Məhkəmə qərarları › İş №2(090)-133/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-133/2020

28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-133/2020 28.10.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərinə cəlb edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı xx xxxxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 2020-ci ilin sentyabr ayından başlayaraq xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X2 təhsilini başa vurmasınadək hər ay Cavabdeh 200 (iki yüz) manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 2002-ci ildə faktiki ailə qurmuşam. Nikahımız rəsmi qeydiyyata alınmayıb. Cavabdehlə el adəti ilə ailə qurmuşduq. Birgə ailə həyatımızdan xx xxxxxx 2003-cü il tarixdə X3 adlı uşağımız doğulub. Lakin aramızda yaranan narazılığa görə sonradan ayrıldıq və uşaq mənim himayəmdə yaşayır. Məhkəmə qərarı ilə ayda 140 manat aliment alıram. Hazırda qızım Xəyalə Gəncə Dövlət Regional Kollecinin “Təhsil ixtisasları” şöbəsinin “Ailə və ev təhsili” ixtisasının İİİ kursunda təhsil alır və Gəncə şəhərində kirayədə yaşayır. Qızımın təhsil alması üçün ayda orta hesabla 400 manatdan çox pul xərcləyirəm. İstəyirəm ki, həmin xərcin 1/2 hissəsini cavabdeh ödəsin. Hesab edirəm ki, cavabdeh bir valideyn kimi uşağın yüksək səviyyədə təhsil almasını təmin etməyə borcludur və buna cavabdehin kifayət qədər imkanları vardır. O, fərdi əməklə məşğul olur, maddi imkanları kifayət qədərdir. Lakin cavabdeh könüllü olaraq uşağın əlavə xərclərində iştirak etməkdən imtina edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin X3 adlı bir uşağının olması, həmin uşağın hazırda Gəncə Dövlət Regional Kollecinin “Təhsil ixtisasları” şöbəsinin “Ailə və ev təhsili” ixtisasının İİİ kursunda əyani təhsil alması və Gəncə şəhərində yaşaması mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Şəmkir Rayonu Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2004-cü il tarixli, AZ-İ seriyalı 428433 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin xx xxxxxx 2003-cü il tarixdə X3 adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Regional Kolleci tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 01/696 nömrəli məktubundan X2 “Təhsil ixtisasları” şöbəsinin “Ailə və ev təhsili” ixtisasının İİİ kursunda əyani təhsil alması; -həmçinin iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli kirayə müqaviləsindən X2 Gəncə şəhərində kirayədə yaşaması aydın olur. İddiaçı Cavabdeh qarşı X2 təhsil alması ilə bağlı əlavə xərclərə cəlb edilməsini tələb etməsi isə mülki işin mübahisə halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları və qanunvericiliyin tələbləri daxilində bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarda qeyd olunur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. İddiaçının tələbindən və məhkəmə təqdim etdiyi sənədlərdən aydın olur ki, onun və cavabdehin ümumi övladı olan X3 hazırda Gəncə Dövlət Regional Kollecində əyani təhsil alır və iddiaçı Cavabdeh uşağın təhsil alması ilə bağlı yaranmış xərclərdə iştirakına cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4 və 58.5-ci maddələrinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Onlar uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli Qanununun 19.4, 19.6, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, peşə və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda sözü gedən qərarında formalaşdırğı hüquqi mövqeyə görə valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qərarında qeyd etmişdi ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. X2 hazırda Gəncə Dövlət Regional Kollecində aldığı təhsil isə ümumi orta təhsil səviyyəsinə aid olmadığından İddiaçı tələbi əsaslı sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia rədd olunmalı; - İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərinə cəlb edilməsi tələbi əsaslı sayılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərinə cəlb edilməsi tələbi əsaslı sayılmadığından təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar