Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-124/2020 16.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ «16» sentyabr 2020-ci ildə Şahbuz şəhərində Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı xx xxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2010-cu il tarixdə anadan olmuş Babayeva Pəri Sönməz qızının, xx xxxx 2013-cü il tarixdə anadan olmuş Babayev Məhəmməd Sönməz oğlunun və xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş Babayev Adəm Sönməz oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh onun qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh ilə xx xxxxxxx 2009-cu ildə Şahbuz rayonu, Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahımızdan xx xxxx 2010-cu il təvəllüdlü Babayeva Pəri Sönməz qızı, xx xxxx 2013-cü il təvəllüdlü Babayev Məhəmməd Sönməz oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü Babayev Adəm Sönməz oğlu adlı övladımız olmuşdur. Bildirirəm ki, cavabdehlə yola getmədiyimizdən uşaqlarımı da götürərək kirayə ev tutaraq birlikdə yaşayırıq. Mən işləmirəm. Sönməz N saylı hərbi hissədə xidmət edir. İşləmədiyim və kirayə yaşadığım üçün uşaqların saxlanmasında çətinlik çəkirəm. Buna görə də cavabdehin qazancından aliment alınıb verilməsini istəyirəm. Məhkəmədə izahat verən İddiaçı tələbini müdafiə edərək 2009-cu ildə Sönməzlə tanış olub ailə qurduğunu, birgə nikahlarından ikisi oğlan, biri qız olmaqla üç övladının dünyaya gəldiyini, demək olar ki, cavabdehlə 2020-ci ilin may ayınadək normal yola getdiklərini, lakin özünün alver etməsi ilə bağlı yaranmış borclara görə cavabdehlə aralarında problemlər yarandığını, bu səbəbdən də ailə münasibətlərinin pozulduğunu, 2020-ci ilin avqust ayının 26-dək Sönməzlə birlikdə yaşasalar da, həmin vaxtdan cavabdehin evi tərk edərək yaşaması üçün valideynlərinin yanına getdiyini, özünün isə üç uşağı ilə birlikdə kirayədə yaşadığını və işləmədiyini, buna görə də uşaqların saxlanılmasında çətinlik çəkdiyini, Sönməzin isə hərbi qulluqçu olduğunu, uşaqların saxlanılması üçün ona köməklik etməsini istədiyini qeyd edərək, yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında 2009-cu ildə Bəyimlə tanış olduğunu, onunla ailə qurduğunu, birgə nikahlarından üç uşağın dünyaya gəldiyini, demək olar ki, mehriban yaşadıqlarını, lakin təqribən bir il bundan əvvəldən başlayaraq iddiaçının alver etməsi nəticəsində borclarının yarandığını, bununla bağlı olaraq aralarında mübahisə başladığını, əslində isə onlar arasında yaranmış mübahisələrin Bəyimin alver etməsi ilə borca düşmələrindən deyil, iddiaçının ona mütəmadi yalan danışmağından yarandığını, Bəyimin bir çox şəxsdən borc almasına görə özünün işlədiyi yerdə biabır olduğunu, qarşına çıxan hər kəsin arvadının ona borclu olduğunu dediyini, bütün bunlara görə aralarında baş verən mübahisələr nəticəsində 2020-ci ilin avqust ayının 26-dan ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların da Bəyimin yanında qaldıqlarını, özünün iddiaçının borclarını ödəmək üçün bankdan kredit götürdüyünü və hər ay əmək haqqının yarısını banka ödədiyini qeyd etmişdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin xx xxxxxxx 2009-cu il tarixdə nikaha daxil olması, onların birgə nikahından üç uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Şahbuz rayon Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2009-cu il tarixli, AZ-İ seriyalı, 419599 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında xx xxxxxxx 2009-cu il tarixdə nikah bağlanması, nikahın bağlanmasından sonra sonuncunun özünə Cavabdeh soyadını, yəni “Babayeva” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Şahbuz rayon Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli, AZ-İİ seriyalı, 507600 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxx 2010-cu il tarixdə Babayeva Pəri Sönməz qızı adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, AZ-İİ seriyalı, 856640 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxx 2013-cü il tarixdə Babayev Məhəmməd Sönməz oğlu adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 966498 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxxxx 2017-ci il tarixdə Babayev Adəm Sönməz oğlu adlı uşağının anadan olması; -işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatlarından və iddia tələbindən tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların isə İddiaçı yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb etməsidir. Belə ki, iddiaçı iddia ərizəsində övladları Babayeva Pəri Sönməz qızı, Babayev Məhəmməd Sönməz oğlu və Babayev Adəm Sönməz oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay aliment tutularaq ona verilməsini tələb etmişdir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin üç uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.3-cü maddəsinə 3 uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Şahbuz Rayon Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.1.1 və 8.1.2-ci maddələrində məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş aliment tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 20 (iyirmi) manat məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan xx xxxx 2010-cu il təvəllüdlü Babayeva Pəri Sönməz qızının, xx xxxx 2013-cü il təvəllüdlü Babayev Məhəmməd Sönməz oğlunun və xx xxxxxx 2017-ci il təvəllüdlü Babayev Adəm Sönməz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) ½ hissəsi miqdarındaaliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; - Cavabdeh 20 manat (iyirmi) miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan xx xxxx 2010-cu il təvəllüdlü Babayeva Pəri Sönməz qızının, xx xxxx 2013-cü il təvəllüdlü Babayev Məhəmməd Sönməz oğlunun və xx xxxxxx 2017-ci il təvəllüdlü Babayev Adəm Sönməz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) ½ hissəsi miqdarındaaliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 20 manat (iyirmi) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-124/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-124/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver