş, uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik etməmişdir. Hazırda işləmir, qazancı yoxdur. 350 manat məbləğində aliment ödəyə bilməsi mümkün deyil, lakin 300 manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi Ə.Vəliyev iddianın qismən təmin edilməsini, bir uşağın saxlanması üçün 150 manat məbləğində aliment müəyyən edilməsini xahiş etmişdir. Doğum akt qeydlərindən çıxarışlardan görünür ki, xx xxxxxxx 2003-cü il tarixdə X5 və xx xxxxxx 2012-ci il tarixdə X3 doğulmuş, uşaqların anası İddiaçı, atası Cavabdeh oğludur. 8 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Culfa rayonunun Bənəniyar kəndində yaşayır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Аzərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının, cavabdehin, cavabdehin nümayəndəsi-vəkilinin ızahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qazancının olmadığını, lakin bir uşağın saxlanması üçün 150 manat aliment ödəyə biləcəyini bildirmişdir. Cavabdehin bildirdiyinə görə qazancının olmaması ondan alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayış üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqlar böyüdükcə onun gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- 150 manatı cavabdeh bir uşağın saxlanması üçün iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2003-cü il tarixdə doğulmuş X5 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment Cavabdeh oğlundan alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. xx xxxxxxx 2003-cü il tarixdə doğulmuş X5 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uçaq üçün 150 manat olmaqla hər ay 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar