Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-80/2022 31.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı, cavabdeh X6, psixoloq X11, Culfa rayon İH başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X4 qarşı uşaqla ünsiyyətdə olmaq üçün görüş qaydasının müəyyən edilməsi tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, 03 fevral 2009cu il tarixdə doğulmuş X16 ilə həftənin şənbə günü saat 10:00-dan gecəni onun yanında qalmaqla bazar günü saat 18:00-dək, uşağın doğum günündən bir gün əvvəl saat 14:00dan axşam 20:00-dək, Yeni İl və Novruz bayramı günlərinin ilk günündən başalayarq yarısının, qış tətilinin ilk günündən başlayaraq yarısının və yay tətili, avqust ayının 1-dən 31-dək onun yanında qalmaqla görüş qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdeh F.Qələndərova ilə 2005-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 03 fevral 2009-cu il tarixdə Hüseynov Azad doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 2(089)-10/2013 nömrəli, 09 aprel 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, oğlu Azad cavabdehin yanında qalmışdır. Təkrar ailə qurmuş, uşağı yoxdur. Culfa rayon Məhkəməsinin 2(089)-55/2017 nömrəli, 13 mart 2017-ci il tarixli qətnaməsi ilə oğlu Azadın saxlanılması üçün 80 manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra uşağı ilə görüşməmiş, iddiaçının ailəsində narazılıqlar yarana biləcəyini düşünmüşdür. 80 manat aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı aliment tələbindən imtina edərsə, iddiasından imtina edər, əks halda uşaqla ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilməsini xahiş edir. Oğlundan ayrı yaşasa da, onunla görüşməsə də, hər zaman onun qayğısına qalmaq istəmiş, onun tərbiyəsi, mənəvi inkişafı, fiziki və psixi sağlamlığı həmişə bir ata kimi onu maraqlandırmışdır. Eyni zamanda oğlunun da onunla ünsiyyətdə olmaq hüququ var ki, bu da onun psixi inkişafına müsbət təsir edər. Lakin cavabdeh onun oğlu ilə görüşməsini heç vaxt istəməmişdir. Hesab edir ki, cavabdeh hərəkətləri ilə bir ata kimi onun hüquqlarını pozur. Cavabdehlə uşaqla ünsiyyətlə bağlı razılığa gələ bilmirlər. Hesab edir ki, onların ayrı yaşaması yetkinlik yaşına çatmamış oğlunun hüquqlarına təsir etməməlidir. Övladından ayrı yaşayan bir ata kimi onun oğlu ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh F.Qələndərova iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 2005-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 03 fevral 2009-cu il tarixdə Azad Hüseynov doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 2(089)-10/2013 nömrəli, 09 aprel 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Təkrar ailə qurmuş, oğlu Azad onunla birlikdə yaşayır, ailə qurduğu şəxsin Azada münasibəti çox yaxşıdır. Culfa rayon Məhkəməsinin 2(089)-55/2017 nömrəli, 13 mart 2017-ci il tarixli qətnaməsi ilə oğlu Azadın saxlanılması üçün 80 manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı aralarında olan nikah pozulduqdan sonra uşağı ilə maraqlanmamış, ünsiyyətdə olmamışdır. Aliment ödəməməsi, onun aliment tələbindən imtina etməsi üçün 2018-ci ildə uşaqla görüş qaydasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçının uşaqla ünsiyyətdə olamaması üçün alimentlə bağlı icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, icra sənədi məhkəməyə qaytarılmış, İddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsi geri qaytarılmış və baxılmamış saxlanmışdır. Ailə qurduğu şəxs öz övladı kimi Azadın ehtiyaclarını qarşılayır. Buna baxmayaraq Azad onu ehtiyaclarının qarşılanması üçün atasından aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur etmiş, bu səbədən də icra sənədinin təkrar icra edilməsi üçün Məhkəməyə müraciət etmiş, icra sənədi təkrar icra edilməsi üçün göndərilmişdir. İddiaçı ondan aliment tələb etdiyindən yenidən uşaqla ünsiyyətdə olması üçün görüş qaydasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının məqsədi uşaqla görüşmək deyil, onu aliment tələbində imtina etməyə məcbur etməkdir. Alimentdən imtina etməyəcək, hətta alimentin artırılması ilə bağlı məhkəməyə müraciət edəcək. İddiaçının uşağın ehtiyaclarını ödəmək üçün ona köməklik etməsi onun vəzifəsidir. Bir uşağın saxlanılması üçün minimum 193 manat tələb olunduğu halda, iddiaçı 80 manat aliment ödəyir. Həmçinin Azad iddiaçı ilə görüşmək, onunla qarşılaşmaq istəmir. Kimsə Azadı zorla iddiaçı ilə görüşməyə məcbur edə bilməz. İddianın rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş- Doğum akt qeydindən çıxarışdan görünür ki, 03 fevral 2009-cu il tarixdə doğulmuş X12 anası X6, atası İddiaçıdur. 173614 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə olan nikah ləğv edilmiş, bu barədə 12 iyun 2013-cü il tarixdə 25 nömrə ilə qeyd edilmiş, qadına Qələndərova soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X1 Firəngiz Amən qızının yanında yaşayır, cavabdeh uşaqdan ayrı yaşayan iddiaçının uşaqla ünsiyyətinə mane olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Culfa rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X13 izahatında bildirmişdir ki, Qəyyumluq və Himayə Komissiyası tərəfindən uşaqla ünsiyyətdə olmaq istəyən İddiaçı həyat şəraiti müayinə edilmiş, müayinə aktı tərtib edilmişdir. Həmçinin tərəflərin birgə nikahlarından doğulmuş uşağın 10 yaşı tamam olduğundan, onun İddiaçıla görüşmək, ünsiyyətdə olmaq istəməsi ilə bağlı fikri öyrənilmiş, uşaq İddiaçıla görüşmək, ünsiyyətdə olmaq istəmədiyini bildirmişdir. Valideynlərin uşaqlarla ünsiyyət, onların tərbiyəsində, təhsilində iştirak hüququ var. Qəyyumluq və Himayə Komissiyası hesab edir ki, uşaq atası ilə ünsiyyətdə olmaq istəməsə də, ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilməlidir. Atanın uşaqla ünsiyyətdə olması uşağın və qanunun mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 192.3-ci maddəsinə əsasən uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Məhkəmə Naxçıvan şəhər Hüydər Əliyev adına tam orta məktəbin nümayəndəsi, psixoloq X8 iştirakı ilə 03 fevaral 2009-cu il tarixdə doğulmuş X12 atası İddiaçıla ünsiyyətdə olmaq istəyib-istəməməsi ilə bağlı fikrini öyrənmişdir. X16-“Mənim adım Azaddır. 2009-cu ildə doğulmuşam. Atamın adı Akif, anamın adı Firəngizdir. 13 yaşım var, Naxçıvan şəhəri H.Əliyev adına məktəbin 7-ci sinfində oxuyuram. Yaxşı oxumuram, yəni oxumaq istəmirəm. Oxumağa həvəsim yoxdur. Atam və anam ayrı yaşayır. Mən anamın yanında yaşayıram. Atam mənimlə görüşmək istəyir. Mən illərdir məni axtarmayan şəxslə görüşmək istəmirəm.” Аzərbаycаn Rеspublikası Аilə Məcəlləsinin 49.2-ci mаddəsinə görə hər bir uşаq аilədə yаşаmаq və tərbiyə аlmаq, öz vаlidеyinlərini tаnımаq və оnlаrın qаyğısındаn istifаdə еtmək, uşаğın mаrаqlаrınа zidd оlаn hаllаr istisnа оlmаqlа, оnlаrlа birgə yаşаmаq hüququnа mаlikdir. Həmin Məcəllənin 50.2 və 50.3-cü maddələrinə görə valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məcəllənin 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Məcəllənin 61.3-cü maddəsinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsinin 3-cü bəndinə əsasən uşağın ayrı yaşayan valideyni ilə ünsiyyətdə olmasına əngəl törədilməsi həm valideynin, həm də uşağın hüquqlarını pozur. Uşaqla yaşayan valideyn o biri valideynin uşaqla ünsiyyətinə o zaman əngəl yarada bilər ki, bu ünsiyyət uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirsin. Yuxarıda göstərilən hüquq normalarında uşаqların mаrаqlаrınа zidd оlаn hаllаr istisnа оlmаqlа, uşaqların valideynlərlə birgə yаşаmаq hüququnun olması, uşaqlarla yaşayan valideynin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmaması, qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı valideyndən ayırmağın qadağan olması, valideyndən ayrı yaşayan uşağın ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququnun olması, uşaqla yaşayan valideyn o biri valideynin uşaqla ünsiyyətinə bu ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirəcəyi halda əngəl yarada biləcəyi müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı uşağı ilə ünsiyyətinin uşağın maraqlarına, fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirə biləcək hallar, atanın uşaqla ünsiyyətinin uşağa mənfi təsir göstərə biləcəyi hallar müəyyən edilməmişdir. Həmçinin təqdim edilmiş arayışlardan İddiaçı hər hansı bir xəstəliyin olmaması müəyyən edilmişdir. Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş rəydə Komissiya A.X10 ünsiyyətdə olmasının qanuna və uşağın mənafeyinə olması qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş uşaq atası ilə görüşmək istəməməsinin səbəbini atasının onunla maraqlanmaması, atasının anası ailiment tələb etdiyi üçün onunla görüməş istəməsi ilə əlaqələndirsə də, məhkəmə hesab edir ki, hər bir halda atanın uşağı ilə ünsiyyətdə olmaq hüququ var, həmin hüququn məhdudlaşdırılması, görüş qaydasının müəyyən edilməməsi ədalətsiz, uşağın və iddiaçının qanuni maraqlarına ziddir. Məhkəmə hesab edir ki, Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının rəyi, uşağın, atanın maraqları, mənafeyi nəzərə alınmalı, iddiaçının uşaqla ünsiyyət hüququnu həyata keçirməsi məqsədilə görüş qaydası müəyyən edilməlidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 18-ci maddəsində qeyd edilir edilir ki, uşağın ən ümdə mənafelərinin əsas qayğıkeşi olan valideynlər onun tərbiyəsi və inkişafına görə də özləri əsas məsuliyyət daşıyırlar. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən, həmçinin, mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Yohansen Norveçə qarşı” 07 avqust 1996-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Məhkəmə hesab edir ki, uşaqların normal psixoloji inkişafı üçün davamlı sosial mühitin olması, hər iki valideynin qaygısı, onların uşaqların tərbiyəsində birgə iştirakı vacibdir. Atanın uşaqları ilə ünsiyyətinə qadağa qoyulması onun bir valideyn kimi qanunda nəzərdə tutulan hüquqlarının pozulmasına, eləcə də uşaqların sabit psixoloji durumunun formalaşmasına, onların stabil inkişafına, psixikasına, təhsil və tərbiyəsinə mənfi təsir göstərə bilər. İşin yuxarıda qeyd olunan hallarına, göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddia tələbi qismən təmin edilərək, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi və uşaqla ünsiyyətdə olma müddəti məhkəmə tərəfindən müəyyən edilməli, iddiaçının 03 fevral 2009-cu il tarixdə doğulmuş X16 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 03 fevral günü saat 14:00-dan 18:00-dək görüş qaydası müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, uşaqların valideynlərlə ünsiyyətdə olmaq hüququ onların marağına uyğun olaraq, məqsədəuyğunluq nöqteyi nəzərdən realizə olunmalıdır. Burada əsas şərt uşaqların maraqlarının qorunması, onlar üçün ata və ya başqa qohumla ünsiyyətin məqsədyönlülüyü və gərəkliliyi ola bilər. İddiaçı tərəfindən uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi cavabdehin bir ana kimi hüquqlarını realizə etməsinə, eləcə də uşaqğın zəruri ehtiyaclarının ödənilməsinə maneçilik törətməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Göstərilənlərdən aydın olduğu kimi uşaqların müstəsna qayğı və müdafiəyə ehtiyacı olan müvafiq hüquqlara malik müstəqil şəxsiyyət kimi nəzərdən keçirildiyindən valideynlər öz hüquqlarını qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafeyinə uyğun şəkildə həyata keçirməlidirlər. “Valideynlər və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının ikinci bəndində göstərilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmə iddianı qismən təmin edərkən işin faktiki hallarını, Azad Hüseynovun yetkinlik yaşına çatmamasını, ana qayğısına daha çox ehtiyacının olması, anasına daha çox bağlı olmasını, məktəbli olması, mənafeyini nəzərə alır, belə nəticəyə gəlir ki, İddiaçı 03 fevral 2009-cu il tarixdə doğulmuş X16 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 03 fevral günü saat 14:00-dan 18:00-dək görüş qaydası müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İş materiallarına əlavə edilmiş 14 fevral 2022-ci il tarixli, 30459 nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. 14 mart 2022-ci il tarixli, 1H-68 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf ... dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə Qanunun normasının məzmunundan belə nəticəyə gəlir ki, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin verilməsinə görə ödəməli olduğu 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin ödənilməsindən azad olunmuş, 50 manatı dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı iddia verilərkən ödəməli olduğu 100 manat məbləğində dövlət rüsumunun ödənilməsindən azad olunmuş 50 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. İddiaçı 03 fevral 2009-cu il tarixdə doğulmuş X16 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 03 fevral günü saat 14:00-dan 18:00-dək görüş qaydası müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. X2 50 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov -
Məhkəmə qərarları › İş №2(089)-80/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-80/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver