Məhkəmə qərarları › İş №2(090)-111/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-111/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-111/2021 08.07.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “09” iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 03 fevral 2013-cü il tarixdə doğulmuş X6 və 13 dekabr 2014-cü il tarixdə doğulmuş X1 üçün ataları Cavabdeh sabit pul məbləğində hər bir uşaq üçün 150 (yüz əlli) manat alimentin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2012-ci il tarixdən qeyri-rəsmi olaraq ailə qurublar, onların qeyri-rəsmi evliliyindən övladı 03 fevral 2013-cü il təvəllüdlü X6 və 13 dekabr 2014-cü il təvəllüdlü X7 doğulubdur, o Cavabdeh dəfələrlə rəsmi nikah bağlanmasını istəsə də cavabdeh hərdən bir bəhanə ilə evliliklərini rəsmiləşdirməyibdir, cavabdeh ilə birgə yaşadıqları dövrdə Cavabdeh ailəsinin qayğısına qalmayıbdır, onu söyüb təhqir edibdir, bu səbəbdən o Cavabdeh ayrılaraq atası evinə gəlibdir, hal-hazırda övladları Fəqan və Şahin onunla birlikdə qalır, cavabdeh isə onlara heç bir maddi yardım etmir, o özü uşaqları azyaşlı olduqları üçün işləmir, uşaqlarının tələbatlarını təkbaşına qarşılaya bilmir, ona görə də məcbur qalıb məhkəməyə müraciət edibdir, cavabdeh taksi fəaliyyəti məşğul olur və yaxşı gəlir əldə edir, lakin onun cavabdehin gəlirləri barədə məhkəməyə təqdim edəcək sübutu yoxdur, sonda İddiaçı göstərilənləri nəzərə alınaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, artıq 35 gündür o övladları ilə birlikdə atasının evində qalırlar, həmin dövrdə Cavabdeh uşaqları ilə görüşmək istəyibdir o da uşaqlarının ataları ilə görüşməsinə etiraz etməyibdir, daha sonra cavabdeh uşaqları onun razılığı olmadan özü ilə apardığından o, məcbur qalıb polisə müraciət edibdirdir, bundan sonra Cavabdeh uşaqları ona qaytarıbdır, o cavabdehin dediklərinə inanmır, cavabdeh ilə barışsa o yenə də əvvəlki kimi öz əməllərinə davam edəcəkdir, cavabdeh uşaqlara baxmaq iqtidarında deyil, cavabdehin anası isə yaşlı qadındır o da uşaqlara baxa bilməz, ümumiyyətlə o uşaqlarının cavabdehin yanında qalmasını istəmir, uşaqlar bir neçə gün atalarının yanında qaldıqdan sonra uşaqları ona atalarının yanında qalan zaman ac, düzgün yemək yeyə bilmədiklərini deyiblər, ona görə də uşaqlarının ataları ilə görüşməsinə etiraz etmir, amma ataları ilə qalmalarına razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən o İddiaçı ilə 2012-ci ildə qeyri-rəsmi evləniblər onların qeyri-rəsmi evliliyindən iki oğlan övladı Fəqan və Şahin adlı uşaqları doğulubdur, o iddiaçının dedikləri ilə razılaşmır o heç vaxt ailəsinin dağılmasını istəməyibdir, o uşaqlarının ana-atası ilə birlikdə böyüməsini istəyir, iddiaçı imkan verməyibdir uşaqları üçün nə isə etsin, o iddiaçının hər bir tələbatını qarşılamağa hazırdır, sadəcə o iddiaçının gəlib onlarla birlikdə qalmasını istəyir, əlavə olaraq Cavabdeh bildirdi ki, o 2007ci ildən Rusiya vətəndaşı ilə rəsmi nikahda olduğundan, İddiaçı ilə rəsmi nikaha daxil ola bilmir, sonda cavabdeh qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, o halhazırda rəsmi olaraq heç bir yerdə işləmir, o özünə məxsus avtomobil ilə qeyrirəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olur, o uşaqlarını çox istəyir onlardan ayrı qalmaq istəmir, onun 85 yaşında anası var, özü isə pul qazanmalıdır, ona görə də uşaqların anasının evə qayıtmasını istəyir, o istəmir ki, uşaqları ana-atasız qalsın, onun aliment ödəmək imkanı yoxdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Babək rayonu, Badaşqan kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı, 855040 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 03 fevral 2013-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 305191 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 13 dekabr 2014-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 156207 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 03 fevral 2013-cü ildə İddiaçı doğulmuş X5 atası hesab edilmiş, bu barədə atalığın qeyd edilməsi haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 135237 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 13 dekabr 2014-cü ildə İddiaçı doğulmuş X5 atası hesab edilmiş, bu barədə atalığın qeyd edilməsi haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində 03 fevral 2013-cü il tarixdə doğulmuş X6 və 13 dekabr 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin alınaraq ona verilməsini tələb etsə də Cavabdeh gəlirləri barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərdən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, 03 fevral 2013-cü il tarixdə doğulmuş X6 və 13 dekabr 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanılmaları üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “09” iyun 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (2x12x150)=3600) təmin edilmiş hissəsinə (2x12x100)=2400) münasib olan 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 03 fevral 2013-cü il tarixdə doğulmuş X6 və 13 dekabr 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “09” iyun 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalmış hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar