Məhkəmə qərarları › İş №2(089)-70/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-70/2022

06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-70/2022 06.04.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 qızının iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 13 avqust 2011-ci il tarixdə doğulmuş X5 və 29 aprel 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 190 manat olmaqla, hər ay 380 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında olan nikah 16 sentyabr 2011-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından 13 avqust 2011-ci il tarixdə Əli və 29 aprel 2019-cu il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Cavabdehlə 30 dekabr 2022-ci il tarixdən ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların ehtiyaclarının qarşılanması üçün ona cəmi 190 mat pul vermiş, Novruz bayramında bayram hədiyyəsi, paltar almış, əlavə maddi köməklik göstərməmişdir. Uşaqlara qulluq etdiyindən, iş tapa bilmədiyindən işləmir. Cavabdehin verdiyi 190 manat məbləğində pulla uşaqların üç aylıq ehtiyaclarını qarşılaması mümkün deyil. Cavabdeh işləyir, həmçinin ikinci qrup əlil olduğu üçün sosial müavinət alır. Bir uşağın saxlanılması üçün 150 manat məbləğində aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 3 aydır ki, ayrı yaşayırlar. Ayrı yaşamalarına səbəb iddiaçının onu bəyənməməsidir. İddiaçı onunla birlikdə yaşamaq istəmir, onun uşaqlarla ünsiyyətinə mane olur. Culfa rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləyir. Əməkhaqqı arayışda 338 manat qeyd edilsə də, 290 manat əmək haqqı alır, əlavə olaraq ikinci qrup əlil kimi 180 manat müavinət alır. Borcu çoxdur, kredit ödəyir, 150 manat aliment ödəyə bilməsi mümkün deyil. Alimentin aylıq qazancına uyğun və ya bir uşaq üçün 100 manat müəyyən edilməsini xahiş edir. İş materiallarında olan- 602096 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Culfa rayon Qeydiyyat Şöbəsində 16 sentyabr 2011-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 130 nömrə ilə qeyd edilmişdir. 662714 və 164144 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 13 avqust 2011-ci il tarixdə X5, 29 aprel 2019-cu il tarixdə X3 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh bir uşaq üçün 110 manat olmaqla, hər ay 220 manat sabit pul məbləğində aliment alınıb uşaqların saxlanılması üçün İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin məhkəməyə təqdim etdiyi arayışlardan müəyyən edilmişdir ki, o, Culfa rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləyir, 338 manat əməkhaqqı, həmçinin ikinci qrup əlil kimi 180 manat sosial müavinət alır. Aliment məbləğinin cavabdehin qazancına uyğun olaraq müəyyən edilməsi iddiaçının marağına uyğun deyil. Odur ki, qeyd edilənlər aliment sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa,habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə bozduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının tələbi qismət təmin edilməklə, aliment məbləği cavabdehin qazancına uyğun müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, alimentin məbləği cavabdehin qazancı nəzərə alınmaqla ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqlar böyüdükcə onların gündəlik xərclərinin artmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- bir uşaq üçün 110 manatı cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13 avqust 2011-ci il tarixdə doğulmuş X5 və 29 aprel 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 110 manat olmaqla, hər ay 220 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 fevral 2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 46.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 13 avqust 2011-ci il tarixdə doğulmuş X5 və 29 aprel 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 110 manat olmaqla, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 25 fevral 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 46.40 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar