Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-121/2021 15.07.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “22” iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 06 dekabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 18 avqust 2018-ci il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar, onların birgə nikahlarından 06 dekabr 2019-cu il təvəllüdlü X7 adlı bir övladları dünyaya gəlmişdir. Onların ailə münasibətlərində problemlər yaranmışdır. Ramalın anası ona xəstə olduğu üçün, həmdə uşağı xəstəxanaya aparmağı ilə əlaqədar çox pul xərcləndiyinə görə evdə söz söhbət salırdı. Elə bu söz söhbətlərə görə 2021ci ilin yanvar ayının 20-dən uşağı ilə birgə atasının yanında qalır. Özü işləmir, uşağının tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir, həmçinin 9 aylıq hamilədir, buna görə də cavabdehin də övladının maddi tələbatlarının ödənilməsində iştirak etməsini istəyir. Ailə qanunvericiliyinə görə uşaqları saxlamaq valideynlərin hər ikisinin borcudur. Onda olan məlumata əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyində mühafizəçi işləyir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyası, Azərbaycan Respublikası Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu istinad etmişdir. Sonda iddia İddiaçı göstərilənləri nəzərə alaraq 06 dekabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası - Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir, lakin İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırdığını, hal-hazırda səhhəti ilə əlaqədar 9 aylıq hamilədir, hamiləliyini nəzərə alaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о məhkəmə iclaslarına gəlməmiş, lakin teleqram ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini üçün işinə baxıb qərara qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı qızı Şahbuz rayonu, Külüs kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı, 289416 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında nikah “18” avqust 2018-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1945 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Məmmədli” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 393871 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 06 dekabr 2019-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qızı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin 08 iyul 2021-ci il tarixli, 10 saylı arayışı ilə müəyyən olunur ki, ədliyyə baş çavuşu Cavabdeh ƏN PX ANT-da 06.03.2019-cu il tarixindən 248 ş/h saylı əmrlə kiçik inspektor növbətçi mexanik vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı 488,36 (dörd yüz səksən səkkiz manat, otuz altı qəpik) manat təşkil edir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə hesab edir ki, uşağın anasının himayəsində yaşamasını, onun yaşını, gündəlik tələbatları nəzərə alınaraq 06 dekabr 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. 06 dekabr 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “22” iyun 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 06 dekabr 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “22” iyun 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-121/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-121/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver